yuxu

Uşağınız qorxulu yuxu görürsə, mütləq oxuyun!

Baxış sayı: 1. 735

Körpənizin inkişaf edən təxəyyülü qorxu hissi ilə birlikdə gecələr onun rahat yuxusuna mane olmağa qadirdir. Kiçik balanızın qorxulu yuxu həyəcanı 2 yaşından başlayaraq 6 yaşına qədər davam edə bilər. Adətən səhərə yaxın müşahidə olunan qorxulu yuxu epizodları müxtəlif səbəblərdən baş verir.

Bu həm balacanızın seyr etdiyi dəhşətli film, eşitdiyi qorxulu əhvalat, keçirilmiş yaxud qarşıdan gələn həyəcanlı günlə, həm də ailə üzvləri arasında yaşanan stress və ya onun həyatında baş vermiş dəyişikliklə (yeni dayə, bağçaya getmək, yeni bacı yaxud qardaşın doğulması və s.) bağlı ola bilər. Qorxulu yuxular bir qayda olaraq yaş xüsusiyyəti kimi gəlib keçir və övladınızın gündəlik fəaliyyətinə maneəçilik törətmir.

Bu keşməkeşli müddəti ziyansız geridə qoymaq üçün sizin valideyn olaraq hadisələrə münasibətiniz mühümdür. Bu səbəbdən bir neçə məqamı nəzərinizdə saxlayın.

Balanızın yuxu vaxtı qəfil qışqırtısını eşitdikdə özünüzü dərhal ona çatdırın. Onu əzizləyib bağrınıza basın və onu qorxudan səbəbin keçib getdiyini söyləyin. Nitqi ilə aydın izah edə bilirsə, istəyirsə və xatırlayırsa yuxusunun məzmununu sizə danışmağı təklif edin. Onu təhlükəsizlikdə olduğuna əmin edin.

Sizin “Bu bir yuxu idi” deməyinizin bir o qədər əhəmiyyəti olmayacaq; belə ki, bu yaşda övladınız yuxu ilə reallıq arasındakı fərqi aydın anlamır. Bu səbəbdən onunla birlikdə otaqdakı “canavar”ı qovmaq, şkafları yoxlayıb “bədheybət”ləri qaçırmağınız daha tez nəticə verəcək. Bədheybətlərə qarşı sehirli çubuq (taxta qaşıq, daraq və s. köməyinizə çata bilər) övladınızın silahına çevrilə bilər. Beləliklə o öz qorxularını güclü və müdafiə olunmuş halda qarşılayacaq. Belə təxəyyül oyunları ilə çox dərinə getməyin. Əks halda xəyali qorxu obyektlərini siz gərəksiz yerə övladınızın təsəvvüründə real məhfuma çevirmiş olarsınız.

Övladınızın yatdığı otağa zəif işığın düşməsi və qapının aralı olmasını təmin edin. Balacanızın seyr etdiyi TV proqramlara və oynadığı oyunlara diqqət edin; onların məzmununda yuxunu narahat edəcək amillərin olmadığından əmin olun. Sizin dəstəyiniz və qayğınızla balacalarınız belə gecələrə və qorxulara sinə gərməyi öyrənəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir