telebe yataqxanasi

Universitetlərin yataqxana probleminin həlli yolu varmı?

Baxış sayı: 544
Azərbaycan universitetlərində təhsil alan tələbələrin bir çoxu yataqxana problemi yaşayır. Universitet yataqxanaları ya ehtiyacı olan tələbə sayına yetmir, ya da ümumiyyətlə, tələbələri qəbul edə bilmir. Hər il kirayə ev axtaran tələbələr və ailələri pərişan olurlar. Az məbləğdə tələbə təqaüdü ilə həm mənzil pulunu ödəmək, həm də digər ehtiyacları qarşılamaq tələbələri isə ailələrini əməlli-başlı çətin vəziyyətdə qoyur.

Mövzu ilə bağlı  danışan iqtisadçı ekspert, İqtisadi və Sosial Araşdırmalara Yardım (İSAY) İctimai Birliyinin (İB) sədri Eyyub Kərimli bildirir ki, bu problemi universitetlər tənzimləmək iqtidarında deyil: “Tələbələrin yataqxana ilə təmin edilməsi məsələsi ölkəmizdə uzunmüddətli sosial problemlərdən biridir. Birinci Qarabağ müharibəsi zamanı öz yurd-yuvalarından didərgin salınmış məcburi köçkünlərimizin əksəriyyəti Bakıda universitetlərin yataqxanalarında yerləşdiriliblər. Həmin yataqxanalarda hazırda boş otaqlar yoxdur. Universitetlər də bu məsələni tənzimləmək iqtidarında deyillər. Belə ki, Azərbaycan qanunvericiliyinə əsasən məcburi köçkünlər evlə təmin olunmamış məskunlaşdıqları yerdən çıxarıla bilməzlər. Bu da böyük hüquqi və sosial problemlər yaradır”.

Ekspert qeyd edir ki, bu istiqamətdə bir sıra xoşagəlməz hallar da müşahidə olunur: “Belə ki, məcburi köçkün statusunda olan müəyyən insanlar var ki, onların evi olduğu halda, yataqxanadakı otaqları boşaltmaq istəmirlər. Bəzən öz evlərində yaşayırlar, həmin otaqları isə kirayə verirlər. Bu məsələlərlə bağlı dövlət orqanlarına müraciətlər olunsa da, bütün hallarda cavab belə olur ki, məcburi köçkünləri evlə təmin etmədən yaşadıqları yerdən çıxarmaq mümkün deyil”.

Kərimli hesab edir ki, artıq torpaqlarımız işğaldan azad edildiyinə görə, bu məsələ də tezliklə öz həllini tapacaq: “İşğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlər evlə təmin edilməlidir və onlar köçürüldükdən sonra həmin yataqxanalar da ya təmir edilərək, ya da yenidən qurularaq tələbələrin ixtiyarına verilməlidir. Uzun illərdir, yataxanalar baxımsız qalıb, yaşayış üçün yararsız hala gəlib. Universitetlər və ya dövlət tərəfindən həmin yataqxanaların təmir edilməsi böyük vəsait tələb edir”.

Ekspert beynəlxalq təcrübəyə də toxundu: “Beynəlxalq təcrübəyə baxdığımızda görürük ki, universitetlərin kampusu var. Universitetə yaxın məsafədə yerləşən kampuslarda tələbələr az vəsait ödəməklə həm yeməklə, həm də yaxşı mənzillə təmin olunurlar. Əlbəttə ki, bu formada tələbə yataqxanalarımız fəaliyyət göstərsə, bu, tələbələrin büdcəsinə xeyli müsbət təsir etmiş olar. Onsuz da az olan təqaüdlərinə qənaət edə bilərlər. Məişət problemləri təhsillərinə mane olmaz”.

“Digər məsələlərdən biri də, universitetlərimizin şəhər mərkəzində olmasıdır. Bu da şəhərə bir gərginlik gətirir. Ona görə də, yaxşı olardı ki, universitetlərin yeni binaları şəhər kənarında tikilsin. Orada bu məsələlər də nəzərə alınsın. Az məbləğ ödəməklə tələbələr üçün şərait yaradılsın”, – deyə Kərimli fikrini yekunlaşdırdı.

Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da  söyləyir ki, xüsusilə bölgələrdən gələn tələbələr bu problemdən çox əziyyət çəkirlər: “Bakıya gələn tələbələr kirayə evlərdə qalmalı olurlar, bu da onlar üçün kifayət qədər böyük vəsait tələb edir. Universitetlərin yataqxanalarında məcburi köçkünlər məskunlaşıblar. Bu da həmin universitetlər üçün çətinliklər yaradır. Bu istiqamətdə müəyyən addımlar atılmasına çalışılır. Son illərdə Bakı Dövlət Universitetinin əvvəlki yataqxanasının yanında o qədər də böyük olmayan “Tələbə evi” tikildi. Təhsil Nazirliyinin xətti ilə tələbələr üçün yataqxanaların yaradılması həyata keçirildi. Amma tələbələrin yataqxana problemi öz mövcudluğunu qoruyur. Bu gün saysız-hesabsız universitet tələbəsi qalmaq yeri çətinliyi ilə üz-üzədir”.

Deputat hesab edir ki, bu gün universitetlərin də qarşısında duran ən vacib məsələlərdən biri elə yataqxana problemidir: “Artıq Qarabağa böyük qayıdışa başlanılacaq. Rayonlarımızda bu istiqamətdə işlər gedir. Yataqxanlarda məskunlaşan məcburi köçkünlər qayıtdıqdan sonra tez bir zamanda təmir-bərpa işləri başladılmalıdır. Yeni yataqxanalar tikilməlidir ki, biz bu problemi həll edək. Bu, sözsüz ki, çox ciddi bir problemdir. İndi kirayə ev tapmaq çətindir. Qiymətlər yüksəkdir. Yemək və digər xərcləri, eləcə də təhsil haqqını üst-üstə gəldikdə kifayət qədər yüksək məbləğ edir. Bu da böyük bir problem yaşadır”.

“Mən arzulayıram ki, gələcəkdə Azərbaycanda ali təhsil müəssisələri kampus formasında fəaliyyət göstərsinlər. Necə ki Türkiyədə bunu görürük. Türkiyənin iri şəhərlərində universitetlər özləri ayrıca bir şəhərcikdir. Orada həm tədris kompleksləri, həm yataqxanalar, həm yeməxanalar və s. yerlərşir. Bu da tələbələrin daha yaxşı təhsil almasına çox ciddi təsir göstərir. Bildiyim qədər Lənkəran Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində bu istiqamətdə müəyyən addımlar atılıb, amma bu ümumilikdə problemin həlli deyil. Yataqxanalar barədə düşünməliyik və tələbələrin bu çətinliyinin aradan qaldırılması üçün addımlar atmalıyıq. Hesab edirəm ki, aidiyyəti qurumlar bu barədə ciddi düşünməlidir və dövlətə də müəyyən təkliflər verilməlidir ki, biz tələbələrin bu problemini həll edək”, – deyə deputat qeyd etdi.

Təhsil eksperti Elvin Bədirov isə  deyir ki, təhsilin digər parametrlərində olduğu kimi, bu məsələdə də orta səviyyəli təhsilə malik ölkələrə uduzuruq: “Ali təhsil müəssisələrimizin əsas problemlərindən biri də yataqxanaların olmamasıdır. Ölkəmizdə nə normal universitet yataqxanaları var, nə də ki ümumi özəl tələbə yataqxanaları. Təhsilin bütün parametrlərində orta səviyyəli təhsilə malik ölkələrə uduzuruq”.

Ekspertin sözlərinə görə, yataqxanalarda məcburi köçkünlərin məskunlaşdığını deyərək, bu istiqamətdə fəaliyyətsizlik göstərmək problemdən yayınmaqdır: “Sovet vaxtı var idi, indi məcburi köçkünlər məskunlaşıb deyə yataqxanalar yoxdur” demək, özümüzü ələ salmaqdan başqa birşey deyil. Bu müddət ərzində Azərbaycanda müxtəlif universitetlər açıla, yeni inzibati binalar tikilə bilirsə, deməli, çox rahatlıqla yataqxanaları da təşkil etmək olardı. Ancaq görünən budur ki, təhsil rəhbərlərimiz bu məsələdə maraqlı deyil”.

“Təhsilimizə bu qədər biganə, ögey münasibət göstərmək sadəcə ölkə təhsilimizi iflic etməklə nəticələnir” deyən ekspert fikrini belə davam etdirib: “Təsəvvür edin, bölgədən gələn bir tələbə həm xeyli məbləğ təhsil haqqı ödəyir, üstəgəl kirayə və yaşam xərclərini qarşlıyır ki, Azərbaycanda perspektivi olmayan təhsil alsın. Normal yanaşan xeyli valideyn və şagird bu xərcləri çəkməkdənsə, daha az xərclə qonşu Türkiyədə təhsil almağı seçir. Təsəvvür edin, 10 il öncə ölkədə az qala 100 mindən çox şagird ali məktəblərə imtahan verirdi, son illərdə şagirdlərin sayı ötən 10 illə müqayisədə daha çox olsa da, imtahan verənlərin sayı 80-85 min arası dəyişir, bu, böyük faciədir. Ancaq heç kimin sanki vecinə deyil”.

“Hər il müxtəlif səbəblərdən, məcburiyyətdən 15-20 min şagird qonşu dövlətlərə təhsil almaq üçün üz tutur. Tələbə yataqxanaları ən qısa müddətdə maksimum keyfiyyətdə təmin edilməlidir. Əgər tədris keyfiyyətimizin artmasını istəyiriksə, o zaman kompleks tədbirlər görməliyik”, – deyə Bədirov bildirdi.

 

Aləmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir