adlar

Uşağa ad qoyarkən necə seçim edək?

Baxış sayı: 1. 847

Ailə quran hər kəs gələcək övladlarına adlar seçir. Bəzən aylarla bu mövzuda götürqoy edir, siyahı tutur, adın birini silib, yerinə başqasını yazırlar. Nə qədər də şirin bir axtarışdır. Allah hər kəsə bu cür axtarış nəsib etsin…

Bizdə ad seçəndə adətən müxtəlif mənbələrə üz tuturlar: ya dədə-baba adı seçirlər, ya ailənin sevimli bir şəxsinin adı üzərində dayanırlar, ya da bilənlərə müraciət edib xeyirli bir ad istəyirlər. Həqiqətən də bu mövzuda uzun-uzadı düşünməyə dəyər. Çünki bu məsələ çoxlarının düşündüyü kimi adi bir iş deyil. Təsəvvür edin ki, yeni doğulmuş o uşaq ömür boyu çox şeyini dəyişəcək, ancaq o ad həmişə onunla birlikdə olacaq. Ona görə də elə ad seçmək lazımdır ki, uşağınız gələcəkdə ondan utanmasın. Ümumiyyətlə, gərək unutmayaq ki, uşağına gözəl, mənalı bir ad vermək valideynin əsas borclarından biridir.

Xətalı adlardan qaçın

Bəlkə də çoxumuz fərqinə varmırıq, ancaq alimlər valideynin uşağıına verdiyi ada görə də sorğu-suala çəkiləcəyini bildirirlər. Ona görə də zərərli, xətalı adlardan uzaq durmaq lazımdır. Bir hadisəni xatırladaq: Peyğəmbərimizin (s.ə.s.) ən yaxın səhabələrindən biri olan Əbu Hüreyrənin adı Abduşşəms idi. Rəsulullah onun bu adını dəyişərək Abdurrahman qoydu və belə buyurdu: “İnsan Ayın, Günəşin qulu ola bilməz (”Abduşşəms” “Gü-nəşin qulu” deməkdir), insan Allahın qulu ola bilər (Abdurrahman “mərhəmətli Allahın qulu” deməkdir)”. Bu mənada xalqımız arasında yayılmış adları araşdırsaq, bir çoxunun xətalı olduğu üzə çıxar. Məsələn, Xanverdi, Şahverdi, Ağaverdi, Bəyqulu, Şahqulu, Pirverdi, Ocaqqulu… Nə yazıq ki, bu siyahını xeyli uzatmaq olar. Unutmayaq ki, bizi yaradan Allahdır və Onun haqqını inkar etmək də nankorluqdur. Ona görə də bu cür adlardan uzaq durmaq lazımdır, hətta dədə-babamızın adı olsa belə…

Sovetdən qalma adlar

Bəlkə də indiki gənclərə bir qədər qəribə görünəcək. Ancaq inanın ki, sovet dövründə bəzi ictimai-siyasi motivli sözlər ad kimi istifadə olunurdu. Yəqin ki, İnqilab, Təşkilat, Sovet, Şura, Yanvar, Fevral adlarını siz də eşitmisiniz. Hələ bunlar o qədər də qəribə görünmür. Daha betərləri var idi: Kommunist, Radist, Mühəndis… Bəlkə də gülməli səslənir, ancaq bunlar reallıq idi. O adamlar təbii ki, adlarını deyəndə sıxılırdılar, utanırdılar.

Yadelli adlar

Telman, Elza, Flora, Natella, Roza kimi xeyli xarici mənşəli adlar artıq özümüzünkü kimi səslənməkdədir. Rusiya və Avropa mənşəli bu sözlər leksikonumuza təxminən 50-60 il əvvəl ayaq açmağa başladılar. Qəribədir ki, analoji proses bu gün də davam etməkdədir. Ancaq indi həmin əcnəbi adlar həyatımıza daha çox teleseriallar vasitəsilə yol tapır. Belə ki, serial vurğunu olan ana və ya nənə uşağına filmin baş qəhrəmanının adını verir. Ətrafınıza yaxşı baxsanız, dediklərimizin şahidi ola bilərsiniz.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir