usaq

Uşaq tərbiyəsi ilə bağlı fransızların 12 QIZIL QAYDASI

Baxış sayı: 186

Yəqin ki, dünyanın ən çətin peşəsi uşaq tərbiyə etməkdir. Xüsusən də, bizim cəmiyyətimizdə. Ətrafdakıların müdaxiləsi, irad və təkliflər, bəzən də, yersiz müdaxilələr gənc valideynləri çıxılmaz vəziyyətə salır.

Dünyaya gələn hər bir uşaq individualdır və valideynin borcu onu düzgün yetişdirib, cəmiyyətə faydalı vətəndaş kimi böyütməkdir. Bəs inkişaf etmiş dövlətlərdə valideynlər uşaqlarını necə tərbiyə edirlər, onlarda hansı vərdişləri formalaşdırırlar?

“Gencaile.az” fransız valideynlərinin tərbiyə üsullarının müsbət və mənfi tərəflərini təqdim edir:

1. Ümumiyyətlə, fransızlar sağlam qidaya üstünlük verirlər. Fransız qadınları hamiləlik dövründə daha çox tərəvəz, meyvə və faydalı xörəklər yeyirlər. Odur ki, körpənin doğumundan ən çox 3 ay sonra öz ideal bədən formalarına qayıdırlar.

2. Bütün hamiləlik dövrünü valideynlər birgə keçirdirlər. Fransada gələcək ata hamilə xanımını həkim müayinələrində tək qoymur. Gənc valideynləri birgə doğuma hazırlayırlar. Ata övladını dünyaya gətirən həyat yoldaşının yanında olur və körpəsinin göbək bağını kəsir. Fransada bu məsuliyyətli yolu keçməyən kişi layiqli ata hesab olunmur.

3. Doğulan körpənin orqanizmi sərin hava şəraitinə öyrədilir. Uşağın otağında havanın temperaturu daim 21 dərəcə olur. Fransız anaları körpəni papaq və digər baş örtüklərinə öyrətmirlər.

4. Fransız qadınları doğum evindən çıxar-çıxmaz gündəlik həyatına geri dönür. Körpəsi ilə birgə marketlərə gedir, parkda gəzir, dostları ilə kafe və restoranlarda vaxt keçirdir, hətta uzaq səfərlərə çıxır. Bu, uşağın tərbiyəsində xüsusi amildir. Belə ki, körpə ictimai həyata daha tez uyğunlaşır.

5. Yeni doğulmuş körpənin öz otağının olması vacibdir. Fransızlar körpələrini evə gətirdikləri gündən etibarən öz otağında yatırdırlar. Əgər ailənin uşaq otağına əşya almağa büdcəsi çatmırsa, dövlət bu xərci öz boynuna götürür. Ailəni körpənin arabasından tutmuş, çarpayısına qədər bütün gərəkli əşyalarla təmin edir.

6. Fransada 3 yaşadək olan uşaqlar cizgi fimləri seyr etmirlər. Dövlətin rəsmi qadağasından əlavə, onların daha maraqlı məşğuliyyətləri olur. Fransızlar öz körpələrinə kitab oxumaq həvəsini lap erkən dövrdən aşılayırlar. Hər bir valideyn gün ərzində bir neçə dəfə körpəsinə kitab oxuyur. Odur ki, fransızlar ən çox kitab oxuyan xalqlar arasında ön sıradadırlar.

7. Fransızlar yeni doğulmuş körpələrilə çox söhbət edirlər. Sanki uşaq anlayırmış kimi, hər şeyi səbir və dözümlə izah edirlər. Maraqlısı odur ki, bu üsul işə yarayır. Məsələn valideynlərilə birgə parka gələn azyaşlı uşaq artıq sərbəst oynayır. Övladına artıq şəxsiyyət kimi yanaşan valideynlər uşağını addımbaaddım izləmir. Aşyaşlı yıxılıb, qalxmaqda, qumla oynamaqda tam sərbəstdir. Onların uşaqlarda tərbiyə etdikləri ən üstün özəllik səbir və təmkindir.

8. Əsl fransız ailəsini ev heyvanı olmadan təsəvvür etmək mümkün deyil. Onlar xüsusən də itləri çox sevirlər. Odur ki, Fransız ailəsində doğulan körpənin ilk alışqanlıqlarından biri heyvan sevgisi olur.

9. Fransızlar idmanı çox sevirlər. Yaşından, işindən asılı olmayaraq hər bir fransız gün ərzində ən az yarım saat qaçır. Bundan əlavə onlar velosiped sürməyi sevirlər. Fransız uşaqları velosiped sürməyi ən gec 4 yaşlarında öyrənirlər.

10. Fransızlar övladlarını cəmiyyətə alışdırmaq üçün əllərindən gələni əsirgəmirlər. 1 yaşdan etibarən övladlarını dərnəklərə aparırlar. Bu dərnəklər valideynlərin əyləncəsini də təmin edir. Uşaq bağçalarına qəbul isə 3 aydan etibarən başlayır. Lakin fransız uşaqlar çox vaxt bağcaya 2 yaşdan sonra gedirlər. Bağcalarda uşaqların zehni inkişafına xüsusi önəm verilir. Uşaqlar öz əlləri ilə müxtəlif oyuncaqlar hazırlayır, şəkillər çəkirlər.

11. Fransız xalqı təmizlik mövzusunda çox geridədir. Onlar üçün övladının təmizliyi deyil, dünyagörüşü önəmlidir. Odur ki, övladını gündəlik həyatda təmiz geyindirib, gəzdirən valideynlərə az hallarda rast gəlmək olur.

12. Fransa dərman istehsalına görə dünyada ilk sıralarda durur. Lakin buna baxmayaraq, dərman qəbul etməyi sevmirlər, bu vərdişi övladlarına da aşılayırlar. Burada körpəyə yalnız ən ağır hallarda dərman verirlir. Əgər uşağın qızdırması 38 dərəcəni keçməyibsə, o, bağcaya getməlidir. Başqa uşaqları yoluxdursa belə, problem deyil. Onlar düşünürlər ki, bu yolla övladlarının immuniteti güclənir.

Fransız valideynlərinin ən xoşagəlməz özəllikləri də var ki, onlar kiçik övladlarının yanında siqaret çəkir, içki içirlər. Bəzi qadınlar isə hamiləlik dönəmində belə, bu zərərli vərdişdən yaxa qurtara bilmirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir