robot

Üç adamdan birini robot əvəzləyəcək

Baxış sayı: 1. 346

Yaponiyada süni intellektə malik robotlar 15-20 ildən sonra insanların əməyinin 1/3 hissəsini yerinə yetirəcək. TASS xəbər verir ki, Nomura Tədqiqat İnstitutunun Oksford Universiteti mütəxəssislərinin iştirakı ilə hazırladığı hesabatda robotların supermarket işçiləri, taksi sürücüləri, hotellərdə xidmətçi, mühafizəçi kimi işlərin öhdəsindən gələcəyi bildirilir.

Yaponiyada “Nomura Securities” aparıcı investisiya bankının nəzdində fəaliyyət göstərən Nomura İnstitutunun ekspertləri ölkədə geniş yayılmış peşələr üçün gərəkli bilik və bacarıqlar üzrə kompüter təhlili aparıb. Robot texnikasının inkişaf proqnozuna əsasən, yaxın gələcəkdə süni intellektə malik robotlar bu tədqiqat çərçivəsində araşdırılmış 601 növ işdən 235-ni yerinə yetirə biləcək. Hazırda Yaponiya əhalisinin təxminən 25 milyon nəfəri (ölkənin iş qüvvəsinin 49 faizi) bu işlərdə çalışır.

Həmçinin, araşdırma nəticəsində məlum olub ki, robotlar hələlik aktiv ünsiyyət tələb edən peşələrdə çalışan insanları əvəz edə bilməyəcək. Bu kateqoriyaya, məsələn, həkim, müəllim və ekskursiya rəhbərlərini aid etmək olar. Bütün bunlar, həmçinin, kreativlik tələb edən musiqiçi, kinorejissor kimi peşələrə də şamil olunur.

Ekspertlər hesab edirlər ki, texnologiyaların inkişafı bir sıra peşələrin yoxa çıxmasına səbəb ola bilər.

Tədqiqat Yaponiyada əhalinin sürətlə qocalması ilə əlaqədar keçirilib.

Mütəxəssislər hesab edir ki, hazırki demoqrafik tendensiya saxlanılarsa, 2040-cı ildə ölkə əhalisinin 36 faizindən çoxunu 65 yaşdan yuxarı insanlar təşkil edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir