usaq bezi

Uşaq bezləri ilə bağlı müəmmalı məqamlar

Baxış sayı: 1. 521

Fransanın Sanitar təhlükəsizlik məsələləri üzrə Milli Agentliyinin uşaq bezləri ilə bağlı açıqladığı və Azərbaycan mətbuatında da dərc edilmiş dəhşətli hesabat böyük oxucu kütləsi tərəfindən izlənməkdədir. Ən əsası isə odur ki, sözügedən məsələ ilə bağlı narahatlıq yaradan məqamlar hələ də müzakirə olunur. Əhali narahatlıqla soruşur ki, bəs bizim ölkədə uşaq bezləri yoxlanırmı? Uşaq bezləri həqiqətən bu dərəcədə ziyanlıdırsa, niyə qadağan edilmir, əksinə, gecə-gündüz televiziyalarda reklam olunur?!

Xatırladaq ki, hesabatda qeyd olunur ki, bəzi uşaq bezləri hazırlanarkən onun tərkibinə təhlükəli kimyəvi maddələr vurulur, uşaq böyük və kiçik bayıra çıxarkən o təhlükəli maddələr uşağın dərisinə hopur və onun sağlamlığına ciddi ziyan vurur.

Bundan başqa, məlumatda o da vurğulanır ki, bu kimyəvi maddələr uşaqda təxminən 60-a yaxın kanserogen və ya endokrin pozuntular əmələ gətirir.

Qeyd edək ki, Fransa hökuməti valideynlərin bu narahatlıq və narazılığına dərhal reaksiya verib

Səhiyyə naziri Anye Büzin Ekologiya naziri Fransua dö Riqi, İqtisadiyyat və maliyyə naziri Bruno Lö Merə bu işin araşdırılması və problemin dərhal aradan qaldırılmasına dair ciddi tapşırıqlar verib. Nazirlər isə uşaq bezlərindən həmin kimyəvi maddələrin çıxarılması ilə bağlı məsələyə 15 gündür başladıqlarını bildiriblər.

Rəqabət, İstehlakçı İşləri və Fırıldaqçılıqla Mübarizə İdarəsinin rəhbərliyi isə bu işə nəzarəti gücləndirəcəyini açıqlayıb və ciddi araşdırmalardan sonra altı ay ərzində məsələyə dair dəqiq hesabat hazırlayacağını bəyan edib.

 

Uşaq bezləri qurd xəstəliyi yaradır

Xatırladaq ki, bir müddət öncə pediatr Günay Rəsulova da bildirmişdi ki, uşaq bezlərindən istifadə zamanı valideynlər diqqətli olmalıdırlar. Çünki bu vasitəni təlimata uyğun istifadə etmədikdə və gərəksiz hallarda taxıldıqda gələcəkdə uşaqların sağlamlığına ciddi problemlər yarada bilər:

– Körpələrə ən gec 2 yaşına qədər bez taxmaq olar. Bundan sonra yavaş-yavaş tərgitmək lazımdır. Mütləqdir ki, uşaqlara hər zaman bir ölçü böyük bez geyindirilsin. Xüsusilə də oğlan uşaqlarında qan damarlarının sıxılması nəticəsində xayaların qanla qidalanması çətinləşir və bu, onlarda xaya hidropsuna, yəni su yığılmasına gətirib çıxarır. Xayalarda kiçilmələr baş verir və bunun da nəticəsi sonsuzluq ola bilər. Mütəmadi şəkildə uşaqlara bezlərin taxılması onlarda böyrək, yaxud sidik yolları ilə bağlı problemləri izləməkdə çətinlik yaradır. Yəni uşaq daim bezdə olduğu üçün iltihabi prosesləri izləmək çətinləşir. Bezlərdən uyğunsuz zamanda istifadə bəzən gec sünnət edilən oğlan uşaqlarında simos, parasimos kimi infeksiyalara səbəb olur. Həmçinin qızlarda da sidik yollarının, sidik kisəsinin iltihabi prosesini yaradan səbəblərdəndir. Bəzən valideynlər gərək olmadığı halda da gecə uşaqları bezlə yatırırlar. Bu zaman enterebiot – yəni qıl qurd deyilən infeksiya yoluxmuş uşaqda daha da artır: “Uşaq yatarkən dişi qıl qurd anusdan bayıra çıxır və onun ətrafında 1000-dən artıq yumurta qoyur. Bezin arasında qalan yumurtalar canlanaraq orqanizmə toksiki maddələr buraxır.

Yuxarıda sadalanan problemlərdən əsaslı çıxış yolu körpələrə mümkün olduğu qədər tez ayaqyolu vərdişinin öyrədilməsidir. Dünya Pediatrlar Assosiasiyası tərəfindən uşaqları güvəcə alışdırmaq üçün 2-3 yaş arası məsləhət görülür.

cirkli-bez

Uşaqlarda sidikqaçırma xəstəliyi…

Pediatr Vaqif Qarayev isə açıqlamalarının həmişə əsassız hay-küylə qarşılandığını deyir:

– Devalvasiya zamanı dedim, analara məsləhət görürəm bələyə keçsinlər, aləm dəydi bir-birinə. Bələk pampers qədər vəsait tələb etmir, həm də daha sağlıqlıdır. Amma etiraz səsləri ucaldı. Özü də, qəribə burasıdır ki, bələklə böyüyənlər bələyə qarşı çıxır… Razıyam, hər dövrün öz tələbi var. 21-ci əsrdə kiməsə bələk məsləhət görürsən, səni köhnədənqalma hesab edir. Həkim kimi bunu deyə bilərəm ki, bələyin də, uşaq bezlərinin də, müsbət və mənfi tərəfləri var. Bələk çox sıx, kip bağlanır, indikilər narahat uşaq olduqlarından sıxılırlar, narahatlıq keçirirlər. Uşaq bezləri isə valideynlər üçün xüsusilə rahatdır. Uşaq bezini geyindirir körpəyə, rahat işiylə məşğul olur. Keçək, mənfi tərəflərinə. Uşaq bezləri körpələrdə refleks hissinin gec formalaşmasına səbəb olur.

Körpə sidiyə gedir, amma anlamır ki, sidiyə gedib, ya yox. Körpənin altı quru qaldığından beyinə informasiya ötürülmür. Artıq böyük yaşlarda, elə bir yaşda ki, uşaq artıq güvəcdən istifadə etməli, sidiyi gəldiyini anaya başa salmalı, hərəkətləri ilə bunu hiss etdirməlidir, onu edə bilmir. Çünki bu refleks körpədə formalaşmayıb. Uşaqlarda sidikqaçırma xəstəliyi də belə yaranır. Pamperslər xüsusən oğlan uşaqlarına çox ziyandır. Oğlan uşağına pampers geyindirildikdə, xayalar daimi isti mühitdə qalmış olur. Bu da hüceyrələrdə problem yaradır. Gələcəkdə bu hal oğlan uşaqlarında sonsuzluq yarada bilər. Pampers geyindirməklə əlavə və daimi isti mühit yaratmış oluruq ki, bu da xayalara ziyandır. Uşaq bezlərinin başqa mənfi cəhəti dərini nəfəs almağa qoymamasıdır. Bələkdə hava tsirkulyasiyası təmin edilmiş olur. Fizioloji baxımdan dəri nəfəs alır.

Uşaq bezləri isə bu xüsusiyyətə malik deyil. Qız uşaqları üçün uşaq bezləri elə də böyük problem daşımır. Təkcə dərinin nəfəs almamasından başqa. Digər problem ailənin maddi yüklənməsi məsələsidir. Valideynlər Bakıda satılan uşaq bezlərinin eynisinin qonşu Gürcüstanda çox ucuz qiymətə olduğunu deyirlər. Bir çox ailələr uşaq bezlərini Tiflisdən alır və ya gətirdir. Qiymət fərqi nədən yaranır? Bu, araşdırılmalıdır. Bir də hazırda yerli istehsal uşaq bezləri də satışda var. Keyfiyyətsizdilər. Məsləhət görürəm, yerli istehsal uşaq bezləri almasınlar.

 

 

Məlahət Rzayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir