Vaqif Qarayev

Uşaqlar arasında “yay qripi” gəzir: “Valideynlər körpələrin gigiyenasına fikir versinlər!”

Baxış sayı: 721
Havaların son günlər dəyişkən keçməsi körpələrin səhhətində problemlər yaradıb. Körpələrini həkim müayinəsinə aparan valideynlərin sayı artıb. Valideynlər əsasən də qızdırmadan şikayətlənir və bunun nəylə bağlı olduğunu bilmirlər. Hətta belə şayiə də gəzir ki, hansısa virus yayılıb, uşaqlara qızdırma verən də budur.
Pediatr Vaqif Qarayev qızdırmanın bir əlamət olduğunu deyir:
“Buna el arasında “yay qripi” də deyilir. Yay mövsümündə havaların qeyri-sabit keçməsi südəmər körpələr və azyaşlıların səhhətində gözlənilməz problemlər yarada bilir. Son günlər havalar çox dəyişkən oldu. Əvvəlcə şiddətli külək, yağıntı, sonra isə 40 dərəcəyə yüksələn temperatur. Təbii ki, iqlim dəyişikliyi həssas təbəqəyə – azyaşlılar və yaşlı insanlara mənfi təsir edir. Çünki birinin orqanizmi hələ formalaşmayıb, digərinki isə artıq gücdən düşüb. Xəstəliyə mövsümlə bağlı rotaviruslar səbəb olur. Xəstəlik qızdırma, mədə-bağırsaq pozğunluğu ilə müşayət olunur. Rotavirusların da başlıca törədicisi yuyulmamış meyvə-tərəvəz və çirkli əllərdir. Ona görə də biz hər zaman valideynlərə dönə-dönə tapşırırıq ki, uşaqların gigiyenasına fikir versinlər. İnsan bədənində ən çirkli orqan əllərdir. Əllər sabunla tez-tez yuyulmalıdır. Meyvə-tərəvəzlər də yeyilməzdən öncə ciddi şəkildə yuyulmalıdır. Qida mütləq təzə olmalıdır. Köhnə qidalar ümumiyyətlə qadağandır. Şəxsi gigiyena qaydalarına daim əməl edilməlidir.
Həkim qeyd edir ki, problemlərdən biri də xəstə insanların ictimaiyyətdən təcrid olunmaması, körpə olan evə vaxtaşırı gediş-gəlişlərdir:
“Nə eləsək də, nə qədər desək də əhaliyə başa sala bilmirik ki, xəstə uşaqlarla kontakt tamamilə kəsilməlidir. Hətta böyüklər də, görürsən xəstədi, deyir, gedim filankəsə baş çəkim. O evdə körpə uşaq varsa, yoluxması an məsələsidir. Südəmər uşaq olan ailəyə isə gediş-gəliş ümumiyyətlə yolverilməzdir.
V.Qarayev valideynlərə məsləhət görür ki, uşaqları havaya uyğun gəzintiyə çıxarsınlar:
Bəzən dəyişkən havanın şahidi oluruq.  Məsələn, hava həm isti, günəşli, həm də küləkli ola bilir. Belə havada gəzintiyə çıxarılan uşaq bir tərəfdən günəş şüasının təsiri ilə istilənir, külək isə tərləmiş bədəni soyudur. Uşaq ora-bura qaçır, tərləyir, bu halda külək uşağın səhhətinə ziyan vurur. Uşaqların mövsümə və havaya uyğun geyindirilməsi də əsasdır. Ümumiyyətlə isə mən bu yay təhlükə törədəcək infeksiya görmürəm”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir