toy

Toylar bizə necə “toy tutur?”

Baxış sayı: 1. 730

Xalqımızın toy kimi bir adəti var. Amma bu adəti bayağılaşdırıb hansı vəziyyətə salmışıq? Qohumdan, qonşudan geri qalmamaq üçün çox zaman borca girərək etdiyimiz toy yeni qurulan ailənin təməlini laxladır. Həyatımızın ən xoşbəxt anı olan toy əslində bir çoxları üçün çəkilməz həyat yükünə çevrilib. Toyun məqsədi şadlıq olsa da, son illər insanlar, demək olar ki, bu məqsəddən xeyli uzaqlaşıblar. Bugünkü toylarımızda əsas problem yemək-içməklə bağlıdır. Əvvəllər toylarda daha çox istirahət edib əylənirdiksə, bu gün toy yorucu məcburiyyətə çevrilib. Əslində, mərasimlərimiz adət-ənənələrə məxsus çərçivələri çoxdan aşıb. Toya çəkilən xərc, toylarımızdakı dəbdəbə isə bir çox hallarda toy sahiblərinin imkanlarının reklamına xidmət edir. İmkanı olmayan təbəqə də həmin axına qoşulmaq məcburiyyətində qalır.

 

Toylardakı israfçılığın qarşısını almaq üçün inzibati metodlardan da istifadə etmək olar

Şadlıq sarayılarında vəziyyət o həddə çatıb ki, toy sahibi bəzən borca girərək toyu yola verməyə çalışır. Bundan başqa, toya gedən insanlar da soyulurlar. Oradakı qiymətlər orta statistik azərbaycanlının büdcəsilə tərs mütənasibdir. Millət vəkili Qənirə Paşayeva da toy mərasimlərimizdə yeməklərin bu qədər çox olması, bu qədər israfçılığın olması və qiymətlərin şişirdilməsinin əslində vətəndaşın soyulmasından başqa bir şey olmadığını deyir:

“Hesablasaq görərik ki, normal insan oradakı yeməklərin heç 1/3-i qədər də yemək yemir. Demək olar ki, toya gedənlərin əksəriyyəti orta yaşdan yuxarı insanlardır. Çoxu da 20-30 dəqiqə ərzində pulunu yazdırıb çıxmalı olur. Toyun səsindən oturmaq olmur, şadlıq evindən çıxanda çox zaman başın fırlanır. Musiqi səsinin nizama salınması, israfçılığa son qoyulması ciddi şəkildə həll olunmalı olan problemlərdir. Bundan əlavə, müvafiq qurumlar bu məsələyə ciddi əl qoymalıdırlar, ziyalıların, KİV nümayəndələrinin köməyi ilə toylardakı mövcud vəziyyət dəyişməlidir. Lazımdırsa inzibati metodlardan istifadə etmək olar və həm də təbliğat-təşviqat vasitəsilə qarşısını almaq olar”.

Şadlıq saraylarımızdakı mənzərə xarici qonaqları da çox təəccübləndirir. Toy edən insanların bir qrupu elin qınağından çəkinərək “hər kəs belə edir, mən də edim” deyə toylarını bu şəkildə dəbdəbəli, təmtəraqlı etməyə çalışırlar, digər qisim insanlara isə şadlıq sarayı hər hansı yeməyi menyudan çıxarmağa imkan vermir. Q. Paşayevanın sözlərinə görə, Milli Məclisin sessiyası başlayanda millət vəkilləri olaraq bu məsələləri dilə gətirəcəklər. Sessiya ilə bərabər müvafiq qurumlar da addımların atılmasına cəhd etməlidir.

“Orta statistik azərbaycanlı üçün, məsələn, jurnalist ailəsi olsun, müəllim ailəsi olsun, bir ayda iki toya getmək nə qədər çətindir. Toylarda insanlar nə qədər yemək yeyir, bunun da maksimum qiymətlərini hesablamaq olar. İnzibati metodlar, qanunvericilikdə dəyişikliklə yanaşı maarifləndirmə də lazımdır. İnsanlar anlamalıdırlar ki, toylarda 12 cür, 15 cür yemək verilməsi heç bir göstərici deyil və toya gələnlərə də nə qədər zərərdi. Dövlət qurumları bununla bağlı nəzarət mexanizmlərini işləsələr, bunun həlli çox da çətin bir məsələ deyil”.

toy

Toya yazılan pul evlənən cütlüklərə çatmır

Toya pul yazılması bu gün borc olsa da, əslində bu adətin vaxtilə öz vacib əhəmiyyəti olub. Belə ki, məclis iştirakçıların evlənən cütlüklərə hədiyyə kimi verdiyi pul onların yeni qurduqları ailələrinə müəyyən kömək məqsədi daşıyırdı. Ailə bu pulla çatışmayan problemlərini həll edirdi. İndi vəziyyət o həddə çatıb ki, bu pul nəinki evlənənlərə çatmır, hətta onların şadlıq sarayına çəkdikləri xərci belə ödəmir.

 

Dünya təcrübəsindən faydalana bilərik

Məlumat üçün qeyd edək ki, şadlıq evindən asılı olaraq bu gün masaların qiyməti 30-35 AZN-dən, 300-350 AZN-ə qədər dəyişir. Əgər əvvəl toy sahibini toyun necə keçməsi maraqlandırırdısa, indi yemək menyusu daha vacibdir. Heç şübhəsiz menyudakı yeməklərin sayındakı artım, masanın qiymətinə də bir o qədər təsir edir. Maraq xatirinə qonşu ölkələrin təcrübəsinə ötəri nəzər salsaq, bu sahədə bizdən bərbad gündə olanı görməyəcəyik. Götürək elə Tacikistanı. Toy və yas mərasimləri ilə bağlı Tacikistan prezidentinin sərəncamı var. Bu ölkədə toy məclisinə nə qədər adam çağırıla, ən yüksək məbləğ neçə manat təşkil edə bilər və digər məqamlar müəyyənləşdirilib. Böyük Britaniyada, Şotlandiyada mərasimlərdə evlənənlərə hədiyyə almaq üçün xüsusi mağazalar var. Burada 20 funt-sterlinqdən 3 min funt-sterlinqə qədər dəyərdə hədiyyələr qoyulub, qonaq cibinə uyğun hədiyyə seçir, qəbzi evlənənlərə təqdim edirlər. Həm də, kim nə yeyəcəksə, onu sifariş edir. Biz də bu təcrübələrdən faydalana bilərik.

 

Vahid qiymət, vahid menyu bazar qanunlarına ziddir

Bəzi qonşu ölkələrin təcrübəsində vahid qiymət, vahid menyu tətbiq edilir.  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, Azərbaycanda bunun tətbiqi mümkün deyil. “Bu, bazar iqtisadiyyatıdır, vahid qiymət və menyu isə bazar qanunlarına ziddir”.

E. Hüseynov deyir ki, toy sahibi ilə şadlıq evinin rəhbərliyi arasında müqavilə bağlanılmasına çalışmaq lazımdır. Müqavilə olarsa, məhkəmələrdə şadlıq sarayının rəhbərliyinə qarşı iddia qaldırmaq mümkündür.

Birlik sədri hesab edir ki, daha yaxşı olar ki, vətəndaşlar yeri icarəyə götürüb “isveç stolu” açsınlar: “ Mən bir çox ölkələrdə toylarda olmuşam, adətən, “isveç stolu” olur. Daha yaxşı olar ki, bizdə də vətəndaşlar yeri icarəyə götürüb (bu şadlıq evi olmasa da olar) bir “isveç stolu” aça bilər. Qoy qonaqlar özlərini rahat hiss etsin, gəzsin, oynasın. Daha yaxşı olar ki, musiqi bir zalda olsun, yemək-içmək digər bir zalda. Əhalini şadlıq evlərini boykot etməyə, geniş çadır toyları etməyə çağırıram. Belə toylar daha mükəmməl olar”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir