ISTIRAHET

Ucuz və sərfəli tətilin şərtləri

Baxış sayı: 1. 111

Yayın bir ayını geridə qoyduq. Qarşıdakı 2 ay yay istirahətini təşkil etmək istəyənlər üçün axtarışda keçəcək. Təbii ki, indi siz deyə bilərsiz ki, imkanı olan insanlar üçün axtarışlara, ucuz turpaketlər üçün “marığa yatmağa” ehtiyac yoxdur. Bir həftə əvvəldən arzulanan şəhərə arzulanan turpaketi əldə etmək üçün pulqabının dolu olması yetərlidir.

Amma insan bütün hallarda çoxluğu da düşünmək istəyir. Çünki turpaketlə dünyanın ən populyar istirahət məkanlarına getmək, bir həftəlik ailəvi turpaket üçün 3000-5000 manat ödəmək heç də hər kəsin cibi üçün uyğun deyil. Bu yazıda ucuz tətilin yolları barədə bir neçə variant təqdim edəcəyik.

 

Ucuz yay tətili üçün qışda düşünmək vacibdir

Bilirsiniz ki, avropalılar tətil zamanı maksimum praktik və qənaətcil olurlar. Onların istirahət anlayışı ilə biz qafqazlıların istirahət anlayışı arasında xeyli fərq var. Maşın-evlə dəniz sahilində günəşlənən nə qədər avropalı görmüsüz? Yolunuz Avropaya, Amerikaya düşübsə, bu mənzərələri görmüsüz. Onlar istirahət deyəndə çox pul xərcləməyi yox, az pul xərcləməklə maksimum boşalmağı planlaşdırırlar.

İlk variant olaraq onu xatırladaq ki, yay tətil paketini qışda alanlar hər zaman qazanclı çıxırlar. Xüsusən nəzərə alanda ki, ortada hissə-hissə ödəmək imkanı var. Yaxşı, bəs həqiqətən də endirim olurmu? Əlbəttə ki, 50%-ə qədər erkən rezervasiya endirimlərindən faydalanmaq mümkündür. Amma nəzərə alaq ki, bu, hər hoteldə, hər zaman olmur. Bəs nədir erkən rezervasiyanın üstünlükləri?

yay tətilində istirahət ile ilgili görsel sonucu

Birincisi və təbii ki, ən önəmli məqam hotellə bağlıdır. Yaxşı bir hoteldə qalmaq, keyfiyyətli yuxu və mərkəzə yaxın olma kimi kriteriyalar insanın səyahətinə təsir edir. Yuxarıda da qeyd etdiyimiz kimi, hotellərin topdan satış etməsi və rəqabət şərtləri erkən rezervasiya zamanı qiymətləri çox aşağı salır. Siz də büdcənizə qənaət edəcəyinizdən, qalacağınız hoteli istəyinizə uyğun şəkildə və rezervasiyanızı aylar öncədən seçə bilirsiniz.

İkinci məqam ucuz təyyarə biletidir. Aylar əvvəldən dəqiqləşdirilmiş səyahət planınıza uyğun təyyarə bileti tapmaq da asan olacaq. Hava yolu şirkətləri uçuş biletlərini oturacaqları blok-blok ayıraraq satışa çıxarırlar. Hər blokun ayrı qiyməti olur və bir blok dolduqda digəri satışa çıxarılır. Buna görə də uçuş tarixinə az qalmış bilet qiymətləri yüksəlir. Uçuş tarixiniz dəqiqləşdikdən sonra axtarış edərək, fərqli alternativlərə göz gəzdirə və ən ucuz təyyarə biletini ala bilərsiniz. Beləliklə, səyahətinizin ən vacib büdcə maddələrindən biri də problemsiz həll ola bilər.

Tətilinizi əvvəlcədən planlamadıqda həmin tarixə az qalıbsa, istədiyiniz hoteldə, istədiyiniz otağı tapmaq çətin olacaq. Erkən rezervasiya sistemində hər şeyin yaxşısını seçmək və sonradan sürpriz yaşamamaq rezervasiya edənin faydalana biləcəyi imkanlardan biridir. Təxmini təsəvvür yaransın deyə, hər hansı kinoteatra getdiyinizdə salonda bütün oturacaqların boş olduğunu və bütün seçimlərin sizin üçün olduğunu düşünün…

Yeri gəlmişkən, səyahət zamanınız dəqiqləşdiyindən həmin tarixlərdə müəyyən olunmuş konsert, tədbir, ekskursiyalar və digər fəaliyyətlər üçün rezervasiya etdirmək, tematik park, muzey və nəqliyyat kimi digər detalları da aylar əvvəldən satın alaraq həm rahat planlama etmək, həm də əlavə endirim qazanmaq mümkündür.

Planlarınızda hər hansı dəyişiklik olması halında ödədiyiniz məbləğin tam və ya müəyyən qismini geri qaytarmağınız üçün də erkən rezervasiya şərtləri çox uyğun ola bilər. Bəzi hallarda bu dəyişiklik və ləğv etmə imkanları tətilinizin başlamasına 72 saat qalmışa qədər belə verilə bilər.

 

Sutkası 10 manata olan kənd evləri – ona istirahət demək olarmı?

Hesab edək ki, qışda bu fürsəti qaçırmısız. O zaman ölkə daxilindəki ucuz tətil imkanlarından yararlanmaq üçün seçimlərə diqqət etmək lazımdır. Seçimlər arasında isə ən rahatı Azərbaycanın bölgələrində günlük kirayə evlərdir. Ayrı-ayrı bölgələr üzrə ev qiymətləri ilə maraqlananda isə ortaya fərqli mənzərələr çıxır.

Başlayaq, Nabrandan. Nabranda ev qiymətləri bir çox hallarda adam hesabı ilə götürülür. Belə ki, ailə fərdlərinin sayından asılı olaraq, qiymət müəyyənləşdirilir. Ən geniş yayılmış tarif adambaşına 10 manatdır. Belə ki, sadə, şəraiti normal olan evlərdə 4 nəfərlik ailə 1 həftə qalmaq istəyirsə 280 manat ödəməlidir. Amma biz buna yemək-əyləncə məsrəflərini də əlavə etsək, zövqdən və standartdan asılı olaraq, 600-1000 manat arasında dəyişir. Nəzərə alsaq ki, Nabran meşə və dəniz “cütlüyünü” özündə birləşdirən nadir məkanlardandır, bu zaman istirahət seçimi üçün normal sayılır.

yay tətilində istirahət ile ilgili görsel sonucu

Xatırladaq ki, Nabranda kiçik kotteclər də kirayəyə verilir. Onların gündəlik qiyməti isə 70-500 manat arasında dəyişir. Kottec-villaların gündəlik qiyməti oradakı otaqların sayından, şəraitdən, bir çox hallarda isə səhər yeməyi verilib-verilməməsindən asılı olur.

Kiçik bir detalı da xatırladaq: əgər sizə 4 nəfərlik kottec üçün 50-60 manat qiymət təklif olunubsa, oradakı otaqların və yataq yerlərinin sayına xüsusi diqqət edin. Çünki 4 nəfərlik kotteclərdə cəmi bir otaq, bir koridor olur. Koridora isə açılıb-qapanan divan yerləşdirilərək, onu 4 nəfərlik yataq yeri kimi təqdim edirlər. Siz bu şərtlərin 4 nəfərlik ailə üçün azlıq təşkil etdiyini deyəndə isə əlavə çarpayı təklif olunur. Amma əlavə olaraq, sutkası 10 manata.

 

Qaxda, Zaqatalada da evlərin gündəlik kirayə haqqı 30 manatdan başlanır və 300 manata qədər yüksəlir.

Qəbələ də qiymət baxımdan aşağı-yuxarı eyni şərtləri təqdim edir. Orada da evlərin bir günlük qiymətləri 35 manatdan başlanır. Bu sayaq evlər əsasən ikiotaqlı olur və ev sahibi onu bütün əşyaları ilə sizə verir. Bir çox hallarda içində soyuducusu, televizoru və bəzən də kondisioneri olan evlərdən danışırıq. Amma Qəbələ kənd evlərinin ən çox kirayə verildiyi məkandır və burada bir günlük kirayəsi 600 manat olan üçmərtəbəli villalar da var. Təcrübə göstərir ki, bu cür bahalı villaları bir neçə tanış, dost ailə birgə kirayələyir. Yemək məsələsi də növbəlilik prinsipi ilə (hər gün bir ailə yemək məsrəflərini üzərinə götürür) həll olunduğu üçün problem yoluna qoyulur.

Şəkinin kirayə ev bazarı da son illər xeyli inkişaf edib. Orada da adambaşına 10 manata kirayə verilən evlər var. Yəni 5 nəfərlik ailə bir sutka üçün 50 manat ödəmək şərtilə təkliflər verilir. Amma bu, ən minimal qiymətdir. Bəzən adamların sayı nəzərə alınmadan, həyət evlərinin bir sutkası üçün 100-300 manat da təklif edilir.

Nəzərə alaq ki, bölgələrdə ev kirayələyən ailələr bir çox hallarda yeməklərini də evdə hazırlayır. Bu isə evin xanımının hədsiz yüklənməsi və istirahət etməməsi anlamına gəlir. Ona görə də sual meydana çıxır: buna istirahət demək olarmı? Yemək, qab-qaşıq, ev təmizliyi…

Ä°lgili resim

İkigünlük turlar – nəfəs almaq üçün vasitə…

Bu arada yeni bir xidmət də populyarlıq qazanıb. Bu, birgünlük-ikigünlük-üçgünlük turlardır. Bəzi turizm şirkətləri ölkə daxilindəki bəzi rayonlara belə qısamüddətli turlar təşkil edirlər. Amma burada da qiymətlər yeməklərin sayından, göstərilən xidmətdən asılıdır.

Söhbət yerli turistlərin avtobuslarla Nabrana, Masallıya və ya Qəbələyə aparılmasından gedir. İstirahət proqramı çərçivəsində turistlərə gündə iki dəfə yemək verilir. Yeməkdən imtina edənlər özləri ilə gətirdiyi yeməklə qidalanırlar. Amma bu sayaq turların normal qiyməti 50 manatdır. İki-üç günlük turlar isə müvafiq olaraq 100-150 manatdır.

 

Bakı bağlarından əlinizi üzün – onlar astronomik qiymətlərədir

Fatmayi, Novxanı qəsəbələrində, dəniz kənarına yaxın yerlərdə villaların kirayəsi üçün ayda 2500-3500 manat ödəmək lazım gəlir. Dənizdən 500-700 metr aralı 1-2 otaqlı mənzil icarəyə götürmək üçün 800 manat, 3-4 otaqlı, hər şəraitli, dənizdən 500 metr aralı olan mənzildə qalmağa isə 1000-2000 manat xərc çəkmək lazımdır. Amma Fatmayidə aşağı şəraitli, 2 otaqlı bağ evlərinin kirayəsi 700 manatdan başlanır.

 

Hövsanda şəraitsiz 1 otaqlı bağ evinə 700 manat, şəraiti olanlara isə 800-1000 manat pul vermək lazımdır.

Nardaranda dənizə yaxın ərazidə yerləşən bağ evləri, yaxud villalar 1000 manata, 1-2 otaqlılar isə 700 manata kirayəyə verilir. Bilgəhdə 1-3 otaqlı bağlar 1000-2000 manata verilir ki, belə evlər dənizə yaxın yerlərdədir. Bu kateqoriyada əsasən çox şıq villalar yer alır. Ev partiləri, ad günləri, nişan, hətta  ailə arası toy keçirmək üçün villa kirayələyənlər var. Villanın durumundan asılı olaraq birgünlük kirayə 300-700 manat arası dəyişir.

Sonda zəruri qeyd kimi bildirək ki, Bakı bağlarının kirayəsi əsasən bir aylıq yox, üç aylıq olur. Belə ki, bağ sahibləri “yayı bölməmək” adı ilə belə bir seçim edir, bir aya müştəri tapıb, digər iki ayın boş qalacağından narahat olub bağı 3 aylıq kirayə verirlər. Bu isə sonuc etibarilə məqbul qiymət demək deyil…

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir