teyyare

Uşaqla səyahət edərkən hansı məqamlara diqqət etməli?

Baxış sayı: 991

Uşaqları dünyaya gələndən sonra bir çox cütlüklər səyahətlərinə ara verirlər, “uşaqla səyahət etmək mümkün deyil” deyirlər. Səyahət bloggeri Rəna Osman isə bildirir ki, uşaqla səyahət etmək mümkündür, sadəcə olaraq, burda bəzi məqamları diqqətdə saxlamaq lazımdır. Bəs o məqamlar hansılardır?

R.Osman deyir ki, uşaqla səyahət üçün valideynlər özlərini buna hazır hiss etməlidirlər: “Həm psixoloji, həm maddi, həm də fiziki olaraq uşaqla səyahətə hazır olmaq lazımdır. Və ilk olaraq uşaqla yola çıxmağı yoxlamaqda fayda var. Məsələn, rayonlardan birinə səfər etsinlər, təcrübə kimi yoxlasınlar ki, bunu uzun yol üçün edə bilərlər, yoxsa yox. Məsələn, bizim uşağımız 3 aylıq olanda, bir rayona səfəri etdik. Bu, böyük təcrübə oldu. Nələri gözə alacağımızı bildik və 4 aylıq olanda bir yerdə artıq Dubaya səfər etmişdik”.

Rena Osman

Bloggerin sözlərinə görə, uşaq ayaq açıb yeriyənə qədər səyahətdə valideynlər üçün o qədər də narahatlıq yaratmır: “Uşaq nə qədər balacadırsa, onunla gəzmək o qədər rahatdır. Adətən, uşaq yeyir və yatır. Amma ayaq açıb yeriyəndə, təbi ki bir yerdə dayanmayacaq, qaçacaq, gəzəcək. Yəni onun arxasınca gəzməli olursan”.

R.Osman bildirdi ki, uşağınız sizinlə səyahət edirsə, mütləq birinci onun rahatlığını təmin etməlisiniz: “Yemək istəyirsə, yemək verməlisən, yuxusu gəlirsə, yatmalıdır. Əynini elə geyindirməlisən ki, komfortlu olsun. Bunlara riayət etsən, uşaqla səfər elə də çətin olmur. Yəni uşaq rahat olanda, valideyni yolda çox incitmir”.

Uşaqla edilən səyahət zamanı bəzi limitlərlə üzləşirsən. Blogger deyir ki, bu, istər-istəməz olmalıdır: “Tək və ya böyük adamlarla səfərə gedəndə, piyada daha çox gəzə bilirsən. Çünki onlarla problem olmur. Adi vaxtda iki saat piyada gedirsənsə, uşaqla olanda artıq bir saat sonra uşaq üçün rahat olsun deyə, hansısa bir minik vasitəsindən istifadə etməlisən. Çünki uşaq o qədər yolu piyada gedə bilməz. Yaxud səyahətlərdə gecə əyləncələrini sevənlər uşaqla gedəndə, bu cəhətdən də bir az özlərini limitləməlidirlər. Çünki uşağın yatmaq saatı var, məcbur qalıb, onun rejiminə uyğunlaşmalısan. Düzdür, uşağı aparanlar da ola bilir, bir dəfə biz də gecə aparmışdıq, amma yüksək səslə musiqi səsləndirilən yerlər uşaq üçün zərərlidir, bunu etməmək daha məsləhətlidir. Uşaq gəzməyə başlayırsa, bilməlisən ki, sən bu səfərdə dağa çıxa bilməyəcəksən. Biz Dubaya gedəndə safariyə gedə bilmədik, 4 aylıq uşaq idi, onu apara bilməzdik. Onun əvəzində daha çox çimərlikdə vaxt keçirdik, şəhəri gəzdik. Əsas gəzmək olsun. Ümumiyyətlə, uşaqla səyahət edirsənsə, bilməlisən ki, tək deyilsən və tək səyahətindəki kimi olmayacaq”.

Bunlara riayət etmək öz yerində, amma R.Osman onu da bildirdi ki, uşağı parkda gəzdirməyə səbri olmayan adamlar üçün belə səfərlər çətin keçə bilər: “Valideyndən də çox şey asılıdır. Elə valideyn var ki, uşağı adi parka aparmağa səbri çatmır. Bu adamların uşaqla səfərə çıxması çətin olar. Balaca uşaq aparılırsa, yaxşı olar ki, hər iki valideyn getsin. Çünki bir nəfər üçün balaca uşaqla səfər heç də rahat olmaz. 5-6 yaşa çatıb, özü rahat gəzəndən sonra bir valideynlə də səyahət edə bilər”.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir