valideyn

“Uşaq mənimdir, özüm bilərəm” – Faciəvi sonluğa aparan yanaşma

Baxış sayı: 805

Yadınızdadırsa, bir müddət əvvəl Bakının Nəsimi rayonunda 1 yaşlı körpə üçüncü mərtəbədən yıxılmışdı. 2018-ci il təvəllüdlü Cavadlı Cavidan Cavanşir oğlu anasının ehtiyatsız davranması səbəbindən əlindən yerə düşmüşdü. Kəllə-beyin travması alan körpə ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilmişdi.Təbii, bu hadisə valideyn məsuliyyətsizliyi məsələsini növbəti dəfə gündəmə gətirdi.

 

Baş verənləri dəyərləndirən “Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova bu cür hadisələrin valideyn məsuliyyətsizliyindən irəli gəldiyini bildirdi.

İcraçı direktor təəssüflə bildirdi ki, uşaqlar çox vaxt valideyn diqqətsizliyindən həyatını itirir:

“Bizdə belə bir yanaşma var: “Uşaq mənimdir və necə istəyirəm elə də rəftar edərəm, özüm bilərəm”. Maraqlıdır, 1 yaşlı uşağın eyvanda və ananın qucağında nə işi var? Bəzən valideyn istəmədən olsa belə, övladının həyatını təhlükə altında qoyur. Nə qədər ki, qanunvericilikdə bu sahədə müəyyən tənzimlənmə yoxdur, o vaxta kimi belə hadisələr baş verəcək.

Bildiyimə görə, Ailə, Qadın və Uşaq üzrə Dövlət Komitəsi valideyn məsuliyyətinin artırılması ilə bağlı qanun qəbul edilməsi üçün müaricət edib.

Lakin qanunun qəbul edilib-edilməməsindən xəbərim yoxdur. Ümumiyyətlə, ölkəmizdə uşaq müdafiəsi prioritet məsələ olmadığı üçün belə hallar qanunvericilikdə öz əksini gec tapır.

Yaxşı olardı ki, valideyn məsuliyyətsizliyi nəticəsində həyatını itirən uşaqların statistikası hazırlansın. Hər zaman deyirik ki, maarifləndirici tədbirlər görək, sosial çarxlar çəkilsin və ciddi təbliğatlar aparılsın.

Amma hamıya bəllidir ki, bəzən ananın diqqəti telefonda olur, bu zaman bədbəxt hadisə baş verir.

Düşünürəm ki, belə hallarda məsuliyyətisizlik edən valideynlər cəzalandırılsa, bu sahədə müsbət dəyişikliklər ola bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir