usaq

Uşağı necə cəzalandıraq? – FRANSIZ PEDAQOQDAN MƏSLƏHƏTLƏR

Baxış sayı: 1. 442

Uşaq tərbiyəsi bütün valideynlərin “Axilles dabanı”dır. Aldığımız ali təhsilin səviyyəsindən, mütaliəmizdən, məlumatlılıq səviyyəmizdən asılı olmayaraq, zaman-zaman bu məsələdə büdrəyirik. Daha çox azadlıq verməli, ya nəzarəti gücləndirməli? Maksimum həlimlik, ya dəmir sərtliyi? Bəli, ətraf mühitin, məktəb çevrəsinin, telefonun, internetin də qarşımıza çıxan böyük əngəllər olduğunu düşünsək, uşağı onlardan maksimum necə qorumağın yollarını tapmaq çətinləşir.

40 ildən artıq təcrübəsi olan, peşəkar fransalı pedaqoq Üget Roza (Huguette Rose) publika.az saytına müsahibəsində uşaq tərbiyəsinin spesifik cəhətlərindən danışıb. Onun müsahibəsində ideal valideyn olmağın yollarından bəhs edilib. Öncə ondan başlayaq ki, Ü.Roza Fransada uşaqıarın 4 yaşından etibarən “ana məktəbi”nə qəbul edildiyini bildirib. Onun sözlərinə görə, burada onlar daha sərbəst olmağa, öz ayaqları üstə durmağa, təbii ehtiyaclarını tam ödəmək və s. kimi vərdişlərə alışdırılırlar. Hər gün fasilələrlə bir neçə saat uşaqlarla məşğələlər keçirilir: “Bu isə sözsüz ki, əyləncəli şəkildə baş verir. Müxtəlif uşaq mahnıları, oyunlar və əlvan şəkilli kitabların köməyilə onlar əlifbanı öyrənməyə hazırlaşırlar. Əl işləri hazırlayır, rəsmlər çəkirlər. İkinci mərhələ isə 6 yaşdan etibarən başlayır. Bu mərhələdə balacaları yormadan, oxuyub-yazmaq öyrədilir. Onlar hazırlıq dövründə keçdiyi məşğələlərdən sonra bu mərhələdə yorulmurlar. Bəzən isə yazıb-oxumaq mərhələsini də iki hissəyə ayırırıq. Məsələn, 6 yaşda hazırlıq, 7 yaşdan sonra isə yazıb-oxumaq. İmtahan 6 yaşlı uşağın sinir sisteminə çox pis təsir edə bilər. Hesab edirəm ki, bu yaşda uşağın belə məsuliyyətə cəlb edilməsi düzgün deyil”.

Pedaqoq eyni zamanda bildirib ki, ibtidai siniflərdə uşaqlara ilk tədris illərində yazıb-oxumaq, rəqəmləri öyrənib, sadə hesablama işlərinin öhdəsindən gəlmək, həndəsi fiqurlar haqda anlayış vermək, ətraf aləmlə bağlı sadə biliklər toplamaq, musiqi və idman dərsləri tədris etmək, sadə hekayələr öyrətmək yetərlidir. Ü.Roza eyni zamanda müəllimlərin uşaqlara necə yanaşmalı olmasının detallarından da danışıb. Onun fikrincə, müəllim uşağın güvənini qazanacaq qədər təbii və sakit səslə ünsiyyətdə olmalıdır: “Müəllimin əsas məqsədi şagirdinin inamını qazanmaqdır. Əgər uşaq bir neçə dəfə irad tutmağınıza rəğmən səhvini anlamırsa, səs tonunuzu bir az qaldırıb, daha amiranə tərzdə danışmaq olar. Lakin hətta cəzalandırarkən belə bunu daxili rahatlğınızı qoruyaraq, səsini yüksəltmədən edin. Təbii ki, inkişaf etmiş sivilizasiyalarda fiziki şiddətdən söhbət gedə bilməz. Bu barbar cəza üsulu sayılır. Lakin səhvini başa salmaq üçün onu sevimli məşğuliyyətindən uzaqlaşdırmaq və ya sinif yoldaşları ilə birgə əylənməkdən məhrum etmək olar. Hətta bunu edərkən belə təmkini qorumaq mütləqdir”.

Biz azərbaycanlıların “qadın müəllimə uşaq üçün daha doğmadır” yanaşmasının əksinə olaraq, pedaqoq deyib ki, kişi müəllimlə ünsiyyət övladınızın atası ilə münasibətinə də müsbət təsir edəcək: “O, atası ilə də anası qədər rahat və sərbəst davrana biləcəyini dərk edəcək. Bu hal cəmiyyətimizdə böyüyən oğlan övladlarımıza daha çox fayda verir. Çünki onlar qarşılarındakı müəllimdən nümunə götürüb, onun kimi güclü, cəsarətli və mərhəmətli olmağı öyrənəcəklər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir