usaqpulu

Uşaq pulu: birdəfəlik verilsin, yoxsa hissə ilə? – YENİ QALMAQAL

Baxış sayı: 846

Uşaq pulunun hansı formada verilməsi məsələsi ətrafında müzakirələr davam edir. Deputatlar, iqtisadçılar hesab edir ki, uşaqların sağlam böyüyə bilməsi üçün onların sosial təminatı ilə bağlı bu və ya digər formada müəyyən addımlar atılmalıdır. Deputat Vahid Əhmədovun fikrincə, bütün neft ölkələrində olduğu kimi uşaq pulu yerinə yeni doğulan vətəndaşlar üçün bank hesabı yaradılıb onların hesabına pul köçürülə bilər.

 

İqtisadçı-ekspert Akif  Nəsirli bildirir ki, Vahid Əhmədovun təklif etdiyi birdəfəlik müavinət uşaq pulu mövzusuna aid deyil: “Bu da ola bilər. Amma bunun üçün potensialı müəyyənləşdirmək lazımdır. Azərbaycanda indiki gəlirlərin daxilolmaları fonunda birdəfəlik yardımları vermək mümkündür, ya yox? Bu araşdırma mövzusudur. Neft ölkələrinin əksəriyyətində bu praktika var. Azərbaycanda da araşdırılması mümkündür. Gəlirlər imkan verirsə, niyə də olmasın?”.

Onun sözlərinə görə, uşaq pulu nə neftə, nə də gəlirə bağlı məsələ deyil: “Azərbaycanda ailənin maddi imkanlarının formasından asılı olmayaraq hər bir uşağa 18 yaşına kimi uşaq pulu verilməlidir. Azərbaycanın gəlirləri buna imkan verir. Verilən pul da uşağın ehtiyaclarının ən azı 50-60 faizini ödəməlidir. Bəziləri hesab edir ki, ünvanlı sosial yardım varsa, uşaq puluna ehtiyac yoxdur. Ünvanlı sosial yardımın hədəfi ölkədə yoxsulluğun azadılması, kasıb əhalinin qayğılarının qarşılanması üçündür. Amma uşaq pulu varlı və kasıb olmasına baxmayaraq, bütün ailələrə verilməlidir. Vətən, dövlət borcu deyirik. Bu borc nə ilə yaranır? Biz, sadəcə torpağa borclu deyilik. Bizim dövlət qarşısında borcumuzun olması üçün həm də maddi tərəf olmalıdır. 18 yaşına çatan uşağa deyirik ki, dövlət qarşısında borcunu yerinə yetirməlisən. Bu borc dövlətin həmin uşağa qayğısından yaranır. Bu baxımdan dövlət həm mənəvi, həm də maddi baxımdan Azərbaycanda doğulan hər bir uşağın inkişafına və böyüməsinə öz töhfəsini verməlidir. Bu da uşaq pulu şəklində olmalıdr”.

 

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa bildirir ki, uşaq pulu ilə bağlı dövlət büdcəsinin də imkanları nəzərə alınaraq addımlar atılmalıdır. Onun fikrincə, 6 yaşına qədər uşaq pulunun verilməsi vacibdir: “Ünvanlılıq hamını əhatə edə biləcək mahiyyətdə olsa idi, tamamilə fərqli olardı. İmkanlı ailələrə uşaq pulunun verilməməsi təklifi də mövzunu tam əhatə etmir. Çünki elə imkanlı ailə ola bilər ki, sabah imkanlarını itirə bilər. Uşaq pulu məsələsində əsas məqsəd uşaqların sağlam qida ilə qidalanmasını təmin etməkdir. Uşaqların geyimlərini və müayinə problemlərini həll etmək də olduqca vacibdir, çünki körpə vaxtı uşaqda olan xəstəlik sonradan problemə çevrilir”.

Onun sözlərinə görə, sonradan xəstə uşağı müalicə etmək çətin olur, bu baxımdan dövlətin yükü daha ağır olur: “Bu gün uşağa qoyulan vəsait gələcəkdə sosial müavinətdən azalan vəsait deməkdir. Bu gün uşaqlara bu vəsaiti qoymursansa, onsuz da sosial müavinət yolu ilə sağlam böyüməyən uşağa bu vəsaiti xərcləməli olursan. Ona görə də bu məsələdə məntiqi yanaşmanı doğru tapmalıyıq. “Uşaq puluna ehtiyac yoxdur” və ya “uşaq pulu lazım deyil” kimi fikirlərlə məsələnin üzərindən keçmək olmaz. Təbii ki, büdcə imkanları da nəzərə alınmalıdır. Ona görə də 6 yaşınadək uşaqlara istinasız olaraq uşaq pulu verilməsi nəzərdə tutula bilər. Gələcəkdə müxtəlif vasitələr tapmaqla uşaq pulunu digər yaş kateqoriyalarına da aid etmək olar”.

F.Mustafa qeyd edir ki, ünvanlı sosial yardım alan əlil, himayədən məhrum olan uşaqlara onsuz da vəsait ödənilir. Onun sözlərinə görə, onları uşaq pulu veriləcək uşaqların siyahısından çıxarmaq olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir