ayaqqabi

Uşağın ilk ayaqqabısını seçərkən nələrə diqqət etməli?

Baxış sayı: 1. 573

Uşağın ilk ayaqqabısının doğru seçilməsi ayaq sağlamlığı baxımından böyük əhəmiyyət daşıyır. Mütəxəssislər 2 yaşından qabaq uşağa ayaqqabı alınmasının yersiz olduğunu vurğulayırlar. Çünki uşaqlara təsadüfi alınan ayaqqabılar uşağın ayaq sağlamlığı və inkişafına mənfi təsir edə bilər.

Türkiyəli həkim Əhməd Doğan deyir ki, uşağın ayaqyalın gəzməyindən narahat olmağa dəyməz: “Uşaqların böyük əksəriyyəti on iki aylıqdan yeriməyə başlayır. Ancaq bu müddətdən əvvəl və sonra yeriyənlər az deyil. Bu inkişaf ana və atalarda uşaqlarına ilk ayaqqabını almaq təlaşına səbəb olur. Halbuki uşaqların, xüsusilə, iki yaşına qədər yalın ayaq və ya corabla yerimələrinə icazə vermək lazımdır. Beləliklə, həm ayaqların normal böyüməsi, həm sağlam əzələ inkişafı, həm də barmaqların hissiyatı kimi bir çox qabiliyyətlərin inkişafı təmin edilər”.

Yeni doğulan və südəmər dövründə uşaqların ayaqqabıya ehtiyacları olmasa da, soyuqdan qorunmalarını təmin etmək məqsədiylə çarıq və ya corab geyindirmək olar. Xarici mühitə, yəni evdən kənara çıxarkən valideynlər uşağa ayaqqabı geyindirmək istəyirsə, yumşaq və yumru xətləri olan ayaqqabılara üstünlük verilməlidir: “Uşaqlarda dəri altı yağ toxuması çox olduğu üçün iki yaşına qədər hər uşağın ayağı yastı daban təəssüratı yaradır. Lakin uşağa erkən dövrdə, xüsusilə sərt əsaslı ayaqqabı geyindirmək fəsadlara səbəb olar. Məsələn, ayaqaltının fizioloji inkişafına mane olar və yastıdabanlığın meydana gəlməsini asanlaşdırar. Uşaqlar irəliləyən yaşlarda daha aktiv olduqları üçün və ayaqları inkişaf etdikcə ayaqqabı ehtiyacı yaranır. Ayaqqabının əhəmiyyəti bu mərhələdən sonra ortaya çıxır”.

Uşaqlara ayaqqabı seçimində əsas meyar ayağa uyğunluq olsa da, funksiyası da nəzərə alınmalıdır. Uşaqlar aktiv varlıqlardır və fəaliyyətlərində məhdudiyyətə gətirib çıxarmayacaq ayaqqabı geyinməlidirlər. Yeriməyə yeni başlayan uşaqların ayaqları inkişaf müddətində olduğu üçün rezin və ya plastik materialdan olan yarı elastik əsaslı ayaqqabılar seçilməlidir. Yerimənin başlanğıc mərhələsində rezin idman ayaqqabısı əvəzinə normal ayaqqabı almaq daha uyğundur.

 

Uşağa ayaqqabı seçərkən bu məqamlara diqqət edin:

– Uşaq yanınızda olmadan ayaqqabı almayın. Uşağın ayaq ölçüsünə güvənmək yerinə, uyğun ayaqqabını geyindirib seçməlisiniz.

– Uşaq ayaqqabısının zamanla açılmasına güvənməyin. Aldığınız ayaqqabı üçün əsla “vaxt keçdikcə açılır”, – deyə düşünməyin. Ayaqqabı ilk alındığı andan rahat olmalıdır.

– Uşağa ayaqqabını günortadan sonra alın. Çünki gün ərzində uşaqların ayaqlarında eynilə böyüklərdə olduğu kimi, yüngül şişmə olar. Buna görə ayaqqabı alveri günortadan sonra edilməlidir.

– Ayaqqabını geyindirdikdən sonra uşağın ayağını yerə basın. Son geydiyi ayaqqabı nömrəsi yeni alacağınız ayaqqabı üçün istinad olmamalıdır. Çünki uşaq ayaqları böyümə əsnasında çox dəyişir.

– Uşağın hər iki ayağının ölçüsü bir-birindən fərqli ola bilər (əksərən ayağın biri digərindən böyükdür), sınağınızı böyük olan ayağa əsasən edin.

– Ayaqqabını sınayarkən o ayaqqabı ilə birlikdə geyindirməyi düşündüyünüz corabla yoxlayın (qışda qışlıq corab, yayda nazik corab).

– Uşağa ayaqqabı alarkən seçiminiz çəkmə tipi olsun. Çəkmələr ayaq biləyinə daha yaxşı oturacağı üçün bu versiya əlverişlidir.

– Bazası yarı yumşaq və elastik olmalıdır. İpləri qısa saxlayın.

– Ayaq ucunda barmaqlar rahat hərəkət edəcək şəkildə bir boşluq olmalıdır, təxminən 1 sm-ə qədər.

– Ayaqqabının eni uşağın ayağına uyğun olmalıdır, yanlardan ayağı sıxmamalıdır.

– Ayaqqabılar yüngül olarsa, uşaq gəzərkən daha az enerji sərf edər.

– Daban hissəsi alçaq olmalıdır. Təzə yeriməyə başlayan uşaqlarda ayaqqabının dikdaban olmasına ehtiyac yoxdur, üstəlik dabansız ayaqqabı yeriməyi asanlaşdıracaq. Daha böyük uşaqlarda da daban hündürlüyü 1.5-2 sm-i keçməməlidir.

– Ən idealı təbii dəridən olan ayaqqabıdır. Ayaq üçün ən uyğun şəkli asanlıqla ala bilir. Dərinin məsaməli quruluşu ayağın “nəfəs almasını” təmin edir.

– Ayaqqabının bazası yıxılma, büdrəmələrə qarşı dayanıqlı materialdan olmalıdır

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir