valideyn

Uşaq tərbiyəsində 3 məqam və ya uşağa «yox» sözünü necə söyləməli?

Baxış sayı: 92

Uşaq tərbiyəsində valideyn üç mövqedən çıxış edir. Bunlar aşağıdakılardır:
1. Passiv mövqe
2. Aqressiv mövqe
3. Qətiyyətli mövqe

Bir çox valideynlər övladlarına passiv mövqedən yanaşmağa vərdiş ediblər… Bu hər bir münasibətdə özünü göstərir. Onlar belə deyirlər: ” Mənim balam, sən nənəngilə getməyə hazırsan?”. Belə vəziyyətlərdə adətən uşaqlar valideynin sözünə ya reaksiya vermirlər, ya da «yox» — deyə cavab verirlər. Beləliklə, uşaq oynamağa davam edir. Çünki təbii olaraq düşünür ki, o hazır deyil. Valideyn isə öz növbəsində, uşağın hərəkətini sözəbaxmamazlıq kimi qəbul edir ( amma bu belə deyil) və dərhal passiv mövqedən aqressiv mövqeyə keçir. «Sənə demədim, hazır ol. Gərək qışqıram, adamı eşitmək istəmirlər. İndi çıxıb gedəcəm, qalacaqsan tək edvə. Sonra ağlasan da aparmayacam. Di dur, tez.» , sonra isə belə davrandıqları üçün peşman olurlar. Yenə passiv mövqeyə keçirlər. ” Dur gedək, əgər sözə qulaq assan, tez hazırlaşsan yolda sənə dondurma alacam” — deyir.

Başqa misal, uşaq evin qapısı ilə oynayır, ana da gün ərzində iş çoxluğundan yorulmuş halda,  passiv mövqedən çıxış edir — ” ay bala, eləmə” — deyir, uşaq elə bil eşitməyib, yenə davam edir, ana təkrar ” eləmə  demədim?”, uşaq gülür və çəkilir, ananın fikri yayınan kimi davam edir qapı ilə oynamağa. Bu dəfə ana aqressiv mövqeyə keçir, başlayır qışqırmağa ” Sənə neçə dəfə deyərlə?”, yaxınlaşıb uşağa bir — iki sillə vurur. Sonra peşman olur.   Yəqin ki, bir çox valideynlər, xüsusən analar belə hallarla dəfələrlə qarşılaşıblar. Bunun üçün qətiyyətli mövqe lazımdır. Uşağa «yox» söünü qəti şəkildə demək lazımdır. Sonuncu misalda əgər uşaq qapı ilə yox, cərəyanla oynasa idi, ya da qazla ana hansı mövqedən çıxış edəcəkdi? Təbii ki, bir dəfə də olsun ” ay bala, eləmə” deməyəcəkdi, dərhal uşağını təhlükədən uzaqlaşdıracaqdı..

Çox vaxt valideynlər şikayətlənirlər ki, uşaq onları əsəbləşdirir. Bununla hər bir günahın sorumlusu uşaq olur. Valideyn bütün məsuliyyəti uşağın üstünə atır. Uşaq valideynin hərəkətlərinin məsuliyyətini daşımış olur. Belə sual yaranır- Demək uşaq sizi idarə edir? Siz böyük adamsınız, balaca uşağın əlində oyuncamı olmusunuz? Sizin hərəkət və hissləriniz onun əlindəki «pult»dan asılıdır yoxsa? Təbii ki, «yox» cavabı gələcək, Elə isə özünüzü toplayın və hər bir davranışınızda qətiyyətli olun. Uşaq anlasın ki, siz sözləri havaya sovurmayırsınız. Unutmaq lazım deyil ki, uşağımızı tərbiyə etməklə, onu öyrətməklə özümüz də öyrənirk. Bir müəllimim vardı, tez -tez bu kəlməni təkrar etməyi xoşlayırdı: ” Öyrətmək elə öyrənməkdi”. Əvvəl düşünürdüm ki, yəqin müəllimin lazımı leksikonu yoxdu, ya da başqa bir şey bilmir. Sonra anladım ki, bu fikirdə böyük hikmət var. Kim deyir ki, öyrətmək ayrı, öyrənmək ayrıdır. Öyrədən anda biz özümüz də öyrənirik. Ya biliyimiz təkrarlanıb, daha da möhkəmlənir, ya da öyrədən anda bilmədiyimiz bir çox bilik, bacarıq və vərdişlərə yiyələnmiş oluruq.  Uşağa bizim  «yox» sözümüzü eşitməyi öyrətmək  üçün, özümüz də qətiyyətli olmağı öyrənməliyik. Yuxarıdakı misalda ana balasına sual edir və bu passiv mövqedə olan valideyn durumudur. Ona sual etdikdə ana bütün gücünü uşağına verir və düşünür ki, uşaq bu gücdən istifadə edib özünü yaxşı aparar, bunun əvəzini görmədikdə o məyus olur. Bunun üçün ana: ” Biz gedirik, gəl ayaqqabılarını geyin” — deməli idi. Uşaq anlamalı idi ki, o hazırdı, ya hazır deyil, bu vəziyyətdə heç bir rol oynamır, anası gedir və o da ayaqqabılarını geyinməlidir.

Qətiyyətli mövqedə olan valideyn şikayətlənmir, nə istədiyini və uşağından nə gözlədiyini dəqiq bilir. Ondan tələb etdiyini, öyrətdiyini sabah unutmur, nəzarət edir ki, öyrətdiyini uşaq tədbiq edirmi ya yox. Çox vaxt uşaq evdə stolun üstünə çıxanda, ya divandan hoppananda ana çox da fikir vermir, evə qonaq gələndə isə uşağının elədiyindən utanır. Başlayır qadağa qoymağa. Bir -iki gün keçməmiş uşaq o hərəkəti təkrar edəndə, deyir: ” Öyrətmişəm, başa salmışam, onun üstündə döymüşəm ki, ay bala, eləmə, yenə eləyir, daha neyniyim, bəxtimə pis uşaq çıxıb”. Pis uşaq niyə olur, sadəcə qadağa qoymusunuzsa, nəzarət edin ki, dediyinizə əməl olunurmu, Daha bu gün deyib, sabah seriala sakit şəraitdə baxasınız, ya telefonla rahat danışasınız deyə uşaq qadağaya əməl etməyəndə dinmirsiniz, serial, telefon danışığı bitdikdən sonra ” başım qarışıq olanda istifadə edirsən ” — deyə ittiham etməyin. Lazım gəlsə serialdan yayının, telefon dəstəyini yerə qoyun, göstərin ki, «dedinizsə qurtardı, güzəşt yoxdu», bir — iki qətiyyətli hərəkət və nəzarət uşağınıza göstərəcək ki, ” yox” sözünə əməl etmək gərək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir