depressiya

Uğursuz insanların 4 tipi

Baxış sayı: 989

Yer Kürəsində milyardlarla insan var, hər bir insan üçün də ailə – iş yeri – cəmiyyət üçbucağında bir yer müəyyənləşdirilib. Amma bəzən elə olur, kimsə öz yerini tapa bilmir. İnsanlığın faciəsi bax budur, öz yerini tapa bilməməkdir. Uğursuz, sənə xoşbəxtlik gətirməyən ailə (ailəli olmayanlar üçün sevgi münasibətləri), fayda verə bilmədiyin və bəhrəsini ala bilmədiyin iş (işsizlik, təhsil ala bilməmək də həmçinin), səni qəbul etməyən cəmiyyət – əsas uğursuzluq üçlüyü budur.

Bəzi uğursuzlar bu üçlüyün hər hansı birində qərarlaşır, belələrini gəlin şərti olaraq nisbi uğursuz adlandıraq (NU). Belələri həyatda böyük əksəriyyətdir, elə əhatəmizdə hər 10 nəfərdən ən azı 3-4-ü nisbi uğursuzluqdan əziyyət çəkir. Bu tip insanlar bədbin olsalar da, onlarda bu bədbinlikdən tezliklə qopacaqlarına inam böyük olur. Onlar bir sahədəki uğursuzluğu digər sahələrdəki qənaətbəxşliklə neytrallaşdıra bilirlər haradasa. NU kateqoriyasının özündə bir müvəqqətilik, ötərilik, keçərilik kəsb etməsi bu insanlarda mübarizlik əzmini tam yox edə bilmir, onlar sabahkı günün işıqlı olacağına inanır, bu inamla yaşayır, çabalar göstərirlər. NU-ların motivasiyaya böyük ehtiyacı olur, çünki bu tip insanlar xırdaca bir təkanla öz uğursuzluqlarını dəf edə bilirlər. Öncədən qeyd edək ki, həyatda özlərini uğursuz sayanların böyük bir qismi yeniyetməlik və gənclik illərində uğursuz sevgiyə məruz qalanlar olur, bir də ki, ali təhsil almaq arzusuna yetişə bilməyənlər. (Hər iki mövzuya kitabımızda ayrıca toxunacağıq).

Üçbucağın birdən birə iki bucağında düzgün yerləşə bilməyənlər artıq tam uğursuzdurlar, bunları elə bu cür də adlandıraq (TU). Belələri xeyli azdır, NU-lardan sayca xeyli az olduqları kimi, problemlərinin xarakterinə görə də onlardan xeyli fərqli görünürlər. TU artıq həyatdan ikitərəfli zərbə almış insan olduğu üçün onun bədbinlik dərəcəsi də hədsiz yüksək, hətta ayrı-ayrı hallarda depressiyaya düşmək səviyyəsində olur.

TU-lar get-gedə özlərinə qapanır, ətrafdan təcrid olunurlar, mübarizədən yorulur və yayınmağa başlayırlar. TU-ların həyat tənəzzülü get-gedə sağlamlıqlarına zərbə vurur, özünə inamsızlıq müəyyən əsəb xəstəlikləri ilə müşayiət olunaraq çox ağır fəsadlar törədə biləcək kombinə yaradır. Sonucda intihara cəhdədək uzanan bu yoldan pasienti geri döndərmək çox çətin, əksərən qeyri-mümkün görünür. Odur ki, vacib məqamda – narazılıq hələ rüşeym halında olarkən TU-ların üzərində işləmək, onları “hər şeyin düzələcəyinə” inandırıb buna kökləmək olduqca vacibdir.

Ailə-iş-cəmiyyət uğursuzluğu üçbucağının hər üç küncündə qərarlaşan insan tipləri çox azdırlar, belələrini mütləq uğursuzlar adlandıraq (MU). Belələri haqqında ilk baxışda yalnız bunu söyləmək olar: “Tanrının üz döndərdiyi adamlar”.

MU sonucda ya psixi pozğunluq həddinə gedib çıxır, ya da intihar edir, amma dəstəyə (istər maddi olsun, istər mənəvi, fərq etməz) hədsiz ehtiyac duyan bu insanların da motivasiyaya daim ehtiyacları olur. Ailə üzvü, dost, qohum, qonşu, tanış, tanımadığı birisi – insan zəncirinin hər bir halqası MU-ya düşdüyü dərin quyudan çıxmağa kömək göstərməklə, əl uzatmaqla onun həyat nağılının erkən bitirməsinə mane ola bilər. Amma əksər halda MU bu uzanan əlləri görə bilmir, ətrafın biganəliyinin qurbanı olur.

Və ən nəhayət, təsnifatımızda 4-cü tip uğursuzlar da yer alır ki, bunların uğursuzluq səbəbi ailə-iş-cəmiyyət üçbucağından kənarda dayanır. Problemləri hər hansı sağalmaz xəstəlikdən, əlillikdən, yaxud xoşagəlməz adət və vərdişdən, yaxud yaxın bir adamın vəfatından və bu qəbildən olan digər nəsnələrdən qaynaqlanan bu sayaq həyatdan küskünlər isə təsnifatımızda xüsusi uğursuzlar (XU) kimi yer alacaqlar. Belələri də ətrafımızda çoxdurlar, bizim qayğı və nəvazişimizə, təsəllimizə ehtiyacı olan bu tip insanlarla hər gün görüşür, ünsiyyətdə oluruq. Sadəcə, düşünməyimiz gərəkdir ki, belələrinə xırdaca bir diqqət göstərməyimiz, onlarla həmdərd olduğumuzu nümayiş etdirməyimiz çox vacibdir.

 

Beləliklə, biz uğursuzluqlarla üzləşib həyatdan inciyən və küsənlərin 4 tipini müəyyənləşdirdik.

Kitab boyunca burada sadaladığımız uğursuzluq səbəblərinin hər biri üzərində ayrıca dayanacaq və bu səbəbləri aradan götürmə yollarından geniş bəhs edəcəyik.

Hər xəstəliyin öz dərmanı, hər qıfılın öz açarı olduğu kimi hər problemin də öz həlli var, unutmayaq.

 

 

Əlibala MƏHƏRRƏMZADƏ,

professor




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir