USAQLAR

Uşağı pulla tanış etmək lazımdır, amma…

Baxış sayı: 1. 214

Pulu qazanmaqla iş bitmir, həm də onu xərcləməyi bacarmaq önəmlidir. Bu isə heç də hər kəsdə uğurlu alınmır, gərək bu istiqamətdə məlumatlı olasan. Məlumatlılıq isə kiçik yaşlardan başlayaraq davamlı olaraq aparılanda, daha effektli nəticə əldə etmək mümkündür. Yuxarı yaşlarda bilikləri əldə etmək insanın özündən asılı olursa, uşaq vaxtı bu məsuliyyət valideynlərin, bağça və məktəblərin üzərinə düşür. Düz və ya səhv olmasından asılı olmayaraq, hər valideynin, ailənin yanaşması isə fərqli ola bilər.

Mərkəzi Bankın iqtisadi maarifləndirmə və maliyyə savadlılığı proqramında məhz uşaqların maliyyə cəhətdən məlumatlandırılması da var. Bağçada 5 yaşdan başlayaraq balacaların bu istiqamətdə məlumatlanması ilə bağlı işlər aparılır. “Örnək” rubrikasında Mərkəzi Bankın İqtisadi maarifləndirmə şöbəsinin rəisi Ülkər Babayeva ilə məhz bu istiqamətdə söhbətləşdik.

Bağçalarda bu işə ötən ildən başlanılıb

Ü.Babayeva deyir ki, Mərkəzi Bankın iqtisadi maarifləndirmə və ya maliyyə savadlılığı tədbirləri bir neçə yaş qrupunu hədəfləyir: “Mərkəzi Bank maliyyə savadlılığı sahəsində bu məlumatlandırma işinə bağçalardan başlayır. Bağçalarda 5-6 yaşlı uşaqları, yəni məktəbəqədər qrupda olanları öyrədirik. Bağçalarda bu işi görməyə ötən ildən başlamışıq. Hələ ki, Bakı, Sumqayıt və Abşeron rayonlarını əhatə edir. Bura həm özəl, həm də dövlət bağçaları aiddir. Daha sonra məktəblilər üçün də bu işi davam etdiririk. Əsasən Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda məktəblərə gedirik. Lakin bölgələrə gedəndə, bankların, sığorta şirkətlərinin rayonlardakı filialları ilə birgə, rayon məktəblərinə səfər edirik. Ümumilikdə isə tələbələr, hətta universiteti bitirən, iş həyatına başlayan gənclər, müəllimlər, dövlət və ya özəl təşkilatlar və s. üçün bu işi aparırıq. Maliyyə savadlılığı istiqamətində keçirilən bu tədbirlərimiz ödənişsizdir. İstənilən müəssisə bu cür maarifləndirmə işlərinin aparılması ilə bağlı bizə müraciət edə bilər ”.

Ülkər xanım bildirdi ki, bağçalar özləri bu cür maarifləndirmə işi üçün Mərkəzi Banka müraciət edirlər: “Əvvəllər bağçalarımız bu haqda məlumatlı deyildilər, ona görə, əsasən biz müraciət edirdik ki, uşaqlara bu istiqamətdə məşğələ keçək. Amma bu işlərimiz dava etdikcə, daha çox bağçada olduq, “Facebook”da “Maliyyə savadlılığı” səhifəmiz var, orda paylaşdıq. Getdikcə digər bağçalar da bu haqda məlumatlı oldular, özləri bizi dəvət edirlər”.

 

“Pul əl çirkidir” ifadəsini əsas götürürlər

Ü.Babayeva deyir ki, Bakı şəhərində yerləşən bağçalarda uşaqların pulla tanış olduqlarını müşahidə ediblər: “Bakıdakı bağçalarda uşaqlar pulla kifayət qədər tanışdırlar. Düzdür, üzərindəki nişanları, onların mənasını bilmirlər, amma pulu tanıyırlar. Hansı pula nə ala biləcəkləri haqda da məlumatlıdırlar. Hətta, bəzi bağçalarda uşaqlar kartla da müəyyən qədər tanışdırlar”.

Azyaşlı uşaqları pulla tanış etmək, onlara maliyyənin nə olduğunu öyrətmək isə heç də asan deyil: “Ən çətin auditoriya uşaqlardır. Bəzən valideynlər övladlarını kiçik yaşlarında pulla tanış etmirlər. Uşağı pulla tanış etmək lazımdır, amma bunu bir az düzgün şəkildə aparmaq daha yaxşı olar. “Pul əl çirkidir” ifadəsini valideynlər əllərində əsas götürərək, övladlarını kiçik yaşdan pulla tanış etmirlər. Amma biz bu ifadənin mikroorqanizmlər, bakteriyalarla əlaqəli olduğunu izah etməyə çalışırıq”.

Ehtiyaclarımızla istəklərin fərqini öyrədirik

Ü.Babayeva deyir ki, uşaqlara maliyyə savadlılığı onların başa düşəcəkləri şəkildə aşılanır: “Birbaşa mühazirə oxuma tipli metodlarla işləmirik. Seminar və məşğələlərimiz uşaqlarla oyun tipli olur. Məktəbəqədər müəssisədə bir məşğələ 20 dəqiqəni aşa bilməz. Bu, bağça standartlarına aiddir və biz də ora gedərkən bu qaydaya riayət edirik. Tutaq ki, biz bir manatlıq əskinası onlara öyrədiriksə, oyunlarla izah edirik. Sual-cavabla isə öyrəndiklərini bərkitməyə çalışırıq.

Bu oyunlar yaş qruplarına görə dəyişir. 7-8-ci siniflərə tələb, təklif, bazar mexanizmini öyrədəndə, köynək nümunəsi üzərindən edirik. Uşaqlar kağız üzərində köynək dizayn etməyə, onu satmağa çalışırlar. Bunun üçün köynəyin üzərinə müxtəlif naxışlar vururlar. Marketinq strategiyası qurmağa, biznes plan hazırlamağa çalışırlar. Tələb-təklif nədir, necə yaranıb? Qiymət necə formalaşıb? Bunları öyrənirlər”.

Öyrətmə proqramı uşağın yaşına görə aparılır. Ü.Babayevanın sözlərinə görə, lap kiçik yaşlarda baza bilikləri verilir: “1 manata nə almaq olar?”, “1 manatda neçə qəpik var?”, “Pul necə yarandı?”, 2Tədavülə necə buraxıldı?”,  “Barter nədir?” və s. mövzuları bağçada uşaqlara izah etməyə çalışırıq. Məktəblilərə gəldikdə isə təhsil proqramında 1-9-cu siniflərdə tədris olunan “Həyat bilgisi” adlı fənn var. Həmin fənnin tərkibində bir neçə sahəni əhatə edən standartlar var. Onlardan biri də iqtisadi maarifləndirmədir. Mərkəzi Bankın iqtisadi maarifləndirmə şöbəsi olaraq həmin standartları əhatə edən geniş təlim qururuq. O təlimləri “Həyat bilgisi” fənnini tədris edən müəllimlərə də keçirik. Əgər birinci sinfə gediriksə, orada mövzu nədirsə, biz iqtisadi maarifləndirməni o istiqamətdə aparırıq. Hər sinfin proqramına uyğun işləyirik. Məktəb illərində uşaqlara pulla necə davranmaq lazım olduğunu, pulun təhlükəsizliyinin, alış-verişin, kampaniyaların, gəlir və xərcin nə demək olduğunu və s. bilikləri aşılayırıq. Ehtiyaclarımızla istəklərin fərqini öyrədirik. Uşaq bunu müəllimdən, kitabdan da öyrənir. Sadəcə, biz onu oyunlarla, daha interaktiv şəkildə, animasiyalarla açıq şəkildə aşılamağa çalışırıq”.

 

Uşaq pulun məhdud olduğunu, əziyyətlə qazanıldığını anlamır

Müsahibimiz deyir ki, iqtisadi cəhətdən maarifləndikcə, uşaqlar kiçik yaşdan pulla davranmağı, qənaət, yığım etməyi, məqsədlər qoymağı öyrənirlər: “Pulla davranışı biz kiçik yaşlarda öyrətməsək, onlar bunun əhəmiyyətini daha gec anlayır. Çox zaman deyirik ki, övladımız mütəmadi olaraq nə isə istəyir. Çünki uşaq pulun məhdud olduğunu, əziyyətlə qazanıldığını anlamır. Pulu yığmaq mədəniyyəti uşaqda tam formalaşmır. Biz uşaqlarla işləyirik, görürük ki, qarşısına qısamüddətli məqsədlər qoyanlar bunun üçün az məbləğdə də olsa, yığım etməyə başlayırlar. Onlar artıq pulu dəyərləndirməyi bacarırlar. Hətta valideynlərinə borc da verə bilirlər. Valideynlərindən öz məqsədləri üçün pul almağı öyrənirlər. Uşaqlarda fərqli yanaşmalar formalaşır. İqtisadi maarifləndirmə alan uşaqlar pulu daha düzgün xərcləməyə çalışacaqlar. Bizim bu maarifləndirmə tədbirlərimizin məqsədi insanlarda düzgün maliyyə qərarları vermək vərdişləri formalaşdırmaqdır. Bu vərdişin formalaşması uzun prosesdir. Uşaq vaxtı belə maarifləndirmənin olması, böyüyərkən onların düzgün maliyyə qərarları verməsinə təkan olacaq. Bu da öz növbəsində maddi rifahın yaxşılaşmasına töhfə verəcək qüvvələrdəndir”.

Yay məktəbi

Ü.Babayeva qeyd etdi ki, uşaqların maliyyə savadlılığının artırılması istiqamətində Mərkəzi Bank hər il yay məktəbi də təşkil edir: “Banklar Assosiasiyası, banklar və sığorta şirkətləri ilə birgə fərqli yaş qrupları üçün yay məktəbləri təşkil edirik. Əvvəlki illərdə 7-10, 10-12 yaş arası qruplarımız olub. Bu il yay məktəbi 11-13 yaşları əhatə etmişdi. Həftənin beş günü səhər saat 9-dan axşam 6-ya qədər olur. Çox praktik, oyunlarla, interaktiv tapşırıqlarla zəngin yay məktəbi təşkil edilir. Beş gün ərzində uşaqlar Numizmatika muzeyinə gedirlər, sığorta şirkətində olurlar, Mərkəzi Banka gəlirlər, biz onları xəzinəyə aparırıq. Mümkün qədər proqramı interaktiv qurmağa çalışırıq ki, beş günün sonunda uşaqlar evə gedərkən valideynlər onların bilik və bacarıqlarında, davranışlarında, xüsusilə də pula münasibətdə fərqliliklər hiss etsinlər”.

 

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir