cay

Türkəçarələr dərdimizə çarə ola bilirmi?

Baxış sayı: 1. 904
Azərbaycanın bədii kinolarında, nağıllarımızda, dastanlarımızda hər zaman xəstəliklərin türkəçarə reseptləri barədə eşitmiş və oxumuşuq. Mələsən, “Ögey ana” filmində xalq artistimiz Nəsibə Zeynalovanın öskürəyi kəsmək üçün verdiyi türkəçarə reseptini yəqin ki, filmə baxan hər kəs xatırlayır. 
Belə ki, ögey ana rolunu canlandıran Dilarə həkimin yanından çıxan xəstənin əlində dərman şüşəsini görən “Fatmanisə” (Nəsibə Zeynalova) nənə həmin xəstəyə dərmandan da faydalı ola biləcək belə bir türkə çarə resepti demişdi: “Dərmandansa bir az sarımsaq kötüyünü eşşək südündə qaynat iç, xırt öskürək kəsilsin. Bir az da içinə qırmızı istiot töksən lap yaxşı olarsan”.
Onun bu türkəçarə reseptinə irad tutub əsəbiləşən Dilarə həkimə rəhmətlik xalq artisti isə belə cavab verir: “Biz ata babadan belə adət eləmişik. Kimini küpə ilə, kimini çıldaq ilə, kimini dua, kimini də qan almaqla yaxşı eləmişik”.
Həmin filmin başqa bir epizodunda isə Dilarənin qızı Cəmilənin qızdırması olur, yenə qarı nənə – Nəsibə Zeynalova öz türkəçarə məsləhətini digər qarı ilə müzakirə edir: “Sözə qulaq assaydı deyərdin ki, o qızı qoyun dərisinə salsa, bədənini yumşaldıb mum kimi yaxşı edər, itburnu çiçəyi qızdırmanın qənimidir, bıçaq pendiri kəsən kimi kəsir”.
Filmlərimizdən, nağıllarımızdan bu kimi misalları çoxlu sayda gətirmək olur. Buradan da göründüyü kimi, vaxtilə nənələrimiz, babalarımız məhz belə təbii vasitələrlə özlərini sağaldır, dərmana o qədər də üstünlük vermirdilər. İndinin özündə də bu cür türkəçarələrə, çiçəklərə, otlara üstünlük verənlər az deyil. Hətta kimyıvi dərmanın bir yerə faydalı olub, digər yerə zərərli olduğunu düşünənlər var. Ümumiyyətlə, türkəçarələr hər zaman xalqımızın vazkeçilməz müalicə üsulları olub. Elə bu günə kimi davam edən bu müalicə üsulları hələ də ağrıların kəsici çarəsi kimi məşhurdur. Qulaq ağrılarında qulağa qızdırılmış spirt damcıları tökmək, soğan kökünü qızdırıb qulağa qoymaq, qulaq çöpləri ilə qulaq dərinliklərini təmizləmək, boğaz ağrıları zamanı yodla, yaxud mürəbbələrlə boğaz yolunu silmək, boğazı ağrıyanı qusdurmaq, limon suyu içirtmək, burnu qanayanın başını yuxarı qaldırmaq, buruna soğan suyu damcılatmaq və s. kimi üsullar bu gün də gündəmdədir.
Hazırda ölkəmizdə tüğyan edən qripin də vaxtilə türkəçarələri mövcud olub. Məsələn, onlardan bir neçəsini təqdim edək: 1 xörək qaşığı mərcanotu yarpağı üzərinə 1 stəkan qaynar su tökürlər, 30 dəqiqə saxladıqdan sonra süzürlər. Ondan gündə 3-4 dəfə 2 xörək qaşığı qəbul edirlər. Belə bir həlimi də qəbul etmək olar: mərcanotu (yarpaqları) – 1 hissə, çiyələk (yarpaqları) – 1 hissə. 1 xörək qaşığı bu qarışığın üzərinə 1 stəkan su tökürlər və qaynadırlar. Sonra həlimi süzərək ona tamına görə bal qatmaq lazımdır. Bu həlimdən 1 stəkanı gündə 3-4 dəfə isti-isti içmək lazımdır.
Qripə qarşı bu cür xalq təbabətlərinin siyahısını artırmaq da olar. Amma maraqlıdır, doğrudan da bu türkəçarələr xəstəliyi müalicə edirmi?
Həkimlər buna nə deyir, xalq təbabəti qəbul ediləndirmi? Tibb elmləri doktoru, professor Adil Qeybulla ev şəraitində aparılan müalicələrin xəstələrə ziyan verdiyini düşünür: “Adını çəkdiyiniz bir sıra xalq təbabətlərinin çoxunu tapmaq mümkün deyil. Məsələn, eşşək südünü tapmaq çətindir. Əslində bizim türkəçarə dediyimiz sahə böyük elmi əsası olan qədim türk təbabətidir. Bu elmi cəhətdən əsaslandırılmalıdır. Əvvəllər farmakologiya və xalq təbabəti birliyi vardı. Onlar çox yaxşı işləyirdi. Əslində burada bu məsələlər araşdırılmalı, elmi cəhətdən əsaslandırılmalı və müxtəlif dərman otlarının, vasitələrinin, zəlidir və digər qatışıqlardır ki, hansı ki onlar türkəçarə adı altında işlədilir onların bir resepti verilməlidir. Yəni kor-koranə ev şəraitində kimdən nə eşidib onun tətbiq etmək düzgün deyil. Bəzən soyuq nəsə qoyulmalı yerə xəstələr isti qoyur. Yəni insanların bununla bağlı təsəvvürləri çox vaxt yanlış olur. Ona görə də hesab edirəm ki, insanlar özbaşına müalicə ilə məşğul olmamalıdır. Gələcəkdə xalq təbabəti inkişaf etdikcə onun vahid reseptləri olacaq ki, o reseptlər əsasında həkim onu xəstəyə təyin edəcək. Ev şəraitində aparılan müalicələrin əksəriyyəti xəstələri daha çox ziyan verir, nəinki xeyir”.
Günel MANAFLI



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir