Türkiyəli cərrah: “Mədəsini kiçildən insan yarımcan, xəstə deyil” – MÜSAHİBƏ

Baxış sayı: 1. 659

“Gencaile.az” Türkiyəli cərrah, professor Koray Tekinin mədə kiçiltmə əməliyyatı ilə bağlı Aile.lent.az-a müsahibəsini təqdim edir.

– Mədə kiçiltmə əməliyyatı nədir?

– Hazırda dünyanın bir çox ölkələrində, eləcə də, Türkiyədə mədə kiçiltmə əməliyyatı çox aktualdır. Azərbaycanda isə ilk mədə kiçiltmə əməliyyatını iki il əvvəl həyata keçirdik. Mədə kiçiltmə son illərin aktual əməliyyatlarındandır. Əvvəllər bu əməliyyat ənənəvi üsulla, yəni bıçaqla kəsməklə edilirdi. İndi isə müasir elmi-texniki tərəqqinin üstünlükləri və lazer – qapalı üsulla, daxili əməliyyat vasitəsilə deşik açmaqla mədəni kiçiltməyə nail oluruq. Bu üstünlüyünə görə hazırda Türkiyədə mədə kiçiltmə əməliyyatı çox artıb. Tanınmış insanlar, iş adamları da əməliyyat etdirdikdən sonra xalqın da güvəni artdı. İndi Türkiyənin hər bir yerində mədə kiçiltmə əməliyyatı edilir, dəbə çevrilib. Əvvəllərsə bütün Türkiyədə yalnız 4-5 xəstəxanada bu əməliyyatı edirdilər. Lakin bunu mütləq qeyd etmək lazımdır ki, naşı yerdə bu cür əməliyyatı etdirmək olmaz. Bunu edən həkim də, xəstə də özünü bu əməliyyata hazırlamalıdır. Mədə kiçiltmə əməliyyatını tez-tələsik etmək və etdirmək olmaz. Çünki mədə kiçiltmə əməliyyatı üzrə təhsil alınmır, heç bir tibb məktəbində belə bir ixtisas, elm yoxdur, həkimlərə mədə kiçiltmə əməliyyatı öyrədilmir. Bunu yalnız peşəkar cərrahlar edə bilər.

– Plastik cərrahiyyə əməliyyatları bir qrup işidir. Siz Bakıya əməliyyat etməyə gələndə öz qrupunuzla gəlirsiniz?

– Təbii ki. Qrupa bir ümumi cərrah, bu sahə üzrə ixtisaslaşmış, təcrübəli tibb bacısı, pəhriz mütəxəssisi və mən daxilik. Mədə kiçiltmə əməliyyatını etdirmək pəhrizdən xilas olmaq demək deyil. Əslində arıqlamağın təməli pəhriz, yəni az kalori qəbul etməkdir. Arıqlamağın başqa yolu yoxdur. İdman da arıqladan vasitələrdəndir. Amma pəhrizsiz idmanın faydası olmur. İnsan tək başına, öz bildiyi kimi pəhriz saxlaya bilməz. 1, 2, 3 ay mümkün olar, iradəli insan 6 ay pəhriz saxlaya bilər. Lakin bunun sonu yoxdur. Çünki gözəl süfrələr qurulur, dadlı, ləzzətli təamlar qarşımıza düzülür və mədəmizdə yer varsa, qarşımızda olanı yeyirik. Məhz buna görə də mədə kiçiltmə əməliyyatı bundan bir çıxış yolu kimi tətbiq edilməyə başladı. Artıq mədəmizdə yer olduğu qədər yeyirik. İnsanın mədəsində yer azdırsa, az yeyir. Məsələnin sirri budur.

– Daha çox qadınlar bu əməliyyatı etdirir, yoxsa kişilər?

– Xəstələrimizin 70 faizi qadınlardır. Bu o demək deyil ki, kişilər daha arıqdırlar. Xeyr! Sadəcə olaraq qadınlar artıq çəkini daha çox problem edirlər.

– Əməliyyatdan sonra davamlılıq nə qədər zəmanətlidir?

– Əməliyyatdan sonra çəki almamaq insanın davranışına bağlıdır. Mədə balacalaşdıqdan sonra yemək miqdarını təyin edirik. Lakin söhbət kiçilmiş mədəni nə ilə doldurmaqdan gedir. Mədədə qalan yeri nə ilə dolduracağımız çox önəmlidir. Biz kiçilən mədənin əvvəlcə zülallarla doldurulmasını istəyirik – qızardılmış ət, balıq, yumurta, ağ pendir, heyvani zülallar. Bu zülalları qəbul etsək, mədəmiz dolar. Bunun üstündən teramisu, meyvə, badam və s. yeyib-yeməməyimizdə sərbəstik. Ancaq əgər yeməkdən əvvəl teramisu, badam və s. yesək, mədəni kiçiltmək işə yaramaya bilər. Mədə kiçiltmə əməliyyatından sonra insan mütləq arıqlayır, yəni mövcud çəkidən aşağı düşür. Lakin pəhriz saxlamayanda tam olaraq hədəfimizə çatmağa imkan vermir. O zaman nazik bağırsaqları da istifadə edirik. Yəni həm mədəni kiçildirik, həm də bağırsağın yarısından qidanı keçirmirik. Amma faydalı qidalar yeyilmədikdə də zərərləri ola bilər. İlk növbədə vitaminlər vacibdir.

– Xəstəni arıqladıb sonra mədəsini balacalaşdırırsınız, yoxsa əvvəlcə mədəsini kiçildirsiniz, sonra arıqlayır?

– Əvvəl mədə kiçildilir. Onsuz da kiçildikdən sonra mədədəki yer qədər yemək yeyirik. Az yeyən insan da arıqlayır. Arıqladıqdan sonra bədəndə dəri sallanması kimi hallar baş verirsə, plastik cərrahlara müraciət edilir, yəni body lift edilir. Lakin bir il sonra. İnsan arıqladığı müddətdə idman edərsə, xüsusən də üzgüçülüklə məşğul olarsa, dəri sallanması az baş verir. Burada yaş məhdudiyyəti də var. 40 yaşında kişi pasientimiz vardı. Biz ona deməmişdik, amma o, əməliyyatdan sonra üzgüçülüklə məşğul olub. Hər gün 1 km üzüb. Buna görə də plastik əməliyyata ehtiyacı qalmadı. 25 yaşlı bir insanda isə dəri sallanması az olur. İdman çox əhəmiyyətlidir.

– Kökəlməyə səbəb təkcə çox yeməkdirmi?

– Əslində biz kökəlməyin səbəbini bilmirik. Bilsək, başqa müalicə üsulları olar. Bəzən xəstələr çox yemək yemədiklərini deyirlər. Bildirirlər ki, həyat yoldaşları, bacı, anaları onlardan çox yeyir, lakin onlar az yesələr də kökəlirlər. Bəzən iki insan eyni miqdarda yesə də, biri kök olur və tez də kökəlir. Buna səbəb metobalizm, yağ depolanması, genetik faktorlar ola bilər. Artıq çəkili insanların normaldan daha az yeməsi lazımdır.

– Elə insanlar var ki, qeyd etdiyiniz kimi, yeməklə kökəlmir. Onların kökləməsində başqa faktorlar var. Siz belə insanları da əməliyyat edirsiniz?

– Əslində səbəbləri tam bilmirik. Ümumilikdə isə əgər insanın kilosu boyuna görə çoxdursa, əməliyyat məsləhət görürük. Boyu 1.60 sm olan insanın çəkisinin 58 kq olması normaldır. 1.60 sm boylu insanın 90 kq olması anormaldır, demək ki, onun 30 kq artıq çəkisi var. Bu zaman əməliyyat mütləqdir. Çünki 30 kilonu pəhriz və idmanla vermək çox çətindir. Bəzən 5 kq arıqlamaq da çətin olur. Buna görə də kökəlməyin səbəbi nə olursa-olsun əgər çəki çoxdursa, bu, sağlamlığa zərər verirsə, o zaman mədə kiçiltmə əməliyyatını edirik. Həddən çox çəkili insanları əməliyyat etməzdən əvvəl pəhriz saxlatdırırıq. Çünki onsuz da əməliyyatdan sonra pəhriz saxlamalıdırlar.

– Elə insanlar da var ki, nə qədər yesələr də kökəlmirlər. Buna səbəb mədənin kiçik olmasıdır?

– Bunun səbəbini də bilmirik. Bəzən deyirlər ki, gecənin yarısı da yeyirlər, lakin kökəlmirlər. 35 yaşından sonra kişilər yavaş-yavaş kökəlirlər. Amerikalılar kökəlməməyin səbəbini araşdırmaq üçün milyonlar xərcləyirlər. “İnsanlar niyə kökəlmir və ya niyə kökəlirlər?” sualına dəqiq cavab yoxdur. Bunun cavabı bilinsəydi, əməliyyatlar olmazdı. Orqanizmdəki pozğunluq nədirsə – hormonalmı, genetikmi və s. – onu müalicə edirlər.

– Kimləri əməliyyat etmirsiniz?

– Əməliyyat oluna bilməyəcək qədər, yəni narkoz ala bilməyəcək qədər narahat olanları əməliyyat etmirik. Narkozu kimlər ala bilməz? Ürək problemi narkoz almağa əngəldir. Belə insanların nəfəsi daraldığı üçün, hətta, düz yata, pilləkən çıxa bilmirlər. Astma xəstəsi, ağciyər problemi olan, oksigenlə yaşayanlar, xərçəng xəstəsi, narkotik maddələr qəbul edənlər, hər gün spirtli içki qəbul edənləri, psixoloji xəstəliyi olub müalicəsi təsir etməyənləri də əməliyyat etmirik. Spirtli içki əməliyyatlara baxmayaraq kökəlməyə səbəb olur.

– Mədə kiçildikdən sonra əvvəlki ölçüsünə qayıtma ehtimalı varmı?

– Xeyr. Amma bir az böyüyə bilər. Onlar da kalorili yediyi üçün kökəlirlər. Mədə kiçiltmə əməliyyatından sonra bədən buna reaksiya verir. Çünki əvvəlki kimi qidalanmır. Keçici saç tökülməsi, bədəndə üşümə olur. Əgər kiçildilən mədə keyfiyyətli qidalanmırsa, vitamin, dəmir çatışmazlığı, yəni qansızlıq, kalsium azlığı ola bilər. Bunlar olmasın deyə, biz xəstələrimizi əməliyyat etdikdən sonra öz başlarına buraxmırıq, 3 ay aralarla qan analizləri edirik, nə yeyib-yemədikləri ilə maraqlanırıq. Analizinin cavablarına baxırıq, əgər qanda nəsə çatmırsa və ya düşübsə qırmızı ət, ya ağ pendir, qatıq yemirsə, demək ki, kalsium yoxdur və bunları yemələrini deyirik. Qanda nəsə əskikdirsə, dərman təyin edirik. Yəni bədənin zərər görməsinin qarşısını alırıq. Mədə kiçiltmə əməliyyatında bağırsaqlara toxunmadığımız üçün yan təsirlər çox olmur. Amma bağırsaqlara toxunduğumuz əməliyyatlarda bunlar ömür boyu davam edir. Lakin bir məsələ də var. Artıq çəki insanlarda bir çox narahatlıqlar və hətta xəstəliklər yaradır. Məsələn, orqanlarda yağ toxuması, ürək, damar, böyrəklərdə problemlər yaranır. Mədə kiçildikdən, yəni artıq çəkidən azad olduqdan sonra xəstələrin çoxu özlərini daha yaxşı, daha enerjili hiss edir. Yəni sanki pisliyə yox, daha yaxşılığa doğru irəliləyirlər, özlərini xoşbəxt hiss edirlər, özgüvənləri artır. Mədə kiçiltmə əməliyyatının psixoloji tərəfləri də var. Mən hətta əməliyyat etdiyim insanları tanımıram, çoxları gəncləşir.

– Bəzi insanlar az yemək yeyirlər ki, mədələri kiçilsin. Mədə öz-özünə kiçilə bilərmi?

– Bu, xalqın dilində gəzən bir söz-söhbətdir. Mədə heç zaman öz-özünə nə böyüyür, nə də kiçilir, hər zaman olduğu ölçüdə qalır. Mədə ilə bədən quruluşu arasında heç bir əlaqə yoxdur. Qaraciyər böyüyər və kiçilər. Bu, yeyilən qidalara bağlıdır. Çox yedikdə qaraciyər böyüyür, pəhriz saxlayanda kiçilir. Mədədə yağ toxuması çox az olduğu üçün mədə kökəlib arıqlamaqla təsirlənməz. Amma qaraciyər içərisində yağ yığan bir orqan olduğu üçün kökəldikdə o da böyüyür, arıqladıqda kiçilir. Bir məsələ də var – insan uzun zaman yemək yeməyəndə və ya az yeyəndə qəfil çox yeyə bilmir. Bu, mədənin kiçilməsi yox, sinir sistemimin adaptasiyasıdır. Mədəni yalnız əməliyyatla kiçiltmək mümkündür.

– Mədədə bildiyimiz kimi, sinir sistemi var. Əməliyyat zamanı onlara da təsir edilirmi?

– Mədə əməliyyatı zamanı hər hansı sinir zərər görmür. Amma mədənin böyük bir hissəsi çıxarılır, kiçik hissəsi qalır. Aclıq yaradan hormonlar dəyişilir. Yəni mədə kiçiltmə əməliyyatından sonra o hormon azalır. Beyinə gedən aclıq siqnalları da azalır. Bu əməliyyatı etdiyimiz xəstələr ilk aylarda iştahalarının azaldığını deyirlər. İnsanın damaq dadı da dəyişir, daha çox duzlu qidalar istəyirlər. Məsələn, əvvəllər şirniyyat sevənlər duzlu, turş qidalar sevməyə başlayırlar.

– Mədə xəstəliyi olan insanlar mədə kiçiltmə əməliyyatı etdirə bilərmi?

– Mədə kiçiltmə əməliyyatı etdirməzdən əvvəl xəstələrə chek-up müayinəsi edirik. Ürək, ağciyər müayinəsi edilir, mədəyə endoskopiya yeridirik. Mədədə bir xəstəlik varsa, məsələn, qastrit, dərmanlarla müalicə edilir. 15-20 gün düzəlməsini gözləyirik, sonra əməliyyat edirik. Qanamaya səbəb olan bir problem yoxdursa, qastrit və onun kimi xəstəliklər bizim əməliyyata mane olmur. Əgər hər hansı xəstəlik mədənin çıxardığımız yerindədirsə, xəstə bundan da fayda görə bilər.

– Əməliyyat nə qədər davam edir?

– Həkimin təcrübəsinə bağlıdır. Biz bu əməliyyata başlayanda 3 saat davam edirdi. İndi 45 dəqiqə davam edir. Bəzən insanlar bildirir ki, bəzi həkimlər mədəni ziqzaqvari kəsirlər. Mədə ziqzaqlı kəsildikdə xəstənin komfortu pozulur. Mədə bulantıları, qusmalar,  olur. Xəstə özünü diskomfort hiss edir. Biz istəmirik ki, xəstələrimiz arıqlayan zaman əziyyət çəksinlər. Ona görə də həkimin “dərziliyi”, yəni mədəni düzgün formada kiçiltməsi çox önəmlidir. Əvvəllər mən orqan nəqli edirdim. Hər hansı yararsız orqanın yerinə başqa bir orqan köçürürdük, iş bitirdi. Lakin mədə kiçiltmə əməliyyatı belə deyil, insanlar müxtəlif suallar verirlər. Əslində haqlıdırlar. Çünki sağlam olan adam mədəsini niyə kəsdirsin? İnsan sağlam bir orqanından imtina edir. Şəxsən mən də xəstə olsaydım, yüz dənə sual verərdim. Kilolu insanların qaraciyəri, ürəyi çox pis durumda olur, böyrəklər yük altında olur. Ona görə də biz sağlam olsa belə, mədəmizin bir hissəsindən imtina etməyi üstün tuturuq. Ən əsası, insanlar bilməlidirlər ki, mədəsini kiçildən insan yarımcan, ya da xəstə insan deyil. Bu, sağlamlıq üçün edilir. Mədə kiçiltmə daxili estetik əməliyyatdır. Üstəlik, sağlamlıq üçün edilir. Kilolu insanların artıq çəkisi onların sosial həyatına təsir edir. Üstəlik, insanların özünə güvəni olmur. Arıqladıqdan sonra isə özgüvəni yaranır. Hətta işlərində uğurlar artır.

– Əməliyyatdan sonra qəti qadağan olunan qidalar varmı?

– Xeyr. Bu, bir xəstəlik deyil, sadəcə mədə kiçilir. Biz yalnız məsləhətlər veririk. Qəti olaraq qadağa qoyulan qida yoxdur. Amma mütləq əvvəlcə zülala qəbul edilməlidir. “Sadəcə zülal yeyin” də demirik, “əvvəlcə zülal yeyin”, –  deyirik. Kalorisi çox olan qidaları ən sonda yeməyi məsləhət görürük. Çünki mədə artıq kiçik olur, əvvəlcə az kalorini yedikdə mədə dolur və çox kalorili qidaya ehtiyac qalmır. Ən çox sevdiyiniz şirniyyatı belə, tox olduğunuz zaman yeyə bilmirsiniz




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir