qizil

Toylarla dirçələn sektor

Baxış sayı: 645

Deyirlər, qızıl gəlinin bəzəyidir. Oğul evləndirən ananın ilk düşündüyü gəlinə alacağı qızıl-zinət əşyalarıdır. Təbii ki, hər kəs zinət əşyalarının ən yaxşısını, ən gözəlini istəyir. Sözsüz ki, cibinin imkan verdiyi dərəcədə… Xalqımızın bir çox hallarda “qara gün” üçün saxladığı qızıl pandemiyada ən ağır dövrünü yaşadı. 2 ilə yaxın müddətdə şənlik mərasimlərinin olmaması ən çox qızıl bazarına təsir etdi.

Qızılın qara günləri iyulun 1-dən etibarən geridə qalıb. Toyların təşkilinə verilən icazə bazarda müəyyən qədər canlanmaya səbəb olub. Vəziyyəti yerindəcə müşahidə etmək üçün Bakının qızıl satılan mağazalarına yollanırıq.

Qızıl bazarında sakitlik hökm sürür. Kimi piştaxtanın arxasında yemək yeyir, kimi telefonla oynayır, kimi həmkarı ilə söhbətləşir. Bir vaxtlar qulaq batıran səs-küydən əsər-əlamət yoxdur. Parıltısı ilə göz oxşayan zinət əşyaları sahibini gözləyir. Gələn müştərilər də qiymətlərlə razılaşmayıb, başını bulayıb keçirlər.

Satıcı Rüstəm piştaxtanın arxasında müştəri gözləyir. Vitrinə yaxınlaşdığımızı gördükdə sevincək ayağa qalxır və qızıllarını təqdim etmək istəyir. Jurnalist olduğumuzu bildikdə, heyfsilənir və narazı şəkildə bizimlə söhbətləşir. Deyir ki, alıcılıq qabiliyyəti çox aşağıdır və insanlar ucuz mal almaq istəyir: “Pandemiyadan əvvəlki və sonrakı vəziyyət çox fərqlidir. Qızıl bazarı durğunluq dövrünü yaşayır. Əvvəllər müştərilər qiyməti baha olan mala üstünlük verirdisə, bu gün qramı az və qiyməti münasib mal almaq istəyirlər. Alıcılıq qabiliyyəti çox aşağıdır”.

Amma artıq toy bazarlığı üçün qızıl bazarına üz tutanlar var. Onları da qızılların qiymətləri qane etmir. Sürəyya xanım oğluna toy etməyə hazırlaşır. Gəlindən öncə, qızıl qiymətləri ilə maraqlanmaq üçün gəlib: “Oğlum 3 ildir nişanlıdır. Gözümüz, qulağımız Operativ Qərargahın təşkil etdiyi brifinqdə idi. Nəhayət, toy mərasimlərinin təşkilinə icazə verildi. Lakin 150 nəfərlik limit bizi çətin vəziyyətə salır. Çünki toydan pul yığa bilməsəm, qızıl almaqda çətinlik çəkəcəyik. Qiymətlər də cib yandırır. Ən ucuz komplekt 4 min manatdır. Hələ gəlinimin nəyi bəyənəcəyini, nəyi seçəcəyini bilmirəm. Belə görürəm bazara ən az 5 min manatla gəlməliyəm”.

Parıltısı ilə göz oxşayan növbəti piştaxtaya nəzər salırıq. Qaynanası ilə qızıl bəyənməyə gələn gəlin əlindəki dəstin qiymətini soruşur: 25 min… Satıcıdan daha ucuz variantlarını göstərməyi xahiş edir.

Toya hazırlaşan gəlin namizəd deyir ki, əlində olan bütün məbləği qızıla vermək istəmir: “Bu yaxınlarda toyum olacaq. Bir çox gəlinlər kimi mən də qızıl alış-verişinə gəlmişəm. Zövqü və məbləği bir araya gətirməyə çalışıram. Təbii ki, qızıl zinət əşyaları hər gün istifadə olunmur. Biz adətən özəl günlərdə taxırıq. Digər xərcləri gözardı edib əlimizdə olan bütün məbləği də qızıla vermək istəmirəm. Getdiyim ailənin durumunu nəzərə almışam. Çünki mən o ailə ilə yaşayacağam və istəməzdim ki, çox xərcə düşsünlər. Ona görə də qiymətlərdə nisbətən ucuz olanlara üstünlük verəcəyəm”.

Qiymətlərə gəldikdə, bu, qızılın qramına, əyarına, istehsal edildiyi ölkəyə görə dəyişir. Nişan üzükləri 500 manatdan 3000-ə qədər qiymət intervalındadır. Dəstlərin qiymətləri 2000 manatdan başlayır, qaşlarının dəyərinə görə 40 000-ə qədər yüksəlir. Təbii ki, gündəlik istifadəyə yararlı, qramı az qızıllar da var. Onları 150 manatdan 500 manata qədər almaq olar.

Ata oğlu ilə münasib qızıl dəsti axtarır: “Oğlum Şakir artıq 2 ilə yaxındır ki, nişanlanıb. Pandemiyanın sonunu gözləyirdik ki, adətlərimizə uyğun, dədə-baba qaydası ilə toy edək. Çox şükür ki, artıq toylara icazə verildi. Düzdür, qonağımız çoxdur, məcbur olub sayını 150-yə qədər azaltdıq.  İndi gəlinimizə qızıl almağa gəlmişik. Məncə, qiymətlər çox dəyişməyib, endirim də edirlər. Sadəcə, seçim böyük deyil. Elə bil ki, satıcılar toy mövsümünə hazır deyildi və keçən ilin modellərini satırlar. Köhnə model də olsa, biz artıq seçdik. Allah bütün subaylara qismət etsin”.

Köhnə modellər məsələsinə münasibət bildirən satıcı Arif deyir ki, satış olmayanda yenisini sifariş etmək də olmur: “Qızılın qiyməti artıb deyə, alıcılıq qabiliyyəti aşağı düşüb. Toylar başladığı üçün canlanma var, amma əvvəlki ilə müqayisəedilməz dərəcədə azdır. Pandemiyada hamı qızılı onlayn satırdı. Bu zaman da satışdan gələn pullar xərcləndi. Heç kim yeni məhsul almadı. İndi köhnə məhsulları satmağa çalışırıq. Hamı ucuz olduğu üçün 585 əyyar alır. İnsanlar bahalı malı ala bilmirlər. Pandemiya sahibkarlara və özəl ticarət mərkəzlərinə çox pis təsir etdi. Özümüzə gəlməyimiz üçün illər lazımdır”.

Satıcı Leyla da satışın az olmasından şikayətlənir: “Vallah, 2 il alverimiz demək olar ki, sıfır idi. İndi yavaş-yavaş camaat gəlməyə başlayır. Sadəcə, pandemiyadan qabaqkı satış yoxdur. Ümid edirəm ki, toylar çoxalacaq. Mallarımız əsasən Türkiyədən gəlir, amma yerli istehsal da var. Cürbəcür qiymətlərdir, hamının zövqünə və cibinə uyğun üzük və yaxud dəst təklif edirik”.

Satıcının sözlərinə görə, onlayn alış-verişdə alıcılara mal bəyəndirmək çətin olur: “Pandemiya vaxtı satış ancaq onlayn olurdu. Onlayn da hər adam bəyənmirdi. Baxın, adam çox azdır. İnsanlarda alıcılıq qabiliyyəti azalıb. Mənim vitrinimdə qızıllar 2500-3000 manatdan başlayır, 40 000-ə qədər qalxır. Qızıl bahalaşıb deyə, daha çox 585 əyara tələbat var. Brilyantı demək olar ki, almırlar. Halbuki, əvvəllər hamı gəlininə brilyant qaş almağa üstünlük verirdi. İndi hamı ucuz, qiyməti aşağı mal almaq istəyir”.

Toy başlayanda oğlan evi qızıl, qız evi cehiz axtarışına çıxır. Bəs görək, mebel bazarında vəziyyət necədir?

Ölkə bazarında Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Çin, İtaliya, Almaniya, istehsalı olan mebellər satılır. Qiymətlər mebelin dizaynına, keyfiyyətinə, materialına, hətta rənginə uyğun dəyişir. Yerli istehsal nisbətən ucuz olduğundan tələbat da daha çoxdur.

Mebel seçən ana və qızına yaxınlaşırıq. Onlar tək yataq otağı dəstləri istəyirlər: “Qızım qaynanası ilə birlikdə yaşayacaq. Vəziyyətə görə, hamı bir-birini başa düşür. Qaynanası deyib ki, ancaq yataq otağı dəsti gətirsin. Evdə başqa mebelə ehtiyac yoxdur. 2000 manata birini bəyənmişik. Əgər bizə kredit versələr, alırıq”.

Satıcı Arzu deyir ki, mebel bazarında vəziyyət çox acınacaqlıdır: “3 ildir ki, mebel bazarı durğunluq yaşayır. Yan-yörəmdəki mağazalar artıq bağlanıb. İnsanlar əvvəlki kimi cehiz almırlar. Ən əsası, hər kəs keyfiyyətini belə düşünmədən ucuz mal istəyir. Adam var ki, 10 000-i tək dəstə verir, adam da var 10 000-ə bütün cehizlərini alır. Ümid edirik ki, toyların başlaması vəziyyətimizi az da olsa, düzəldər”.

Alıcı Vüsalə isə qiymətlərin bahalığından şikayətlənir. Həmsöhbətimiz deyir ki, kreditlə nağd satış qiymət baxımından bir-birindən kəskin şəkildə fərqlənir: “Türkiyədən gəlib Azərbaycanda yığılan məhsulların satışında güzəşt, endirim olur. Amma başqa ölkələrin ixrac etdiyi mebellər kütləvi şəkildə bahalaşır. Hansı ki, sən vaxtilə türk istehsalı olan mağazadan 2500 manata mebel ala bilərdinsə, indi o qiymətə alış-veriş mümkün deyil. 15 000 manatdan yuxarı mebellər xarici istehsaldır. Camaat ucuzluğa görə bizim məhsullara üstünlük verir. Mətbəx mebeli 250 manatdan başlayır. Amma vaxt var idi 180 manatdan başlayırdı. Orta yataq otağı mebeli 3000 manat civarındadır. Qonaq otağı divan xaric olmaqla, nisbətən ucuz başa gəlir. Stol-stullar isə çox bahadır”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir