cimmek

Uşaq çimməkdən qorxursa nə etməli? – VALİDEYNLƏRƏ TÖVSİYƏ

Baxış sayı: 1. 683

Valideynlər bu problemlə tez-tez üzləşir. Körpə çimməkdən qorxur, su ilə dolu vanna görəndə ağlayır, qışqırır. Bu vəziyyətdə nə etmək lazımdır?

Yenidoğulmuş körpə sudan qorxmur. 9 ay ərzində ana bətnində olarkən körpə suya öyrəşib, su körpə üçün doğma mühitdir. Su uşağa çox müsbət təsir edir, suda olduqda körpə rahatlaşır, sakitləşir. Məhz bu səbəbdən həkimlər körpələri tez-tez çimizdirməyi (xüsusilə axşam yatmazdan əvvəl) tövsiyə edirlər. Bütün valideynlər bilir ki, çiməndən sonra körpə daha yaxşı yatır.

Əgər körpə sudan qorxmağa başlayıbsa, bunun səbəbi əksər hallarda böyüklərin düzgün olmayan, təcrübəsiz hərəkətləridir.

İlk növbədə suyun temperaturuna fikir verin. Soyuq və ya çox isti suya salınan uşaq bunu yadında saxlayacaq və növbəti dəfə su görəndə ağlayacaq. Bu səbəbdən uşağı 36-38 C kimi qızdırılmış suda çimizdirmək lazımdır. Suyun hərarətini əlinizlə yox, dirsəyinizlə yoxlayın — su bədən temperaturunda və ya bir qədər daha isti olmalıdır. Xüsusi su termometrlərindən də istifadə etmək olar. Bu daha rahatdır.

Körpəni çox ehtiyatla çimizdirin. Körpə ananın əlindən sürüşüb vannaya düşərsə, bu körpənin yadında qalacaq və növbəti dəfə körpə sudan qorxacaq. Əgər sizin təcrübəniz yoxdursa, təcrübəli adamı (nənə, baba və s.) köməyə çağırın.

Körpəni çimizdirərkən xüsusi uşaqlar üçün olan şampunlardan istifadə edin. Bu şampunlar körpənin gözlərini qıcıqlandırmır. Ümumillikdə şampundan, sabundan və s. bu kimi vasitələrdən həftədə 1-2 dəfə istifadə etmək olar. Digər vaxtlarda uşağı adi suda çimizdirin. Suya otların dəmləmələrini əlavə edin — çobanyastığı, adaçayı və s. Dəmləməni düzəltmək üçün 1 xörək qaşığı ot 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və uşağı çimizdirmək üçün olan vannaya əlavə olunur.

Körpəni çimizdirmək üçün xüsusi kreslo almaq olar. Bu kreslo vannaya bərkidilir və ana körpəni tam rahat çimizdirə bilər. Vannanın dibinə xüsusi kiçik rezin xalça sərin ki, uşağın ayaqları sürüşməsin (körpə bundan qorxur).

Daha böyük uşaqları çimizdirdikdə vannaya oyuncaqlar atın (bu oyuncaqları yalnız uşaq çiməndə istifadə edin), şampunu köpüklədin (köpüklər uşaqların xoşuna gəlir, uşaqlar köpüklərlə oynamağı xoşlayırlar), vanna otağına şarlar gətirin. Fikirləşin, fantaziyanızı işlədin.

Əgər uşaq vannaya oturmaq istəmirsə, lakin ayaq üstə çimməyə razıdır, uşağı zorla otuzdurmayın.

Bəzi uşaqlar duşda çimməyi xoşlayır, vannada isə xoşlamır. Bu da böyük problem deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir