Uşaq yuxuda gəzirsə, valideyn nə etməlidir?

Baxış sayı: 201

Valideynlərin bir çox hissəsi uşaqların yuxuda danışmağı ilə üzləşir.

Uşaq yuxuda sözlər, cümlələr deyir. Adətən bunun səbəbi gün ərzində keçirilmiş streslər, yorğunluq, yuxunun az olmasıdır. Bu hal heç bir xüsusi müalicə tələb etmir və valideynləri narahat etməməlidir.

Belə hesab olunur ki, somnambulizm (yuxuda gəzmək) uşaqların 10-30%-də heç  olmazsa 1 dəfə qeyd olunur. Oğlanlarda bu hala qızlarla müqayisədə daha tez-tez rast gəlinir.

Kənardan baxan insan üçün somnambulizm kifayət qədər qorxunc görünür. Yuxuya getdikdən 1-3 saat sonra uşaq ayağa qalxır, gəzməyə və ya hər hansı hərəkətlər etməyə başlayır (paltarını geyinir, oyuncaqların yerini dəyişir, soyuducunun qapısını açır və s.). Bu zaman uşaq dərin yuxuda olur, ətrafdakılara heç bir reaksiya vermir. Uşağı oyatmaq çox çətindir. Əgər bu mümkün olursa, uşaq özünə gələ bilmir, ətrafda olanları başa düşmür, heç nə xatırlamır.
Yuxuda danışmaq və gəzmək kimi hallar irsiyyətlə bağlıdır. Əksər hallarda somnambulizm da heç bir xüsusi müalicə tələb etmir və uşağın 14-16 yaşına kimi keçir.

Nadir hallarda olsa da somnambulizmin altında gecə epilepsiya tutmaları gizlənə bilər. Məhz bu səbəbdən bu hal tez-tez təkrarlanırsa, mütləq nevroloqa müraciət edin.

Uşaq yuxuda gəzdikdə valideyn nə etməlidir?

1. Kədərlənməyin və narahat olmayın. Əksər hallarda bu heç bir ciddi pozulmanın əlaməti deyil və uşağın sağlamlığı üçün təhlükə yaratmır.

2. Uşağın hərəkətlərinə diqqətlə fikir verin və daha sonra bunları dəqiq şəkildə  nevroloqa təsvir edin.

3. Uşağı oyatmağa çalışmayın. Uşağı ehtiyatla yataq otağına aparın, çarpayıda uzandırın və gözləyin ki, uşaq dərin yuxuya getsin.

4. Uşağın təhlükəsizliyini təmin edin (pilləkəndan, pəncərədən yıxılmasın, zədələnməsin və s.).

5. Uşağın otağının qapısını açarla bağlamayın.

6. Səhər yuxudan duran uşağa onun gecə “sərgüzəştləri” haqqında danışmayın (xüsusilə digər insanların yanında). Uşaq heç nə xatırlamayacaq, utanacaq, sıxılacaq.

7. Somnambulizm tez-tez təkrar olunursa, nevroloqla məsləhətləşin.

Bruksizm da kifayət qədər yayılmış yuxu pozulmasıdır. Bruksizm – gecə yuxuda olduqda dişlərin qıcırdatmasıdır. Uşaq bu zaman dərin yuxuda olur və səhər heç nə xatırlamır. Bəzən səhərlər uşaq üz, boyun və çənə oynaqları nahiyəsində ağrılardan şikayətlənir. Diqqətli ana uşaqda dişlərin zədələnməsini, damaqların iltihabını qeyd edir. Oğlanlarda bu hala daha tez-tez rast gəlinir.

Bruksizm uşağın sağlamlığına ciddi təhlükə yaratmasa da, uşaqda diş və damaq problemləri əmələ gələ bilər. Bu səbəbdən uşağı mütləq nevroloqa və stomatoloqa göstərmək lazımdır.

Əvvəllər belə hesab olunurdu ki, gecə dişlərin qıcırdatması qurdların əlamətidir. Lakin bu tibbdə təsdiq olunmayıb. Bruksizmin dəqiq səbəbi məlum deyil. Belə hesab olunur ki, burada əsas rollardan birini irsiyyət oynayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir