usaq

Uşaq qidaları ilə bağlı YENİ STANDARTLAR

Baxış sayı: 1. 392

Azərbaycanda uşaq qida məhsullarının istehsalı ilə bağlı yeni standartlar müəyyənləşdirilib.

“Gencaile.az”-ın Trend-ə istinadən məlumatına görə, yeni hazırlanan “Qida məhsulları. İstehlakçı üçün məlumat” dövlət standartına əsasən, bir yaşadək körpənin qidası üçün nəzərdə tutulan süd məhsulları və ana südü əvəzedicilərinin adında “Ana südünə yaxın” ifadəsindən istifadə etməyə icazə verilmir. İstehsalçı əsas inqrediyentlərin heyvan və ya bitki mənşəli olması, kimyəvi tərkibi haqqında məlumat verilməlidir. Bununla yanaşı, məhsulun üzərində ana südünün üstünlüyü qeyd olunmalı, “ana südünə oxşar” və ya “ana südünün əvəzedicisi” ifadəsindən istifadə edilməməli, yalnız həkim məsləhəti ilə istifadə edilə bilməsi haqqında məlumat olmalıdır.

Ana südü əvəzedicilərinin istehlak tarasında ana südünün üstünlükləri və həkim tərəfindən qidalanma sxeminin təyin edilməsinin vacibliyi haqqında məlumat göstərilir.

Həmçinin, istehlak tarasının üzərində uşaq şəklinin təsvir edilməsinə icazə verilmir. Körpələrin əlavə qidalanması üçün məhsulun istehlak tarasına qidalanmanın hansı yaşdan başlanması haqqında tövsiyə verilməlidir.

Uşaq qidası üçün nəzərdə tutulmuş konserv bankalarının üzərinə konservlərin istehsal tarixi (gün, ay, il) və yararlılıq müddəti göstərilməlidir.

Dövlət standartında müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə və digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmasını müəyyən etmək üçün standartın ilkin yoxlama müddəti 2020-ci il, dövrü yoxlama müddəti 5 ildir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir