Uşağın pulla “ünsiyyət qurmasını” necə tənzimləməli?

Baxış sayı: 1. 299

Uşaqlar pul dedikdə ilk növbədə həftəlik xərclik, bayram xərcliyi və s. kimi şeyləri başa düşürlər. Əgər bu nöqteyi-nəzərdən yanaşsaq, uşağa pulun nə olduğunu və nə üçün lazım olduğunu öyrətmək onun bir şəxsiyyət kimi formlaşmasında mühüm rol oynayır. Məsələn, 3-4 yaşlarında bir uşaq artıq pulun nə olduğunu bilməlidir. Növbəti mərhələdə isə o, pulun nə üçün lazım olduğunu öyrənməlidir. Təbii ki, bu mərhələdən sonra ona pulun miqdarını öyrətmək də çox vacibdir. Digər tərəfdən, valideynlər birinci sinifdən uşağı alış-verişə aparmalıdırlar. Və bu yolla da ona pulla “ünsiyyət qurmağı” öyrətməlidirlər. Artıq bundan sonra ona gündəlik xərclik vermək, daha sonra isə bunu həftəlik xərcliyə çevirmək olar. Çünki xərcliyin məqsədi təkcə uşağın ehtiyaclarını ödəmək deyil. Buna görə də, valideynlər uşağa xərclik verib-verməmək yox, uşağa verəcəkləri xərcliyin miqdarı və bu xərcliklə onun üzərinə qoyacaqları məsuliyyət barədə düşünməlidirlər. Təbii ki, xərcliyin məqsədi təkcə bu deyil. Xərcliyin məqsədi həm də uşaqda özünəinam hissini artırmaqdır. Digər tərəfdən, uşağa verilən xərclik onda özünəinam hissini artırdığı kimi, bir sıra digər xüsusiyyətlərin də “artmasına” səbəb olur. Beləliklə, uşaq xərcliklə məsuliyyət hissini öyrənir. Və zaman keçdikcə uşaqda qənaət hissi formalaşır. Xərcliklə uşağın əldə etdiyi digər xüsusiyyətlər isə həm öz ehtiyaclarını müəyyən etməyi, həm də əlindəki pulu düzgün xərcləməyi öyrənməkdir. Digər tərəfdən, uşağa pul daxılı almaqla onda həm pul yığmaq, həm də hədəf qoymaq xüsusiyyətlərini formalaşdırmaq olar. Uşağa xərclik verərkən onun hansı “intervallarda” verilməsinin də çox əhəmiyyəti var. Məsələn, uşağa gündəlik xərclik verdikdə o yalnız həmin gün üçün lazım olan ehtiyaclarını ödəyir. Beləliklə, uşaq pulunun hesabını bilmir. Nəticədə, o uşaqda məsuliyyət və ya qənaət hissinin formalaşması da mümkün olmur. Ya da uşağa fasilələrlə xərclik verdiyinizi düşünün. Belə olduqda uşaq pulundan sistemli bir şəkildə istifadə edə bilmir və vaxtaşırı ailəsindən pul istəmək məcburiyyətində qalır. Bu isə tədricən onda məsuliyyətsizlik hissi formalaşdırır. Üstəlik, belə uşaqlarda “doyumsuzluq” hissinin olması da təbiidir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, xərcliyin verilməsində fasilənin olması da (əlbəttə ki, burada uzun fasilələrdən söhbət gedir) uşaq üçün qənaətbəxş deyil. Ən yaxşısı xərcliyin uşağa həftəlik verilməsidir. Belə olduqda uşaq öz pulundan daha sistemli şəkildə istifadə edir və pulunu vaxtından qabaq xərcləmək məcburiyyətində qalmır. Bu isə uşaqda həm məsuliyyət, həm də qənaət hissini formalaşdırır. Xərcliyin miqdarına gəlincə valideynlər bunu uşağın ehtiyaclarına görə müəyyən etməli və uşağa nə ehtiyaclarından çox, nə də ehtiyaclarından az xərclik verməlidirlər.

Bir də unutmayın ki, uşaq pulun nə olduğunu valideynlərindən öyrənir. Başqa sözlə, valideyn üçün pul nə ifadə edirsə, təbii ki, bu, uşaqda da özünü göstərir. Ona görə də, uşaqlar valideynlərindən pul istədikdə onlara “Pulumuz yoxdur” deməməli, əvəzində bu pulun başqa ehtiyaclar üçün lazım olduğunu izah etməlidirlər. Digər tərəfdən, belə ailələrdə uşaqların həm pulu düzgün xərcləməyi öyrənə bilməmələri, həm də ailənin maddi vəziyyəti ilə bağlı problem yaşamaları da təbiidir. Uşaqları cəzalandırmaq və ya mükafatlandırmaq üçün puldan istifadə etmək də doğru deyil. Bu baxımdan mükafat üçün ən yaxşı üsul hədiyyə vermək, cəza üçün ən yaxşı üsul isə hədiyyədən məhrum etməkdir…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir