oyuncaqlar

Ucuz uşaq oyuncaqlarındakı BÖYÜK TƏHLÜKƏ – ARAŞDIRMA

Baxış sayı: 1. 605

Oyuncaqlar uşaqların zehni, fiziki tərbiyəsində və inkişafında mühüm rol oynayır. Psixoloqların dediyinə görə, oyuncaqlar uşağa ətraf mühiti dərk etməyə, düşüncə, yaddaş, nitq və emosiyalarının inkişafına kömək edir. Plastmas, metal, ağac, rezin, parça, karton və sair materiallardan hazırlanan oyuncaqların keyfiyyətli olması çox vacibdir. Ticarət mərkəzlərində və mağazalarda satılan uşaq oyuncaqları ilə bağlı hansı problemlər var və oyuncaq alarkən nələri bilmək lazımdır?

 

Azad İshehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, Nazirlər Kabinetinin qərarına əsasən, uşaq oyuncaqları Azərbaycan bazarına daxil olmazdan öncə sertifikatlaşdırılmalıdır: “Oyuncaqların təhlükəsizliyi təmin edilməlidir. Çünki, kiçik yaşlı istehlakçıların ağzına, əllərinə, dərisinə toxunduğu üçün onların keyfiyyətli olması vacibdir”. E.Hüseynovun sözlərinə görə, uşaq oyuncaqları ilə bağlı Azərbaycan bazarında vəziyyət qaneedici deyil: “Bakıda, Bakıətrafı ərazilərdəki ticarət mərkəzlərində, mağaza və metro keçidlərində ucuz və keyfiyyətsiz uşaq oyuncaqları satılır. Eləcə də Azərbaycanın digər rayonlarında. Ucuz olduğu üçün bu keyfiyyətsiz oyuncaqların istehlakçısı da çoxdur”.

E.Hüseynov deyib ki, keyfiyyətsiz oyuncaqla təmas zamanı uşaqlarda ağır metallarla zəhərlənə və autizm xəstəliyi əmələ gələ bilər. O qeyd edib ki, bu zaman azyaşlının qanında ağır, zəhərli metallar artır və çox ciddi fəsadlara gətirib çıxarır: “Ona görə də hər bir valideyn uşağına oyuncaq alan zaman diqqətli olmalıdır. Plastmas qoxusu gələn mağazadan oyuncaq almaq olmaz. Ağ yaş tənziflə oyuncağın üzərinə sürtdükdə rəng çıxırsa, bu oyuncağı uşağa vermək olmaz. Plastmas, rezin qoxusu gələn, tükləri çıxan oyuncaqlardan da istifadə etmək təhlükəlidir. Ümumiyyətlə, uşaq oyuncağı alan zaman mağazadan onun gigiyenik və məişət sertifikatını tələb etmək lazımdır”. Birlik sədri uşaq oyuncaqları ilə bağlı Azərbaycanda aparılan monitorinqləri də qaneedici saymır. O qeyd edib ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyət məlumatlandırılmalıdır, lakin, bu sahədə də problemlər var.

 

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirir ki, mərkəz tərəfindən ötən illərdə Azərbaycanda uşaq oyuncaqları ilə bağlı aparılan yoxlamalar zamanı problemlər ortaya çıxıb: “Aparılan yoxlamalar zamanı məlum olub ki, satışda olan uşaq oyuncaqlarının gigiyenik sertifikatı yoxdur. Bunlar hansısa yollarla ölkəyə gətirilir və ticarət şəbəkələrinə çatdırılır. Bununla bağlı biz tərəfdən müvafiq orqanlara müraciət edilib”. Z.Kazımovun sözlərinə görə, uşaq oyuncaqları ilə bağlı yerli istehsal olmadığından bütün oyuncaqlar xarici ölkələrdən gətirilir.

Şöbə müdiri qeyd edib ki, keyfiyyətsiz oyuncaqlar uşaqlar üçün təhlükəlidir: “Oyuncaqlarda normalardan kənara çıxma halları olarsa, uşaqlar arasında bir sıra xəstəliklərin yayılması ehtimal edilə bilər. Belə oyuncaqla təmasdan körpədə allergik xəstəliklərə meyllənməyə səbəb olar. Yəni oyuncaqdakı xoşagəlməz qoxunun, dadın olması uşaqda allergik xəstəlik yarada bilər. Eyni zamanda, oyuncaqlarda müəyyən göstəricilər normadan artıq olarsa, uşaqlarda əsəb-sinir sistemi xəstəliklərinin də yaranması mümkündür”.

Z.Kazımov onu da əlavə edib ki, uşaq oyuncaqları ilə bağlı istehlakçılar tərəfindən mərkəzə müraciət daxil olarsa, bununla bağlı araşdırmalar aparıla bilər: “Əgər kimsə, hansısa oyuncağın onun uşağının sağlamlığına vurduğu ziyanla bağlı bizə müraciət etsə, biz tədqiqat və laborator müayinələr apara bilərik. Lakin hələlik, bu il quruma belə bir müraciət daxil olmayıb”.

 

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən isə “Ailem.az”-a bildirdilər ki, hazırda istehlak bazarında ən müxtəlif çeşidli oyuncaqlar satılır. Ona görə də keyfiyyətli və təhlükəsiz oyuncağı seçmək çox çətindir: “Oyuncaqlar xoş, faydalı, uşaqlara sevinc gətirən bir vasitə olmaqla yanaşı uşaqların sağlamlığı üçün təhlükəli də ola bilər. Belə ki, bir sıra oyuncaqların tərkibi, aşağı keyfiyyəti, uşaqların orqanizminə mənfi təsir göstərmək gücündədir. Bir çox istehlakçılar oyuncaq alarkən onun daha ucuz olmasına, iriliyinə, cəlbediciliyinə, uşağın istəyinə üstünlük verirlər. Lakin oyuncaq alarkən onun qeyd olunan əlamətləri ilə yanaşı, keyfiyyəti və uşağın sağlamlığına təsirini düşünmək lazımdır. Plastmas, rezin oyuncaqlar təhlükəsiz olsa da kimyəvi tərkibi mənfi fəsadlar yarada bilər. Nəzərə alın ki, əsasən ucuz oyuncaqların istehsalında istifadə edilən xammalın tərkibində qeyd olunan zərərli maddələr ola bilər və bu təkcə uşağınızın sağlamlığı üçün yox, ətraf mühit üçün də təhlükəlidir. Ona görə də, bu məhsulları seçərkən ilk növbədə onun sanitar-gigiyenik xüsusiyyətlərinə, uşaqda yarada biləcək psixoloji amillərə diqqət etmək lazımdır”.

Xidmətdən bildirilib ki, uşaq oyuncağı alan valideyn onun üzərində olan etiket kağızına və ya yarlığa diqqət yetirməlidir. Orda həmin oyuncağın adı, istehsalçısının adı və ünvanı, milli standartı, məhsulun təyinatı və ya onun tətbiq ediləcəyi sahə, istifadə qaydaları haqqında məlumat, yaş uyğunluğu, oyuncaqdan istifadə və ya istismar haqda təlimat, bir sıra oyuncaqlardan istifadə edərkən ehtiyat tədbirləri haqda xəbərdarlıq və təlimat öz əksini tapmalıdır: “İstehlakçı həmçinin onu da bilməlidir ki, bu məhsullar məcburi sertifikatlaşmalı mallar sırasına daxil olduğundan, oyuncaq alarkən ticarət obyektindən həmin sənədləri tələb etmək hüququna malikdir. Valideynlər gigiyenik və uyğunluq sertifikatları olmayan oyuncaqları almasınlar. Oyuncaqlar fiziki baxımdan da sağlam olmalı, yəni uşağa xəsarət yetirmə ehtimalı olmamalıdır. Ucu iti formalı, əzilmiş, qırılmış  oyuncaqların alınması məsləhət deyil. Xüsusilə, azyaşlı uşaqlar üçün oyuncaq alarkən oyuncağın materialına fikir verin. İstər istehlakçılar, istərsə də satıcılar bilməlidir ki, uşaq oyuncaqları Nazirlər Kabinetinin 114 nömrəli qərarı ilə dəyişdirilməli olmayan malların siyahısına daxildir və onlar alındıqdan sonra dəyişdirilə və geri qaytarıla bilməz”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir