USAQ

Uşaqlar daha çox hansı xəstəliyə tutulur?

Baxış sayı: 1. 477

“Hazırda Azərbaycanda 0-18 yaşlıların sayı 2 588 959 nəfərdir. Bu ilin 9 ayı ərzində ölkənin uşaq əhalisinin 1672556 nəfəri (64,6%) tibbi müayinədən keçirilib. Tibbi müayinədən keçirilmiş uşaqların 87288 nəfəri (5,2%) sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb”. Bunu dünən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair təşkil olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, sağlamlığında müxtəlif problemlər aşkarlanmış 227955 (13,6%) azyaşlıya müalicə-sağlamlaşdırıcı tədbirlər tətbiq edilib. Onlardan 14345 nəfəri (0,9%) hospitalizasiya olunub, 4569 nəfəri isə sanator müalicəyə göndərilib.

Dövlət tərəfindən uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədilə həyata keçirilən davamlı tədbirlərdən danışan baş pediatrın dediyinə görə, 2013-cü ilin martında “Uşaqların İcbari Dispanserizasiyası haqqında” qəbul edilmiş qanun uşaqların sağlamlığının qorunması işində müstəsna əhəmiyyət kəsb edir. Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərin məntiqi nəticəsi kimi, 2014-cü ildən etibarən ölkəmizdə uşaqlar icbari dispanserizasiyaya cəlb edilirlər.

Onun sözlərinə görə, uşaq ilk doğulduğu andan bir aya qədər 3 dəfə, 1 yaşa qədər hər ay, 1 yaşdan 2 yaşa qədər uşaqlarda rübdə bir dəfə, 2 yaşdan 3 yaşa qədər uşaqlarda ildə 2 dəfə, 3 yaşdan 18 yaşa qədər olan uşaqlar isə ildə bir dəfə kompleks müalicələrə cəlb olunur.
Quliyev vurğulayıb ki, bu prosesdə çətinlik birinci növbədə valideynlərin bu işə cəlb edilməsi ilə bağlı olur. Belə ki, dediyinə görə, xüsusilə rayonlarda bu sahədə problemlər yaşanır. “Valideynlər uşaqları müayinədən keçirməyə çəkinirlər. Ona görə də hələ uşaqların kompleks müayinəsini 100 faizə çatdıra bilmirik”.

Nəsib Quliyev uşaqların üzləşdikləri xəstəliklərin statistikasını da açıqlayıb. Deyib ki, tibbi müayinədən keçən uşaqlar arasında tənəffüs orqanlarının xəstəlikləri və qurd invaziyaları (helmintoz) daha çox aşkar olunur. Onun sözlərinə görə, məktəbə qədər yaşda olan uşaqların gigiyenik qaydalara əməl etməməsi onlarda qurd xəstəliklərinin yaranmasına səbəb olur: “Uşaqlarda elə yaş dövrü var ki, onlar həmin yaşda gigeynik tələblərə riayət etmirlər. Onları bu işə sövq etmək olmur. Ona görə də qurda yoluxma halları əmələ gəlir”.

Azyaşlı uşaqlarda tənəffüs üzvlərinin xəsətliklərinə də rast gəlindiyini deyən baş pediatrın bildirdiyinə görə, tənəffüs üzvülərinin xəstəlikləri uşaq orqanizminin anatomik- fiziolojik xüsusuiyyətlərindən irəli gəlir. “Bu, bütün dünyada belədir”.

Dediyinə görə, qeyd olunanların sırasında perinatal dövrdə uşaqların xəstələnməsi gəlir. “Yeni doğulan uşaqlar doğum evindən çıxdıqdan sonra bir neçə ay ərzində sahə pediatrı tərəfindən aktiv müşahidədə saxlanılır. Yeni doğulan uşaqlarda müşahidə olunan xəstəlikələr daha ciddi nəzarət altındadır. 2006-2010-cu illəri əhatə edən “Azərbayacanda ana və uşaqların qorunması” dövlət proqramına əsasən xidmətin gücləndirilməsi haqda qərar qəbul olunub. O vaxtdan indiyədək həmin proseslər davam etdirilir” deyən Quliyev uşqlara qarşı maksiumum diqqətli olmağa çağırıb. Statistikaya əsaslanan N.Quliyev deyir ki, dünyada hüquqları pozulmalarına görə birinci yerdə uşaqlar durur. “Uşaqların özlərini müdafiə etmək gücü yoxdur”.

Son illər Azərbaycanda süni mayalanmanın daha çox tətbiq olunduğunu deyən institut direktorunun bildirdiyinə görə, süni mayalanma məsələsində həkim-pediatr və mama-ginekoloqlar arasında müəyyən narazılıqlar yaranır. Dediyinə görə, əslində, süni mayalanmanı həyata keçirən mütəxəssis mütləq şəkildə uşaqların sayını nəzərə almalıdır. “Bu cür hamiləlikdə uşaqların sayı bir və ya iki (əkiz) olmalıdır, bundan çox olması məsləhət deyil. Lakin bunu edən mütəxəssis özünü sığortalamaq, gələcəkdə ona verilən pulu geri qaytarmamaq üçün baştutma reallığının yüksək olması məqsədilə bir neçə mayalanmış yumurtanı uşaqlığın selikli qişasına inplantasiya edir. Bəzi analarda da bunun hamısı tutur və çoxdöllü hamiləlik olur”.

Mütəxəssislərin müəyyən metodlar vasitəsilə mayalanmış yumurtanın bir qismini bətn daxilində olarkən reduksiya etdiklərini deyən Quliyevə görə, həkimlərin əksəriyyəti bunu etmir. “Təbii ki, çox döllülük həm ana, həm də uşaq üçün böyük risk faktorudur. Əslində, çoxdöllü hamiləlik ən yuxarı (üçüncü) səviyyəli doğuşayardım müəssisəsində həll olunmalıdır. Çünki burada böyük risk var. Uşaq həkimləri olaraq süni mayalanma zamanı hamiləliyin ya tək, ya da əkiz olmasının tərəfdarıyıq. Əgər süni mayalanma zamanı ana beşəm dünyaya gətirəcəksə, burada ilk gündən risk faktoru meydana çıxır. Çünki mütəxəssis hamiləliyin ilk həftəsində döllənmiş embrionların inkişaf etməyə başladığını və mütləq tədbir görülməli olduğunu görür. Ancaq bunu etmədikdə nəticə ürəkaçan olmur” deyən baş pediatrr əlavə edib ki, süni mayalanma ilə doğulan uşaqların sağlamlıq problemləri və onlarda olan risk faktorları digər uşaqlara nisbətən daha yüksək olur.

Quliyev onu da deyib ki, əvvəlki illərdə olduğu kimi, bu il də soyuq havaların başlaması nəticəsində uşaqlar arasında soyuqdəymə xəstəlikləri çoxalmağa doğru gedir. “Bunun da günahkarı valideyn və tibb işçiləridir. Uşaqların geyiminə, sağlamlıqlarına nə qədər çox nəzarət edilsə, mövsümi xəstəliklərin sayının azalmasına nail olmaq olar” deyən baş pediatr bildirib ki, qışın hazırlığını yazda və yayda görmək lazımdır. Dediyinə görə, isti havalarda uşaqları dənizə aparmaq lazımdır. Günəş vannası, qum vannası qəbul edilməlidir. “Uşaqların xəstələnməməsi üçün qidalanma da vacib faktorlardan biridir. Uşaqlar keyfiyyətli qidalandırılmadıqda, çoxsaylı problemlər ortaya çıxır”,-deyən N.Quliyev ümumilikdə bu il mövsümi xəstəliklərlə bağlı ciddi bir təhlükə olmadığını vurğulayıb. Bildirib ki, ölkədə uşaqlar arasında konkret virus xəstəliklərinin, bakterial xəstəliklərin epidemiyası mövcud deyil.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir