Uşağınız çox asqırır, burnu axırsa… – Pediatr məsləhəti

Baxış sayı: 802

Yaz fəsli mövsümü allergik xəstəliklərin ən çox müşahidə edildiyi dövrdür. Çünki bu dövrdə ağaclar, bitkilər, güllər çiçək açır. Allergik rinit isə əsasən, çiçəklərin tozlanma dövründə baş qaldırır.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Sənubər Vəliyeva Aile.lent.az-a bildirib ki, fevral ayının ortalarından başlayaraq iyul ayının sonlarınadək Azərbaycanda gül-çiçək dövrü olduğundan bu xəstəlik aktual olur: “Bu dövrdə uşaqlar arasında allergik rinit hallarına rast gəlinir. Özü də güllərdən daha çox, alaq otlarından allergik reaksiyalar yaranır. Ən geniş yayılmış allergik reaksiyalardan biri pollinozdur. Buna çox vaxt mövsümü allergik rinit diaqnozu qoyulur. Bu zaman əsas dörd əlamət müşahidə edilir: səhərlər ard-arda 10-15 dəfə asqırma, burunun gicişməsi, şəffaf selik axıntısı və burun tutulması. Allergik rinitin müalicəsi əsasən, simtomatikdir. Buruna spreylər və digər dərman vasitələri ilə müalicə təyin edilir”.

Həkimin sözlərinə görə, ən çətin müalicəyə tabe olan isə burun tutulmalarıdır: “Burun tutulması xəstəliyin yeganə əlamətidirsə, belə hallarda otolorinqoloqun da məsləhəti lazım ola bilər. Çünki bu simptom həm allergik rinitlərdə, həm də vazomotor rinitlər və ya burun çəpərinin əyriliyində də rast gəlinə bilər”.

S.Vəliyeva deyib ki, fəsillə əlaqədar olaraq uşaqlarda allergik rinitin kəskinləşməməsi üçün valideynlər bəzi qaydalara əməl etməlidirlər: “Küləkli günlərdə pəncərələri açmaq məsləhət deyil. Bayıra çıxan zaman gözü tozdan qorumaq üçün eynəkdən istifadə etmək lazımdır. Evə qayıtdıqdan sonra insanın sifətində selikli qışanın olduğu bütün bölgələr yuyulmalıdır. Üz, qulaq yuyulmalı, buruna su çəkilməli, ağız yaxalanmalıdır”.

Pediatr qeyd edib ki, allergik rinit ağır xəstəlik hesab edilməsə də, daha çox insanı narahat edən xəstəlikdir: “Hər bir xəstəlik insanın həyat keyfiyyətinə təsiri ilə ölçülür. Artıq dünyada qəbul edilib ki, allergik rinit insana ən çox əziyyət verən xəstəliklərdən biridir. Bu zaman insan iş qabiliyyətini itirir, fikrini toplaya bilmir, əsəb sistemi pozulur. Ona görə də allergik riniti olan insanlar, xüsusilə də uşaqlar bu reaksiyaları törədə biləcək faktorlardan qorunmalıdırlar”.

Həkim onu da bildirib ki, allergik riniti olan uşaqlar astmaya yoluxmağa daha çox meyllidirlər: “Bəzən bu uşaqlarda səbəbsiz və heç bir xəstəlik olmadan öskürək ola bilər. Bu öskürək ətirlərin və dezodorantların təsiri nəticəsində yarana bilər, həmçinin, tüstü, toz ilə nəfəs aldıqda, səhər tezdən isti evdən soyuq havaya çıxarkən və sair. Bu simptomların əmələ gəlməsi allergik rinitlə bərabər, bronxların allergik prosesə qoşulmasından xəbər verir. Odur ki, belə uşaqların səhhətinə xüsusi diqqət etmək lazımdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir