toy

Toylarımız bizə necə “toy tutur”?

Baxış sayı: 157

Xalqımızın toy kimi bir adəti var. Amma bu adəti bayağılaşdırıb hansı vəziyyətə salmışıq? Qohumdan, qonşudan geri qalmamaq üçün çox zaman borca girərək etdiyimiz toy yeni qurulan ailənin təməlini laxladır. Həyatımızın ən xoşbəxt anı olan toy əslində bir çoxları üçün çəkilməz həyat yükünə çevrilib. Toyun məqsədi şadlıq olsa da, son illər insanlar, demək olar ki, bu məqsəddən xeyli uzaqlaşıblar. Bugünkü toylarımızda əsas problem yemək-içməklə bağlıdır. Əvvəllər toylarda daha çox istirahət edib əylənirdiksə, bu gün toy yorucu məcburiyyətə çevrilib. Əslində, mərasimlərimiz adət-ənənələrə məxsus çərçivələri çoxdan aşıb. Toya çəkilən xərc, toylarımızdakı dəbdəbə isə bir çox hallarda toy sahiblərinin imkanlarının reklamına xidmət edir. İmkanı olmayan təbəqə də həmin axına qoşulmaq məcburiyyətində qalır.

 

 

Toya yazılan pul evlənən cütlüklərə çatmır

Toya pul yazılması bu gün borc olsa da, əslində bu adətin vaxtilə öz vacib əhəmiyyəti olub. Belə ki, məclis iştirakçıların evlənən cütlüklərə hədiyyə kimi verdiyi pul onların yeni qurduqları ailələrinə müəyyən kömək məqsədi daşıyırdı. Ailə bu pulla çatışmayan problemlərini həll edirdi. İndi vəziyyət o həddə çatıb ki, bu pul nəinki evlənənlərə çatmır, hətta onların şadlıq sarayına çəkdikləri xərci belə ödəmir.

 

Dünya təcrübəsindən faydalana bilərik

Məlumat üçün qeyd edək ki, şadlıq evindən asılı olaraq bu gün masaların qiyməti 40-45 AZN-dən, 300-350 AZN-ə qədər dəyişir. Əgər əvvəl toy sahibini toyun necə keçməsi maraqlandırırdısa, indi yemək menyusu daha vacibdir. Heç şübhəsiz menyudakı yeməklərin sayındakı artım, masanın qiymətinə də bir o qədər təsir edir. Maraq xatirinə qonşu ölkələrin təcrübəsinə ötəri nəzər salsaq, bu sahədə bizdən bərbad gündə olanı görməyəcəyik. Götürək elə Tacikistanı. Toy və yas mərasimləri ilə bağlı Tacikistan prezidentinin sərəncamı var. Bu ölkədə toy məclisinə nə qədər adam çağırıla, ən yüksək məbləğ neçə manat təşkil edə bilər və digər məqamlar müəyyənləşdirilib. Böyük Britaniyada, Şotlandiyada mərasimlərdə evlənənlərə hədiyyə almaq üçün xüsusi mağazalar var. Burada 20 funt-sterlinqdən 3 min funt-sterlinqə qədər dəyərdə hədiyyələr qoyulub, qonaq cibinə uyğun hədiyyə seçir, qəbzi evlənənlərə təqdim edirlər. Həm də, kim nə yeyəcəksə, onu sifariş edir. Biz də bu təcrübələrdən faydalana bilərik.

 

Toylarda istehlakçı hüquqları pozulur

“Şadlıq evlərində istehlakçıların hüquqları birmənalı şəkildə bütün parametrlər üzrə pozulur”. Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir.  Baxmayaraq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən iki il öncə şadlıq evlərinin standartını hazırlanıb, birlik sədri hələ də buna əməl olunmadığı deyir. “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən iki il öncə stolların, stulların sayı, yemək, zal, akustika və sairlə bağlı şadlıq evlərinin standartını hazırlayıb. Lakin bu standartın xoşməramlı niyyəti havada qalıb və hələ də tətbiq olunmur. Ən pisi isə odur ki, istehlakçılar bu məsələdən məlumatsızdırlar.”

toylar

Vahid qiymət, vahid menyu bazar qanunlarına ziddir

Bəzi qonşu ölkələrin təcrübəsində vahid qiymət, vahid menyu tətbiq edilir. Ekspert hesab edir ki, Azərbaycanda bunun tətbiqi mümkün deyil. “Bu, bazar iqtisadiyyatıdır, vahid qiymət və menyu isə bazar qanunlarına ziddir”.

E. Hüseynov hesab edir ki, toy sahibi ilə şadlıq evinin rəhbərliyi arasında müqavilə bağlanılmasına çalışmaq lazımdır. Müqavilə olarsa, məhkəmələrdə şadlıq sarayının rəhbərliyinə qarşı iddia qaldırmaq mümkündür.

Birlik sədri hesab edir ki, daha yaxşı olar ki, vətəndaşlar yeri icarəyə götürüb “isveç stolu” açsınlar: “ Mən bir çox ölkələrdə toylarda olmuşam, adətən, “isveç stolu” olur. Daha yaxşı olar ki, bizdə də vətəndaşlar yeri icarəyə götürüb (bu şadlıq evi olmasa da olar) bir “isveç stolu” aça bilər. Qoy qonaqlar özlərini rahat hiss etsin, gəzsin, oynasın. Daha yaxşı olar ki, musiqi bir zalda olsun, yemək-içmək digər bir zalda. Əhalini şadlıq evlərini boykot etməyə, geniş çadır toyları etməyə çağırıram. Belə toylar daha mükəmməl olar”.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir