pul

“Uşaq pulu” nəyə çatır?

Baxış sayı: 163

“Uşaq pulu”nun artırılacağı gözlənilir. Bu, bir çox əliuşaqlı ailələrin vəziyyətini yüngülləşdirərdi. Ekspertlərin fikrincə, ölkədə istər körpə yeni dünyaya gələndə, istərsə də aylıq uşaq üçün ödənilən məbləğ çox azdır və uşağın ehtiyaclarını ödəmək üçün çatmır. Nəticədə biruşaqlı ailələrin sayı artır, bu da demoqrafik göstəricilərə mənfi təsir göstərir.

Qeyd edək ki, Azərbaycanda üç yaşınadək uşağa qulluğa görə müavinətin həcmini təkrar nəzərdən keçirmək planlaşdırılır. Bunu 2018-ci il dövlət və icmal büdcənin layihəsinin müzakirələrinin ikinci günündə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, nazirlik ümumilikdə ünvanlı sosial yardım mexanizmini təkrar nəzərdən keçirəcək: “Biz müxtəlif ölkələrin təcrübəsini öyrənirik və bu çərçivədə üç yaşınadək uşaqlara görə verilən müavinətin həcmini nəzərdən keçirməyi planlaşdırırıq”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev “Ekspress”ə bildirir ki, qanunvericilikdə “uşaq pulu” anlayışı mövcud deyil: “”Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda uşağın anadan olmasına görə birdəfəlik müavinətin və müvafiq təbəqələrdən olan uşaqlar üçün aylıq sosial müavinətlərin təyin olunaraq ödənilməsi nəzərdə tutulub. Uşağın anadan olmasına görə müavinət birdəfəlik xarakter daşıyır və hər hansı bir şərt qoyulmadan, o cümlədən valideynlərin işləyib-işləməməsindən asılı olmayaq, ölkədə yeni doğulan bütün uşaqlara şamil olunur. Hazırda uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətin məbləği 99 manat təşkil edir. Eyni zamanda, bundan əlavə müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqları, habelə sağlamlıq imkanları məhdud uşaqlar və valideyn himayəsindən məhrum uşaqlar, beşdən çox uşağı olan qadınların uşaqları aylıq sosial müavinətlə təmin edilirlər. Aztəminatlı ailələrin (ünvanlı dövlət sosial yardımı alan ailələrin) 1 yaşınadək uşaqlarına da aylıq müavinət ödənilir və bu müavinətin ödənişi uşağın 1 yaşı tamam olana qədər davam etdirilir. Həmçinin işləyən analara uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə aylıq müavinət də ödənilir. Ailə başçısını itirməyə görə əmək pensiyası və ya aylıq sosial müavinət verilən ailələrdəki ailə üzvlərinin böyük əksəriyyəti də uşaqlardır”.
Babayev onu da bildirib ki, digər sosial ödənişlər kimi, sosial müavinətlərin də mütəmadi olaraq artırılması təmin olunur, o cümlədən 2016-cı ildə də Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə sosial müavinətlər növbəti dəfə artırılıb: “Ümumilikdə son on ildə sosial müavinətlərin orta aylıq məbləği 3 dəfədən çox artırılıb”.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı Ruslan Atakişiyev bildirir ki, bu gün üç yaşı tamam olana qədər hər ay verilən müavinətlər var. Bununla yanaşı əlilliyi olan uşaqlara 18 yaşına kimi verilən müavinətlər, əlilliyi olan uşaqların təhsil ala bilməsi üçün verilən pullar da var.
R.Atakişiyev qeyd edib ki, bu gün uşaq pulunun artırılmasına ehtiyac var: “Gənc və yaxud körpələri yeni doğulan ailələr üçün uşaq pulu övladlarının xərclərini ödəməyə çatmır, uşaqların maddi ehtiyaclarının ödənilməsində ciddi rol oynamır. Bu məbləğin dəfələrlə artırılmasına ehtiyac var ki, müasir Azərbaycan ailələrində çoxuşaqlı ailə olmağa meyl yaransın. Çünki son dövrlər ailələrin çoxu sosial vəziyyətləri ilə bağlı biruşaqlı ailə olmaqla kifayətlənirlər. Bu da demoqrafik məsələyə ciddi təsirini göstərəcək. Düşünürəm ki, bu məsələyə ciddi yanaşılmalıdır”.

Sosioloq Əhməd Qəşəmoğlunun “Ekspress”ə dediyinə görə, bizdə uşaq pulu rəmzi bir məbləğdir: “İndiki vaxtda bu uşaq pulu ilə uşaqların ehtiyaclarını ödəmək olduqca çətindir. Bizdə bu sahədə ciddi bir siyasət olmalıdır”.
Qəşəmoğlu qeyd edib ki, ucdantutma hamıya uşaq pulu vermək düzgün deyil: “Elə ailələr var ki, onların imkanları kifayət qədər genişdir. Yəni, onlara uşaq pulu versən, onlar üçün bunun əhəmiyyəti olmayacaq. Amma kasıb ailə üçün 100 manat yardım həlledici rol oynayar. Çalışmaq lazımdır ki, uyğun qurumlar bu haqda dəqiq məlumatlar əldə etsinlər və bu məlumat əsasında daha çox kasıb ailələrə uşaq pulu verilsin”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, uşağın anadan olması sosial sığorta hadisəsi hesab olunur və uşağın anadan olmasına görə müavinət sosial sığorta üzrə ödəmələrin bir növüdür.
Uşağın anadan olmasına görə müavinətin hesablanması və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” ilə tənzimlənir.

Qeyd edək ki, məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin uşağın anadan olmasına görə müavinət almaq hüququ var.

Uşaq doğularkən ailəyə qanunvericilikdə müəyyən olunmuş məbləğdə birdəfəlik müavinət verilir.
Uşaq doğmuş ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa müavinət işləyən ataya verilir.
İşləyən valideynə müavinət onun iş yeri üzrə uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanı tərəfindən, əgər hər hansı bir səbəbdən uşağın valideynləri işləmirlərsə, müavinət yaşayış yeri üzrə əhalinin sosial müdafiəsi mərkəzləri vasitəsilə ödənilir. Uşaq doğuşuna görə birdəfəlik müavinət, müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.

İki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət doğulan uşaqların sayına görə verilir.
Uşaq doğumuna görə birdəfəlik müavinət uşağın doğulmasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir. Bu zaman müavinət uşağın doğulmasından sonra nə qədər yaşamasından asılı olmayaraq verilir.
Övladlığa götürülmüş uşaqlara uşaq doğulmasına görə birdəfəlik müavinət ümumi əsaslar üzrə verilir.

Uşaq ölü doğulduqda müavinət verilmir.

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir