tukenmislik

Tükənmişlik sindromu niyə yaranır?

Baxış sayı: 1. 386

Tükənmisən, artıq davam edə bilmirsən? Bu haldan necə qurtulmalı?

Bir fikri 10 dəqiqədən çox analiz ediriksə, deməli, problem var.

Elə olur ki, insan son nöqtəyə çatdığını hiss edir, tükənir. Nəsə eləmək, yerindən qalxmaq belə istəmir. Özünü məcbur etdikdə, çox şeyi itirəcəyinin fərqinə vardıqca belə, durğunluq və onu halsız edən məyusluqdan qurtula bilmir. “Tükənmişəm, artıq yorulmuşam” deyir. Bəs çıxış yolu varmı?

Mütəxəssislərin fikrincə, bu hala dırnaqarası baxmaq, “keçib gedər demək” düzgün deyil. Tükənmişlik sindromu arxasınca xəstəlik, şəxsi və işgüzar həyatda itkilər gətirir. Ona görə ki, insanın normal olmağa, problemləri həll etməyə, fəaliyyət göstərməyə belə heyi qalmır.

 

Tükənmişlik sindromu niyə yaranır?

Psixoloq Murad İsayevin sözlərinə görə, tükənmişlik sindromu zamanı insan həyatdan zövq ala bilmir, günlər onun üçün mənasız keçir: “Adətən ağır psixoloji travmalardan sonra özümüzü belə hiss edirik. Tükənmək mübarizə aparmaqdan yorulmaqdır. İnsan nə üçünsə çapalayır, əziyyət çəkir, amma səylərinin yaxşı nəticə vermədiyini görəndə depressiv vəziyyətə düşür”.

M.İsayev bildirir ki, problemi vaxtında həll etmədikdə beyində qalır və müəyyən müddət keçəndən sonra fəsadlar verir: “Bu səbəbdən də “Zamana burax, hər şey düzələcək” demək düzgün deyil. İnsan daim yarımçıq qalan məsələni düşünür. Onda nevroz və psixi xəstəliklər formalaşmağa başlayır. Hal-hazırda cəmiyyətdə nevrozlu insanlar var. Nevroz beyində gedən proseslərin bədəndə sinir sistemindəki çıxışıdır. Nevrozun nəticəsi kimi insanda hətta ürək tutmaları, baş ağrıları, əlin, qolun tutulması da müşahidə oluna bilər. Lakin nevroza səbəb olan yarımçıq qalan məsələnin üstünə vaxtında düşsəydi, problemi həll edəcək və rahat olacaqdı”.

Bakı əhalisi çox olan şəhərdir. Burada, təbii ki, nəqliyyatda, ictimai yerlərdə insanlar bir-biri ilə kobud rəftar edirlər. Bunların da hamısı damcı-damcı toplanır, aqressiya, şiddətə meyl yaradır. Aqressiya da yaxın insanlara, ailə üzvlərinə yönəlir və ailədaxili konfliktlərə səbəb olur. Stəkana axırıncı daş düşür və daşır. Daşmasına qədər onu boşaltmaq lazımdır. Mütləq daxili enerjini boşaltmaq lazımdır. Ona görə tükənmişlik sindromuna girməzdən əvvəl hər gün insan fikirlərinə nəzər salmalıdır. Əgər bir fikri beynimizdə gün ərzində 10 dəqiqədən çox analiz ediriksə, deməli, ortada problem var.

Image result for TÜKƏNMİŞLİK SİNDROMU
Fikir insanı məhv edir

Tükənmişlik sindromu zamanı insan hiss edir ki, həqiqətən də gücü çatmır. Beyni yorulub. Eyni problemi o qədər təhlil edib düşünüb ki, artıq həlli yollarını tapmır.

Psixoloq deyir ki, insana zülm edən travmatik fikir varsa, vaxtında kökünü tapıb çıxartmalıdır. Əks halda o böyüyəcək və beyində şaxələnməyə başlayacaq. Zaman keçdikcə şaxələr artacaq. Bunu bir hava şarı kimi təsəvvür edin. Hava şarına hava verdikcə böyüyür. İçi boşdur, amma həcmi artır. Həcm genişlənir və beyinə artıq başqa heç bir şey düşünməyə imkan vermir. Hava şarı tamamilə beyni tutur. İnsanı xroniki yorğunluğa, motivasiyasızlığa da salır.

Tükənmişlik sindromu ilə mübarizə aparmaq üçün birinci növbədə iradə lazımdır. İradə sayəsində fikirlərə nəzarət etmək mümkündür. Fikirləri idarə etməyin ən gözəl yolu bədəni aktiv saxlamaqdır. Əgər bir insanın bədəni fiziki aktivdirsə, özünü fikir çəkməklə az yorur. Söhbət qab-qaşıq yumaq, işə getməkdən getmir. İnsan gün ərzində heç, olmasa, bir saat təmiz havada gəzməli, yarım saat qaçmalı, həftədə iki-üç dəfə idman etməli, aerobika və ya trenajor zalına getməlidir. Əks halda onda neqativ kütləvi enerji yığılacaq. O neqativ kütləvi enerji də bir müddətdən sonra çıxmaq istəyəcək. Neqativ enerjinin çıxmaq üçün ən gözəl yolu fikirdir. Çünki enerjini ya bədən yandırmalıdır, ya da ki beyin. Biz bədənimizi passiv saxladığımıza görə beynimiz yandırır. Beynimizə də bir problem lazımdır. Problem də ki, ətrafda doludur. Problemi fikirləşərək daha da özümüzə qapanmağa başlayırıq. Bir müddət sonra fikri idarə edə bilmir və əsiri oluruq.

Related image

Daim həyatdan narazı olanlar da var…

Tükənmişlik sindromu xəstəliklərə aparan bir yoldur. İnsan ani olaraq bu vəziyyətə düşür. Həyatdan bezir və bu hal davam etdikcə hansısa bir xəstəliyə tutulur.

Tükənmişlik sindromu zamanla və ya müalicə olunmaqla keçir. Lakin elə adamlar var ki, əksər hallarda məyus görünürlər, həyat onlara mənasız və rəngsiz gəlir. Hər nə olsa da həyatdan həmişə narazı qalırlar. Belə adamlar psixopatik tipdir. Onlar tez-tez pessimistliyə qapılırlar. Bu cür xasiyyət 18 yaşda formalaşır və ömrün axırına qədər davam edir. Amma həyatdan küskünlük 23-24 yaşda yaranıbsa, bunun səbəbi var. Səbəbi tapıb problemi həll etmək olar.

Həyatdan küskünlük və həssaslıq adətən yeniyetməlik dövründə müşahidə olunur. Tükənmişlik sindromu xanımlarda menopauza (klimaks), kişilərdə isə cinsi fəallığın yaranma dövründə daha çox rast gəlinir. Kişilər bu dövrdə şəxsiyyətlərini təsdiqləyə bilmirlərsa, onlarda natamamlıq kompleksi yaranır. Qadınlarda isə fizioloji probemlər özünü göstərir. Klimaks dövründə estrogen sintezində müəyyən axsamalar baş verdiyi üçün orqanizm həssas olur. Əsasən 45 yaşdan yuxarı qadınlar bu mərhələni keçirlər. Bu dövrdə qadınlarda tükənmişlik sindromu, ya da əsəbilik müşahidə olunur.

 

Tükənmişlik sindromu ilə necə mübarizə aparmalı?

Psixologiyada hər zaman deyilir ki, bir problem varsa, onun üstünə get. Tükənmişlik sindromunda insan özünə qapanır və heç nəyə həvəsi olmursa, bunların əksinə getməlidir. Daha çox adam içində olmalı, fiziki aktivliyə özünü məcbur etməlidir. Misal üçün, rəqs etməli, idmana yazılmalıdır. Onda tədricən görəcək ki, yaşamağa həvəs də yaranır. Özünü güclü hiss etməyə başlayacaq, əhvalı da normal olacaq.

Psixoloq izah edir ki, orqanizmdə müəyyən xoşbəxtlik hormonları var ki, ruh düşkünlüyünə qapılanda neqativ fikirlərin təsirindən hormonlar azalır. Amma insan hərəkət etdikcə hormonlar artmağa başlayır.

Qeyd edək ki, tükənmişlik sindromundan qurtulmaq üçün axına qarşı üzmək bacarığı tələb olunur. İstəmədikdə, bezdikdə belə gərək davam edəsən, özünü məcbur edəsən. Bu sindrom insanı tədricən öldürən zəhərə bənzəyir. Zəhərin zərərsizləşdirilməsi isə yalnız sizin özünüzə qarşı çıxa bilməyinizdir. “Bezmişəm və istəmirəm” fikirləriniz “Buna baxmayaraq etməliyəm”lə əvəz olunmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir