tenhaliq

Ümidsizliyin susdurduğu sevgilər: “Niyə onu bağışlamayım ki?!”

Baxış sayı: 150

“Hərdən həyat yoldaşım deyir ki, sən onlara qarşı soyuqsan. Mən övladlarımı çox istəyirəm, amma sevgimi büruzə verə bilmirəm, bu mənim üçün çox çətindir. Sanki mənimçün sevgimi göstərmək yad bir şeydir”.

Ali təhsillidir. Hərbçi olub. Amma bu sərtliyi hərbi xidmətlə bağlı deyil. Bəlkə də bir binada yaşadığı insanların oxşar taleyinin damğasıdır.

“İlk təhsilimi 4 saylı məktəbdə almışam. 1992-ci ildə valideynlərim ayrıldılar. 10 yaşım olarkən atam dünyasını dəyişdi. Bacımla mənə ata nənəm baxıb. Anam bizdən imtina etdi, arayıb-axtarmadı, maraqlanmadı. Anamı bizi istəməyən, bizə sevgi verməyən biri kimi tanıyıram. O hər zaman bizə soyuq olub. Pis günümdə yanımda olmayan biri yaxşı günümdə heç zaman yanımda ola bilməz”.

Masazırdakı “Məzun evi”ni gəzdikcə son cümlə sanki çəkic kimi beynimi əzir. Emin Cavadov isə davam eləyir: “Turizm Universitetinə qəbul olunduqdan sonra həyat yoldaşımı qaçırtdım. Nikaha girdik, əslində elə də asan olmadı. Toy etməyə də heç imkanım yox idi”.

424886627

Fatmayı kəndindəndir, 1985-ci ildə doğulub. Dediyinə görə, həm universitetdə, həm də hərbi xidmətdə fərqlənib. Əsgərlikdən dönəndə ilk övladı olan oğlunun iki yaşı olub: “O zaman məni hərbidə saxlamaq istəyirdilər. Amma övladım körpə idi, qayıtmalı idim. Qayıtdıqdan sonra Azərbaycanda bir nömrəli hesab edilən holdinqdə, daha sonra isə ölkənin birinci otelində işlədim. Dövlət bizə dəstəyini göstərsə də, hər zaman düşünürəm ki, mən də çalışmalıyam”, – E.Cavadov əlavə edir.

2017-ci ildə evlə təmin olunan həmsöhbətimiz hazırda elə “Məzun evi”ndə çalışır.

Artıq özü üçün azdan-çoxdan bəlli bir düzəndə normal, gözəl həyat qursa da, bəzən bu yaşında da köhnə yaralar onu dinc buraxmır: “Şən günlərində ailələri, valideynləri başlarının üstündə olan şəxslərə hər zaman həsəd aparmışam. Ali məktəbə imtahan verəndə hər kəsin yanında valideyni vardı, ya da ali məktəbə qəbul olunanda hər kəs üçün sevinən valideyni vardı. Ətrafımdakıların həm çətin, həm də xoş gününü birgə paylaşdığı ata-anaları vardı. Hərbi xidmətə gedəndə də onların valideyni yanında idi, onlara tez-tez baş çəkilirdi, mənə isə yox… Bu mənə çox təsir edirdi. Mənim ancaq bacım vardı…”

Ən böyük arzusu isə uşaqlıqdan kitablarının, kitablardan ibarət rəflərinin olmasıymış. Bu gün bu arzusunu qızı Dəniz üçün gerçəkləşdirir. Onun təhsilli və savadlı olması üçün əlindən gələn hər şeyi edir. Həmsöhbətimiz deyir ki, övladlarına heç zaman ad günlərində oyuncaq almayıb. Onlara hər zaman bir-birindən maraqlı kitablar hədiyyə edir.

“”Məzun evi”nin sakinləri ailə mühitində böyüməsələr də, ailə qurmaq, ailə sahibi olmaq istəyirlər. Bu gün bu şəxslər arasında nümunəvi ailəsi olanlar da var, hansı ki, onların övladları da bu gün təhsil aldıqları məktəbdə digərlərinə nümunədirlər”. Bunu da “Məzun evi”nin direktoru Rza Əhmədov bizimlə söhbətində deyir.

rza ehmedov

Onun sözlərinə görə, ali savadlı, iş-güc sahibləriylə yanaşı, təhsilsiz və peşəsiz olanlar da var: “Dövlət onlara həm yeni peşələrə yiyələnməkdə, həm də işlə təmin olunmaqda hər dəstəyi verir. Həmçinin “DOST” iş mərkəzləri vasitəsilə iş tapırlar. Bu gün hər bir şəxs üçün iş imkanı yaradılıb. Sadəcə olaraq bunu istəmək lazımdır. Biz də burada sakinlərə lazım olduqda hansısa köməkliyi göstəririk”.

Öyrənirik ki, məzunlara verilən mənzillərin hər biri tam təmirli vəziyyətdə təhvil verilib: “Dövlət tərəfindən onlara stol-stul, yorğan-döşək, televizorundan tutmuş hər bir əşyasınadək verilib. Onlara sadəcə köçüb gəlmək və burada yaşamaq qalır”.

Hələlik 3 binadan ibarət olan “Məzun evi”ndə dövlət uşaq müəssisələrinin məzunu olmuş 365 gənc mənzillə təmin olunub. Sakinlərin ümumi sayı 854, ailələrin sayı 370, uşaqların sayı 311, subay qızların sayı 53, subay oğlanların sayı 120-dir. Burada daha bir çoxmənzilli binanın təməli qoyulub. Tikiləcək yeni yaşayış binasında 206 mənzil, alt mərtəbəsində də bağça nəzərdə tutulub.

“Bu gün atalı-analı olub, ev ala bilməyənlər var”, – deyən həmsöhbətimiz dövlətin bu şəxslərə həm ata, həm də ana olduğunu vurğulayır. Məzunlar buraya yerləşdikləri müddətdən 6 ayadək bütün kommunal ödənişlər dövlət tərəfindən qarşılanır. Bununla yanaşı, mühafizə xidməti də bu müddətdə pulsuz həyata keçirilir. Sakinlər arasında tələbə olanlar da var. Onların da kommunal ödənişləri 23 yaşlarınadək dövlət hesabınadır. Belə şəxslərin sayı 17-dir.

“Burada yaşayan 3 bacı, 1 qardaş var ki, onların dördü də ali təhsil alır. Ali təhsilli olub müxtəlif qurumlarda – Müdafiə, Ədliyyə, Səhiyyə nazirliklərində çalışanlarımız var. Müəssisəmizdə özünüinkişaf üçün müxtəlif – aşpazlıq, toxuculuq, bərbərlik və digər kurslar var. Bu kurslarda iştirakçıların hər birinə pul da ödənilir və 3 ay müddətində ixtisas öyrənərək iş üçün müraciət edirlər”, – direktor fəxrlə bildirir.

İşdən söz düşmüşkən R.Əhmədov deyir ki, bununla bağlı müvafiq icra hakimiyyətinə müraciət edilir: “”Məşğulluq” altsistemində qeydiyyatdan keçməklə müvafiq iş axtarılır və bu şəxslər işlə təmin olunurlar”.

 

Söhbət əsnasında öyrənirik ki, “Məzun evi”nin ən yaşlı sakini 44 yaşındadır.

Kompleksin həyətində bağban işləyən Fazil İsmayılovla söhbətləşirik.

“Mənim bələyimi dövlət açıb-bağlayıb. Bir var ki, beş yaşınadək valideynlərini görəsən, bir də var ki, heç görməyəsən, onların üzlərini belə xatırlamayasan. Sarayda, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı sosial xidmət müəssisəsində böyümüşəm. Demək olar ki, həyata gözümü orada açmışam. Sonra Bakının Ramana qəsəbəsindəki Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində peşə kurslarında müxtəlif bacarıqlar öyrənmişəm”.

55985382

Bu sözləri deyən Fazil İsmayılov elə indi də təkdir. Bir dəfə ailəli olub, övladı yoxdur. Münasibətləri tutmadıqları üçün ayrılıblar. 1983-cü ildə doğulan Fazil 2-ci qrup əlildir, 130 manat müavinət, bağban kimi də aylıq məvacib alır.

“Ümid pis şeydir həm də. Hər dəfə qapı döyüləndə içimdə bir ümid yaranırdı ki, bəlkə də üzünü görmədiyim valideynlərim məni yada sala, buraya gələrlər. Amma hər dəfə yanılırdım. Orada elə uşaqlar vardı ki, onlara baş çəkilirdi, amma mənim yanıma ümumiyyətlə gələn olmurdu. Qulağım daim səsdə idi. İçimdə sıxıntı yaranırdı. İllər ötdükcə artıq ümidlər tamamilə öldü, düşündüm ki, bu qədər müddətdə arayıb-axtarmayıblarsa, bundan sonra da arayıb axtarmazlar”, – deşilmiş çibandan süzülən, sızıldadan irin kimi xatirələr həmsöhbətimin üzünü qırışdırır.

“Bir dəfə Respublika Sarayının arxasındakı qeydiyyat şöbəsində bir işçi doğum haqda şəhadətnaməmə baxıb dedi ki, orada İsmayılova Şövkət İsmayıl qızının adı var, yəni onun dediyinə görə, o qadın mənim anamdır”, – səsindəki intonasiyanı dərk eləmək çətindir.

Anası onu iki yaşı olanda atıb. Lakin buranın digər bir çox sakinlərindən fərqli olaraq F.İsmayılov onu atan valideynlərinə qarşı kinli deyil: “Səhvsiz insan yoxdur. Allah bağışlayandırsa, mən niyə onu bağışlamayım ki?! O məni 9 ay bətnində gəzdirib, bunu etməyə də bilərdi, mən bətnində ikən məni hər yolla öldürə də bilərdi. Amma bunu etməyib, mənə həyat verib”.

Təzə bünövrəyə doğru baxıram. Qəribə hissdir. Kimlərsə yenə səhv edəcək, kimlərsə yenə qurban olub özü kimilərin yanına köçəcək. Kimsə ömür boyu məhrum olduğu sevgini övladında tapıb susacaq, kimsə yenə bağışlamaq həsrəti ilə yanacaq… Ümidlə sığındığı məkanda ümidini basdırmayacaq…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir