Beden

Ürəyin sağda olması xəstəlikdirmi?

Baxış sayı: 1. 095

Dünyada 130 min insandan birinin ürəyi sağdadır. Orqanların yerdəyişməsi hallarına tibdə “Situs inversus” deyilir. Ürəyi sağda olanların əksəriyyətinin digər orqanları, eləcə də damarları simmetrik olaraq yerini dəyişir. Buna tibdə güzgü effekti deyilir. Qaraciyər və dalaq yerini tam dəyişdiyi halda mədə nisbətən sağa meylli olur. Həkimlər bu yerdəyişmələri qanunauyğunluq kimi qəbul edirlər. Lakin çox nadir hallarda rast gəlinsə də, bəzən ürəyi sağda olanların orqanları yerini dəyişmədən qala bilir.

Ürəyin döş qəfəsində yerini dəyişməsi “Dekstrokardi” adlanır. Ürəyin sağda olması ilə bağlı ilk məlumat məşhur rəssam Leonardo da Vincinin (1452-1519) adı ilə bağlıdır. Onun bu barədə bir rəsmi var. Uzun illər keçdikdən sonra (1643-cü ildə) bu barədə məlumatlara Marco Aurelio Severino adlı alimin qeydlərində də rast gəlinir. Bu qeydlərin üzərindən 1 əsr keçdikdən sonra orqanların yerdəyişməsi (“situs inversus”) ilk dəfə alim Matthev Baillie tərəfindən rəsmən təsdiqlənib.

Ürəyi sağda olanlar arasında tək yumurta əkizləri üstünlük təşkil edir. Bunun irsi olması ilə bağlı təzadlı fikirlərə rast gəlmək mümkündür. Ürəyi sağda olanlarda rast gəlinən ürək xəstəlikləri elə normal insanlardakı kimidir. Ümumiyyətlə, bu insanlar tibbi müayinədən keçməyənə kimi ürəklərinin sağda olduğunu bilmirlər. Yəni, xüsusi bir narahatlıq yaşamırlar.

Ürəyin sağda olması xəstəlik hesab edilmir, bununla bağlı heç bir müalicə də tətbiq olunmur.

Bəs ürək niyə yerini dəyişir? Bəzi alimlər hesab edirlər ki, bu, genlərin mutasiyaya uğraması ilə bağlıdır. Bir çoxu isə bunu təkzib edir. Yekun nəticə budur ki, ürək yerdəyişməsinin dəqiq səbəbi hələlik bəlli deyil.

Qeyd edək ki, bu insanların əsas problemləri orqan köçürülməsi zamanı yarana bilir. Belə ki, ürəyi, buna müvafiq olaraq da qaraciyəri sağda yerləşən şəxslərə normal donorlardan orqan köçürmək mümkün olmur.

Ürəyi sağda olan insanların ciddi problemləri olmasa da, bundan xəbərdar olmaları vacib sayılır. Bu insanlar normal qaydada uzun ömür sürürlər, onlardan bəziləri 90-100 ilə kimi yaşayırlar.

Dünyada kifayət qədər məşhur insanın ürəyi sağda olub. Bu sırada məşhur müğənnilər Barry Manilow, Gene Simmonsun adı çəkilir. Azərbaycanda da ürəyi sağda olan məşhurlar var. Məsələn, mərhum xalq şairi Bəxtiyar Vahabzadənin ürəyi sağda olub. Şair sağlığında mətbuata verdiyi müsahibələrində heç vaxt ürəyindən şikayətlənmədiyini bildirib. O, 83 il ömür sürüb.

Həkimlər belə insanların qeydiyyata alınmasını məqsədə müvafiq hesab edirlər. Dünyanın bir neçə ölkəsində ürəyi sağda olanların dərnəyi yaradılıb. Azərbaycanda isə bununla bağlı hələlik hər hansı addım atılmayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir