ehmed qesemoglu

Uğurlu, xoşbəxt ailənin əsas xüsusiyyətləri

Baxış sayı: 719

Müxtəlif zamanlarda, müxtəlif məkanlarda, müxtəlif xalqlar arasında xoşbəxt ailənin meyarları, xoşbəxt ailə barədə təsəvvürlər fərqli ola bilər. Hansı ailəni daha uğurlu, xoşbəxt ailə hesab etmək olar?  Hər özünü xoşbəxt hiss edən ailə doğrudanmı xoşbəxtdir?

Əgər müasir qərb dünyası üçün ailə daha çox sosial mahiyyət daşıyırsa, bütün xalqımız üçün ailə tarix boyu daha çox mənəvi mahiyyət daşıyıb. Bir çox şərq, müsəlman ölkələri üçün bu indi də belədir. Kimin üçünsə ailə daha çox bioloji, iqtisadi, siyasi  və s. mahiyyət daşıya bilər. Həqiqi mənada hansı ailənin daha xoşbəxt olduğunu müəyyənləşdirmək üçün ən əvvəl ailənin mahiyyətinə diqqət verməyə, indiki dövrdə, bizim cəmiyyətdə onun əsas funksiyalarının nədən ibarət olduğunu konkretləşdirməyə ehtiyac vardır.

Bu suallara daha dolğun şəkildə cavab vermək üçün əvvəlcə  ailə institunun mahiyyətini aydınlaşdırmağa çalışaq. Ailənin əsas funksiyalarını nəzərdən keçirək:

aile

 

1) Uğurlu, xoşbəxt ailə hər bir insanı mənəvi, psixoloji olaraq tənhalıqdan qurtarır. Əks cinsin yaratdığı energetika, ilham, doğmalıq onun daxili potensialını hərəkətə gətirir, həyat eşqini çoxaldır. Musiqi alətində bir tel başqa telə köklənəndə, onların hər ikisinin potensialı ortaya çıxıb gözəl bir melodiya yaratdığı kimi, iki insan da biri-birinə ahəngdar olaraq kökləndiyi zaman gözəl münasibətlər qurulur.

2) İnsan öz məxsusi qayğılarını doğmalıqla bölə bildiyi bir insanla yaxın ünsiyyətdə olur. Əks cins onun ehtiyacı olduğu bir çox məsələlərdə ən yaxın, təmənnasız köməkçi olur. Onlar biri-birlərini ahəngdar olaraq tamamlayırlar. Bu isə öz növbəsində onların fəaliyyətlərini xeyli gücləndirir. Bir çox hallarda stress hallarının qarşısını alır.

3) Hər bir ailə insanın daha əhatəli şəkildə sosiallaşmasına, cəmiyyətlə  daha qayğıkeş, ahəngdar münasibətlərin qurulmasına mühüm kömək edir.

4) Möhkəm dayaqlar üzərində qurulmuş ailə, ailə üzvlərinin daha mənəviyyatlı davranmasına, kamilləşməsinə, cəmiyyətdə də mənəvi inkişafın zənginləşməsində iştirak etməsinə kömək edir.

5) Hər bir ailə xalqın yeni nəslinin yaranmasında iştirak edir.

6) Hər bir sağlam ailə fərdləri – körpələri, uşaqları cəmiyyətə kompleks şəkildə hazırlayan ən ciddi, unikal bir məktəbdir.

7) Hər bir ailə ocağı ən doğma, etibarlı bir müalicəxanadır. Çəmiyyətdə insanın üzərinə gələn neqativ enerjidən azad olmaq, öz daxili rahatlığını bərpa etmək məkanıdır. Eyni zamanda o, xəstələnəndə, qayğıkeş bir mühitdə sağalmaq yeridir. Ailənin olması ilk növbədə ər və arvadı bir çox yoluxucu xəstəliklərdən qoruyur. Uşaqların sağlamlıq mədəniyyətinin formalaşmasına kömək edir.

8) Hər bir ailə insan  üçün öz peşəsində kamilləşmək, təhsildə uğur qazanmaq üçün hazırlaşmağa şəraitin yarandığı məkandır. Ailə üzvləri biri-birlərinə öz karyeralarını qurmaqda, hansısa bir iş, təsərrüfat yaratmaqda mühüm kömək edir.

9) Ailə asudə vaxtı daha səmərəli, faydalı, məzmunlu şəkildə keçirmək üçün mühüm bir yerdir.

10) Hər bir gözəl ailə o ailənin üzvü olan hər bir kəs üçün bir qürur mənbəyidir. Ailə insan üzərinə məsuliyyət qoymaqla yanaşı, onu daha da fəallaşdırmağa, tək özü üçün yox, ailə üzvlərinin də qayğısına qalmaq üçün də hərəkətə gətirir.

11) Ailə üzvləri biri-birinin cəmiyyətdəki davranışının daha ahəngdar şəkildə formalaşmasına həm kömək edir, həm də nəzarət edir.

12) Hər bir ailə öz yaşlı nəslinin, doğmalarının, köməyə ehtiyacı olan insanların qayğısına qalır, onlara kömək edir. Təbii ki, bir sıra başqa  cəhətləri də qeyd etmək olar.

AILE

Göründüyü kimi bütün bu cəhətlər hər bir şəxsin həyatını daha məzmunlu etməklə yanaşı, eyni zamanda  cəmiyyətdə də dayanıqlı, ahəngdar münasibətlərin qurulmasına, tərəqqi imkanlarının yaranmasına mühüm kömək edir. Bu şərtlərin əməl edildiyi ailələrin olması cəmiyyət üçün çox əhəmiyyətli olmaqla yanaşı, yeni nəslin daha keyfiyyətli böyüməsi üçün də olduqca vacibdir.

Bu şərtlərin  bir necəsinin yerinə yetməməsi ailədə ahəngdarlığın pozulmasına səbəb olur. Bu isə həmin ailədə böyüyən körpələrin, uşaqların gələcək taleyinə təsir edir.

Uğurlu ailələrin sayının çox olması üçün hamı çalışmalıdır. Bunun üçün ilk növbədə, indiki şəraitdə, müasir dövrün tələblərinə uyğun olaraq ailələrin qurulması məsələsinə daha həssas yanaşmağa ehtiyac vardır. Bunun üçün həm orta məktəblərdəki xüsusi fənlərin, ümumiyyətlə müxtəlif tövsiyələrin köməyi ilə şagirdlərdə ailə, ailə məsuliyyəti barədə aydın təsəvvürlərin  yaradılması vacibdir. Gənclərin hər birinin ailə ilə bağlı aydın təsəvvürləri olmalıdır. Eyni zamanda yaşlı nəsil müasir  gənclərə faydalı məsləhətlər verə bilməlidir. Ailə quranların yaxın ətrafı – dostlar, tanışlar da bu sahədə müsbət rol oynaya bilərlər. Cəmiyyətimizdə müasir  dövrün xüsusiyyətlərinə uyğun olaraq ictimai qınaq mexanizminin də formalaşmasına çalışmaq lazımdır. Eyni zamanda din xadimlərinin  də müasir dövrün tələblərinə uyğun, cəhalətdən uzaq maarifləndirmə işlərinin aparılması faydalı ola bilər.

aile

Nikahların qeydə alınmasına məsul olanlar da bu məsələyə çiddi diqqət verməlidir. Onların bunun üçün xüsusi proqramlar həyata keçirmələri  məqsədəuyğundur. Təbii ki, kütləvi informasiya vasitələrinin, saytların, TV- lərin də öhdəsinə çox iş düşür. Qanunvericilik sistemində, sosial siyasətdə mühüm dəyişikliklər edilməsi lazımdır.

Bütün bu tədbirlər təbii ki, qısa bir zamanda həyata keçirilə bilməz. Amma biz bir fərd, ailə, cəmiyyət olaraq bu istiqamətdə  ciddi olaraq fəaliyyət göstərməliyik.

 

Sosioloq Əhməd Qəşəmoğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir