Uşağa neçə yaşından ikinci dil öyrətməli? – ARAŞDIRMA

Baxış sayı: 1. 352

Uşaqlara təzə dil açmağa başladığı vaxtdan ikinci dil öyrətmək artıq günümüzdə adi hal alıb. Bunun ən asan yolunu isə valideynlər övladlarına rus, ingilis, yaxud digər dillərdə olan cizgi filmlərini izlətməkdə görürlər. Tədqiqatlar göstərir ki, xarici dil öyrənən uşaqlar digər fənlərdə də uğurlu olur, gələcək karyeralarını elə kiçik yaşlarından qurmuş olurlar. Amma baxır dili uşağa hansı yaşda öyrədirik. Uşaqlara neçə yaşından dil öyrətmək lazımdır? Erkən yaşda dil öyrənməyin fəsadları nə ola bilər? Bu və digər suallarımıza mütəxəssislərlə söhbət zamanı aydınlıq gətirdik.

Yaş ləngiməsi olanlara ikinci dil daha gec öyrədilməlidir

Bəzi loqopedlər oyun şəklində dil öyrənmək üçün 3 yaşı məsləhət görsələr də, ikinci dil öyrənmək üçün əksəriyyət 5 yaşın uyğun olduğunu vurğulayır. Psixoloq Narınc Rüstəmova bizimlə söhbətində bildirdi ki, ailədə hansı dildə danışılırsa, uşaq da bu dildə dil açmalıdır. Psixoloq bəzi valideynlərin azyaşlı övladlarına əlavə dil öyrətməyə meyl etməsini özlərinin yarımçıq arzularını uşaq üzərində tamamlamaq istəyi ilə izah etdi: “Ailədə heç kim rus dilində danışmadığı, hətta bir kəlmə bilmədiyi halda, uşağı bağçaya, yaxud məktəbə rus dili bölməsinə qoyurlar. Bu, düzgün deyil. Uşaqlara xarici dilin öyrədilməsinə 5 yaşdan erkən başlanılmamalıdır. Yaş ləngiməsi olan uşaqlara isə daha gec yaşlarında ikinci, üçüncü dil öyrədilməlidir. Yəni əgər uşaq 3 yaşında dil açıb danışırsa, təbii ki, 5 yaşında ona xarici dili öyrətmək tezdir”.

Hər bir dilin özünəməxsus ahəng qanunu, vurğusu olduğunu xatırladan müsahibimiz bu ayrıntıları nəzərə almağın vacibliyindən danışdı: “Azərbaycan dilində sözlərin əksəriyyətində vurğu sözün son, rus dilində ilk hecasına düşür. Nitq aparatı buna uyğun formalaşır. Uşağın nitq aparatı tam formalaşmamış ikinci dili öyrətməyə başlasaq, onlarda dil aparatı problemləri yaranacaq. Hətta dişlərin tez çürüməsi, tökülməsi prosesi gedəcək. Çünki ağız aparatı tələffüzə görə formalaşır, fərqli dil öyrədəndə damaq dərin olur və enlənməyə imkan olmur. Nəticədə nitq aparatı dəyişməyə, dil uzanmağa, tonus yaranmağa başlayır, uşaqlarda kəkələmə özünü göstərir. Buna görə də uşaqlara ikinci dil 4-5 yaşından tez öyrədilməməlidir. Əvvəl uşaqın dil açdığı ilk dil vərdişləri formalaşdırılmalı, ağız aparatı yerində oturmalıdır. Uşağın ağız aparatı tam formalaşdıqdan sonra əlavə dili qəbul edə bilər”.

Uşaqların mexaniki bacarığı

Azərbaycanda öz ana dilimizdə cizgi filmi çatışmazlığının olduğunu deyən N.Rüstəmova valideynlərin çaşqınlıq içində qaldığını bildirdi: “Uşaqlar kiçik yaşlarından türk, ingilis, yaxud rus dilində cizgi filmlərinə baxır və özləri də bilmədən həmin dildə danışırlar. Bu zaman valideynlər fəxr edirlər ki, uşaqları rus, türk dillərində cizgi filmlərinə baxıb onlarla o dildə danışırlar. Amma bunlar uşaqlarda mexaniki bacarıqlardır, valideynlər bununla fəxr etməməlidir. Bəzən uşaqda nitq ləngiməsi olduğundan öz dilində normal danışa bilmir, amma ingilis dilində 10-a kimi sayır, rəngləri deyir. Valideyn bununla fəxr edir. Hansı ki, bunlar birmənalı şəkildə uşaqların nitq aparatını korlayır və belə uşaqlarda nitq qüsurlarının yaranması riski bir dildə danışan uşaqlara nisbətən daha çoxdur”.

Övlada valideynlərin danışdığı dil öyrədilməlidir

Ölkəmizdə kifayət qədər ailələr var ki, rusdillidir. Uşaqlar cəmiyyət içinə çıxanda ətrafdakılar Azərbaycan dilində danışsa da, valideynləri rus dilində danışır. Bu, uşaqlarda hər hansı problem yaratmır ki? N.Rüstəmova deyir ki, belə ailələrdə böyüyən uşaqlarda heç bir problem yaranmır: “Çünki uşağın ilk təmas qurduğu insanlar valideynləri, qardaş-bacısı olduğundan 3 yaşına qədər günlərinin çoxunu onlarla keçirir və nəticə etibarilə heç bir dil qüsuru ilə rastlaşmırlar. Uşağın valideynləri hansı dildən istifadə edirsə, uşağa da həmin işlək dil öyrədilməlidir. Valideynin öz həvəsinə görə uşağa vaxtından əvvəl əlavə dil öyrətməsi düzgün deyil. Şəxsən mən uşağımı bağçada Azərbaycandilli qrupa qoymuşam. Hamı onu niyə rusdilli, yaxud ingilisdilli qrupa qoymadığıma görə təəccüblənir. İnsanlara izah etməyə çalışıram ki, özüm rus, ingilis dilindən istifadə etmədiyim, evimizdə Azərbaycan dili işlək olduğu halda niyə uşağımı başqa dildə qrupa qoymalıyam? Təəssüflər olsun ki, bizdə valideynlər fəxr edirlər ki, uşaqları əlavə dil bilir, yaxud rusdilli ailədirlər, uşaqları rusca hazırlığa gedir. Amma ilk olaraq uşaq valideynlərinin danışdığı dili gözəl mənimsəməlidir. Mənim uşağımın da 5 yaşı olandan sonra istədiyim dili öyrənməsi üçün dil kursuna qoyacağam”.

Uşaqlara fərdi yanaşılmalıdır

Uşaqlara fərdi yanaşmanı vacib sayan psixoloqun sözlərinə görə, hətta 5 yaşından sonra da bəzi uşaqlarda əlavə dil öyrənmək bacarığı formalaşmaya bilər: “Dünən bir valideynlə görüşmüşəm, 2 yaş 7 aylıq qızını məktəbə hazırlıq qrupuna qoymaq istəyir. Bəzən valideynlər öz arzularını gerçəkləşdirmək üçün uşaqlardan vasitə kimi istifadə edirlər. Bunlar olmamalıdır. Valideynlər uşaqlarına fərdi yanaşmaldır. Uşaqların potensialını, intellektual inkişafını yoxlayan xüsusi mütəxəssislərdən, psixoloq-pedaqoqlardan dəstək almalarını tövsiyyə edərdim. İki övladdan birinin çox gözəl dil öyrənmə qabiliyyəti ola bilər, digərində olmaz. Şərt deyil ki, 5 yaşına çatanda bütün uşaqlara dil öyrətmək mümkündür. Amma normalda 5 yaşında uşaq artıq dil öyrənməyə hazırdır”.

N.Rüstəmovanın fikrincə, digər tərəfdən, erkən yaşda dil öyrətmək həm də uşaq üçün əlavə yükdür, onu dildən uzaqlaşdıra, dil haqqında təsəvvürlərini neqativ tərəfə yönləndirə bilər.

Qeyd edək ki, Britaniyada 17 min məktəbli arasında keçirilən sınaq təcrübəsi göstərib ki, fransız dilinin tədrisini 11 yaşında başlayan məktəblər 7 yaşında başlayanlardan daha yaxşı nəticəyə nail olublar. Dil sahəsində keçirilən ən böyük araşdırma olan bu hesabatın müəllifləri hesab edirlər ki, ikinci dil tədrisini nisbətən gec yaşlarda başlamaq lazımdır. Gec başlamanın yeganə mənfi tərəfi uşaqların ləhcə ilə danışmasıdır. Uşaqlıqdan öyrənilən dildə ləhcəsiz danışmaq ehtimalı daha yüksəkdir.

Alimlər onu da vurğulayırlar ki, uşaqların ikinci dili asan və doğru yollarla öyrənmələri üçün 6 yaş ərəfəsində o dillə bağlı təhsilə başlamaq məsləhətdir. Çünki bu dövr uşaqların dinləmə bacarıqlarının ən elastik olduğu, öyrənmək üçün ən çox istək və maraq duyduqları və motivasiyalarının yüksək olduğu dövrdür.

Nitq ləngimələri çoxalıb

Bəzən ailə quran tərəflər müxtəlif millətlərin nümayəndələri olur. Məsələn, azərbaycanlı qız, yaxud oğlan ingilis, rus, türkdilli insanla ailə qurur. Bu halda cütlüklər uşaqları ilə hansı dildə danışmalıdır?

N.Rüstəmova iki dildə danışan valideynlərin uşaqlarında ciddi problem görmədiklərini bildirdi: “Belə hallarda çalışırıq valideynləri vahid dildə danışmağa yönləndirək. Amma ümumilikdə ailədə iki dildə danışılsa belə, bu cür ailələrdə böyüyən uşaqların əksəriyyətində dil qüsuru olmur. Çünki uşaq davamlı olaraq hər iki dildə təmasda olur. Çox sevdiyi, mütəmadi gördüyü insanlar bu dillərdən istifadə edirsə, onlarda çox vaxt problem yaranmır. Təbii ki, bu da uşaqdan asılıdır. Məsələn, ötən il bizim mərkəzə Rusiyada yaşayan azərbaycanlıların uşaqları çox müraciət etdi. Rusiyada ailədə Azərbaycan dilində danışıldığı halda, uşaqlarını məcbur qalıb rusdilli bağçalara, məktəblərə qoyublar. Bu da uşaqlarda problem yaradıb. Belə uşaqlar hətta gec dil açırlar. Uşaq iki dil arasında qalır, hansı dildə danışacağını bilmir. Bir dildə danışır, başqa bir dildə düşünür. Bu da uşaq üçün çoxlu çətinliklər yaradır. Ümumiyyətlə, valideynlər 3 yaşına qədər uşaqların nitq inkişafına diqqət yetirməlidirlər. 3 yaşında uşaq 2 mindən çox söz bilməli, mürəkkəb cümlələrdən istifadə etməli, şeirlər, nağıllar danışmalı, hadisəni əhatəli şəkildə başa düşdüyü formada izah etməlidir. Bunlar varsa, deməli, uşağın nitq inkişafı doğru şəkildə gedir. Ümumiyyətlə, günümüzdə nitq ləngiməsi çoxdur, çünki uşaqlar danışmaq, ətrafındakılarla ünsiyyətə girmək əvəzinə daha çox kompyuter, planşetlə oynayırlar”.

Amerikada aparılan araşdırmalar göstərir ki, ana və atanın fərqli dillərdə danışması uşaqlarda dil problemi yaratmır. 0-3 yaş arasındakı uşaqların müxtəlif iki dili eşitməsi problem yaratmır. Üstəlik, uşaq hansı valideynin hansı dildə danışacağını bilərək danışır və dilləri bir-birinə qarışdırmır. Burada əhəmiyyətli olan məsələ uşaqla ünsiyyətdə olan insanların dillərdən mütəmadi və ardıcıl şəkildə istifadə etməsidir. Uşaqla ünsiyyəti olan şəxslərdən hər biri vahid bir dildə danışmalı, ünsiyyətə o dildə davam etməlidir.

Uşağın nevroloji vəziyyəti nəzərə alınmalıdır

Uşaq nevropatoloqu Yaqut Səfiyeva bizimlə söhbətində uşaqların oynamaq, top dalınca qaçmaq istədiyi bir vaxtda valideynlərin onları qarşılarında oturdaraq ikinci dil öyrətməsini düzgün saymır: “Uşaq ana dilində təmiz danışandan sonra məsləhət görülür ki, əlavə dil öyrədilsin. Söhbət uşağın nitq mərkəzinin formalaşmasından gedir. Nitq mərkəzi formalaşmamış ikinci dil öyrədilməyə cəhd ediləndə loqonevrozlar, yəni nitqdə problemlər, kəkələmələr yarana bilər. Buna görə yaxşı olardı ki, həkim-mütəxəssis uşağı psixoloji, nevroloji vəziyyətinə uyğun qiymətləndirsin, yalnız bundan sonra uşağın ikinci dilə açıq olub-olmadığı aşkarlana bilər. Ola bilər ki, valideyn öz uşağını ikinci dil öyrənməyə hazır sayır, amma yaxşı olar ki, həkimlər, psixoloqlar uşaqda adaptasiyanın necə getdiyini, uşağın nitq inkişafı, nevroloji, psixoloji vəziyyətini yoxlasınlar. Bundan sonra nəticəyə uyğun olaraq valideynlər uşaqlarına ikinci dili hansı yaşda öyrətmələri barədə düşünsünlər. Kor-koranə, uşaq iki-üç dil bilsin deyə, onu dil kursuna qoymaq məsləhət deyil”.

Həkim deyir ki, əks təqdirdə, uşağın psixikası, nevroloji vəziyyəti normadan artıq yüklənir: “Uşağın uşaq həyatı var, daha çox əylənməli, daha çox havaya çıxmalı, oynamalıdırsa, biz onun əvəzində uşağı dil öyrənməyə məcbur ediriksə, uşağın beynini gücə salırıq. Bu zaman normal uşaqda belə əsəbilik artır, nevroz vəziyyəti pisləşir, yuxusu pozulur, normal danışdığı ana dilində problemlər yaranmağa başlayır. Bir sözlə, nitqi, psixoloji vəziyyəti tam formalaşmamış uşağı ikinci, üçüncü dillə yükləməyin tərəfdarı deyiləm”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir