ev isleri

Uşağa təmizlik sevgini necə aşılamalı?

Baxış sayı: 962

Yazının başlığını oxuduğunuz zaman hər hansı versiyanız yarandımı? Görəsən, uşaqda təmizliklə bağlı sevgini necə yaratmaq olar deyə düşündünüzsə, bu yazını sona qədər oxumaqla suallarınıza cavab tapa bilərsniz.

Bunu unutmayın ki, uşağı zorla təmizliyə məcbur etmək əks nəticə verə bilər. Bunun üçün əvvəla özünüzdən başlayın. Özünüz evdə səliqə-sahmana fikir verin. Çünki uşaqlar adətən, valideynlərin dediklərini yox, onların vərdiş və davranışlarını mənimsəyirlər. Əgər sizin şəxsi əşyalarınız ətrafa səpələnibsə, uşaqdan oyuncaqlarını yığışdırmağı tələb etməyiniz təsirli olmayacaq.

Bu xüsusda başqa bir vacib məsələ də var. Əgər siz evdə təmizlik işləri apararkən daim yorğun və narazı olduğunuzu bildirsəniz, uşaqda bu işin yorucu və darıxdırıcı olduğu təəssüratını yarada bilərsiniz. Əhvalınız yaxşı deyilsə, təmizliyi bir qədər təxirə salın və uşağınızı evdəki səliqəsizliyə görə danlamayın.

Uşaqlarda təmizliyə sevgini və təmizlik vərdişini aşılamaq üçün bəzi amilləri nəzərə almaq lazımdır. İlk olaraq təmizlik apardığınız vasitə və əşyalar köhnədirsə, onları yenisi ilə əvəz edin, evinizə xoş ətir verəcək müxtəlif aromatizatorlar alın.

ev isleri

Evi təmizləməyə təbəssümlə başlayın. Təmizlik işləri zamanı musiqi dinləyin, yeri gəldikdə ritmik hərəkətlər və rəqs edin. Övladınızı xoş sözlərlə kömək etməyə həvəsləndirin. Beləliklə, övladınızda tədricən təmizlik vərdişləri formalaşacaq. İki və daha çox övladınız varsa, rəqabət əsasında təmizlik işi təşkil edin və qalibə mükafat vəd edin.

Uşaqlarda təmizlik vərdişinin formalaşması müəyyən zəhmət və vaxt tələb edir. Ancaq uşaqlıqda mənimsənilən bu cür vərdiş və bacarıqlara görə uşaqlar sizə daim minnətdar olacaqlar.

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir