Uşağınız sosial şəbəkədə varsa, diqqətli olun!

Baxış sayı: 1. 259

Dünya sürətlə dəyişir, hər şey ağlasığmaz tezlik içində yenilənir, başqalaşır. Bəlkə də siz hələ kompyuter texnologiyasının nə demək olduğunu tam dərk edə bilməmisiniz, ancaq yanınızda başqa biri öz həyatını texnologiyanın bu kəşfindən ayrı təsəvvür edə bilmir. Bir vaxtlar “qloballaşma” adlı yeni bir təşəbbüs ortaya atılmışdı və mənası da təxminən dünyanın eyni müstəviyə daşınması kimi izah olunurdu. Ola bilsin ki, bu layihənin ilk dəfə ortaya atıldığı dövrdə onun necə həyata keçiriləcəyi təsəvvürlərdə böyük suallar doğururdu, ancaq son bir neçə ildə sosial şəbəkələrə “ünvanlanmış” böyük axın bu sualların cavabını xeyli asanlaşdırdı. İnanmırsınızsa, iyirmi il əvvəli ağlınıza gətirin və xatırlayın ki, o vaxt çox az adamda mobil telefon var idi. Ancaq bu gün demək olar ki, hər kəsin mobil telefonu var, hətta bir yox, bir neçə…

Təsəvvür edin ki, artıq çox işimizi telefon vasitəsi ilə həll edirik, mobil telefonu olmayan adama rast gələndə də təəccüblənirik. Əslində bizim bu təəccübümüz o qədər də əsassız sayılmamalıdır. Hətta özümüz uşaqlarımızın hər birinə mobil telefon alırıq ki, istədiyimiz vaxt onun harada olduğunu öyrənə bilək, yəni heç olmasa, narahat olmayaq. Telefon söhbətini ona görə açdıq ki, bir vaxtlar onun əleyhinə orqanizmə zərər verməsi ilə bağlı kifayət qədər güclü etiraz dalğası müşahidə olunurdu, ancaq bu gün böyük əksəriyyətimiz artıq mobil telefonu həyatımızın bir parçasına çevirmişik və onu evdə unutduğumuzu yolda xatırlasaq belə, geri qayıdıb götürürük, çünki o həm də bizim məlumat kitabçamızdır.

Bu gün dünyada getdikcə genişlənən və insanları öz ətrafında birləşdirən sosial şəbəkələr isə bəlkə də daha artıq bir güclə, daha artıq bir sürətlə həyatımıza daxil olmaqda, hətta müdaxilə etməkdədir. Üstəlik, bu “müdaxilə” o qədər güclüdür ki, ona qarşı mübarizə aparmaq Don Kixotun yel dəyirmanları ilə vuruşmasına bənzəyir. Bu kimi məsələlərdə ən ağıllı seçim qarşı çıxmaqdansa, bu işi necə nəzarətə götürə bilmək, daha doğrusu, onun faydalı tərəflərindən necə istifadə edə bilmək olmalıdır. Etiraf edək ki, hazırda sivil dünyada birisini işə götürəndə, ya da birisi ilə tanış olanda, ilk növbədə, onun sosial şəbəkədə olub-olmamasını soruşurlar. Qəribə də olsa, bu sualın cavabından sonra hər şey məlum olur və daha başqa suala ehtiyac qalmır. Belə ki, işə girmək və ya tanış olmaq istəyən adamın sosial şəbəkədəki mövqeyi, məsələlərə münasibəti onun haqqında ən etibarlı xasiyyətnamə kimi qəbul olunur. Biz qəbul etsək də, etməsək də, artıq sivil dünya münasibətləri bu müstəvidə qurmağa üstünlük verir. Sizə nə qədər qəribə gəlsə də, kürəkən və ya gəlin seçimində belə bu məsələ mühüm faktor hesab olunur.

Statistika göstərir ki, ölkəmizdə sosial şəbəkə istifadəçilərinin sayı aybaay artmaqdadır, həm də bu rəqəm az qala həndəsi silsilə ilə yüksəlməkdədir. Orta məktəbin yuxarı siniflərində oxuyan şagirdlərin yarıdan çoxu ya “feysbuk” (fasebook) abunəçisidir, ya da “tvitter” (twitter). Bu iki şəbəkənin hər ikisinə abunə olanların sayı da az deyil. Bu gün bu şəbəkələr hər hansı xəbəri əldə etmək üçün ən operativ mənbə hesab olunur. Təsəvvür edin ki, birisi bir hadisəyə şahid olur və elə o anda o xəbəri sosial şəbəkəyə daxil edir. Artıq siz hadisədən bir neçə dəqiqə keçməmiş onun haqqında ətraflı məlumata sahib olursunuz. Bu şəbəkələrə daxil olmaq və ya oradan çıxmaq, istədiyiniz şəxsdən məlumat almaq və ya ona məlumat vermək artıq sizin seçiminizdən asılıdır. Siz bu şəbəkələrdə istədiyiniz qəzet və jurnallarin, istədiyiniz elmi və ictimai mərkəzlərin səhifələrinə üzv ola bilərsiniz. Əgər idmanla maraqlanırsınızsa, sizə bu sahədə baş vermiş ən son hadisələr axıb gələcək. Əgər ədəbiyyata maraq göstərirsinizsə, yenə heç bir çətinlik çəkmədən kifayət qədər mənbə tapacaqsiniz.

Tanış olmaq üçün sizə çoxlu təkliflər gələcək, istədiyinzi qəbul edəcəksiniz, istəmədiyinizə rədd cavabı verəcəksiniz. Təbii ki, siz də kimlərəsə təklif göndərəcəksiniz, qəbul olunanı da olacaq, rədd ediləni də. Bu işin müsbət tərəfləri olduğu kimi, mənfi cəhətləri də az deyil. Əslində bu şəbəkələrdə hər kəs öz axtardığını tapır. Əgər siz uşağınızın tərbiyəsinə inanırsınızsa, yəni onun bu şəbəkələrdə ədəbdən, əxlaqdan uzaq şeylərə yönəlməyəcəyindən əminsinizsə, qorxmağa dəyməz. Ancaq bu da bir həqiqətdir ki, pozulmağa meyilli uşaqlar üçün bu şəbəkələrdə ağlınıza gələn və gəlməyən hər şey var. Bu cür uşaqlar üçün bu şəbəkələr, doğrudan da, dibi görünməyən bataqlıq kimidir. Özü də bəzi uşaqlar və ya gənclər bu şəbəkələrin əsiri olurlar. Belə ki, beş yüz, altı yüz və ya minlərlə insanla eyni vaxtda ünsiyyət quran bu gənc səhərə qədər şəbəkədən ayrıla bilmir. Hər dəqiqə yeni xəbər alır, hansı mövzudasa kiminsə rəyini oxuyur, öz rəyini yazır, bəzən kiminləsə deyişir, bəzən də hansısa fikrin tərəfini tutur. İndi bu şəbəkələrə girmək üçün kompyuterə də ehtiyac yoxdur, mobil telefonların əksəriyyəti ilə bu işi həll etmək mümkündür.

Bu şəbəkələr açılandan bəri artıq dünyada gizlinlik qalmayıb. Kimin haqqında hansısa görüntü və ya bir xəbər varsa, bir anda bütün dünyaya yayılır. İstəsən də, o xəbəri dayandıra bilməzsən. Bir sözlə, bu şəbəkələrdə vaxtın necə keçdiyini hiss etmirsən. Və özün də bilmədən bu işə bir növ aludə olursan.

Demək istədiyimiz odur ki, bu aləm o qədər cazibəli, o qədər genişdir ki, gəncliyin ondan kənarda qalması çətin görünür. Ən doğru seçim uşağa nəzarət etməkdir. Bu şəbəkələrə hər kəs müəyyən bir adla girir. Təbii ki, ən doğru olan öz adı ilə girməkdir, ancaq müəyyən ləqəblərlə, fərqli adlarla girənlər də az deyil. Əgər uşağınız öz adı ilə deyil, hər hansı yad ünvanla bu şəbəkələrə daxil olursa, deməli, narahat olmağa dəyər. Bir də əgər uşağınız o şəbəkələrə abunədirsə, bunu gizləyə bilməz, çünki mümkün deyil, gec-tez biləcəksiniz. Siz də uşağınızın o şəbəkələrdəki adını biləndən sonra ona nəzarət imkanı qazanacaqsınız. Bu vaxt onun daha çox kimlərlə və daha çox hansı mövzuda söhbət etdiyini, hansı materialları “paylaşdığını” görib müəyyən ölçü götürə bilərsiniz.

Yazımızın sonunda bir həqiqəti də sizlərlə bölüşmək istəyirik. Əgər həqiqəti görmək istəyiriksə, onun gözünə dik baxmalıyıq. Həqiqət isə bundan ibarətdir ki, gələcəyin yolu bu şəbəkələrdən keçir. Təkcə bu şəbəkələr deyil, son vaxtlar meydana çıxan əksər icadlar da iki ağızlı qılınc kimidir, bir ağzı düşmənə, bir ağzı da sizə baxır. Ona görə də, əsas məsələ bu mövzuda ciddi olmaq və düzgün qərar verməkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir