ders

Uşaqlar məktəbə nə dərəcədə hazırdır?

Baxış sayı: 1. 675

Qarşıdan yeni tədris ili gəlir. Artıq valideynlər məktəbli övladları üçün alış-veriş ediblər; çanta, kitab, dəftərlər, məktəbli geyimi, bir sözlə, hər şey hazırdır. Bəs bu il ilk dəfə əlinə çanta alıb məktəbə gedəcək uşağın, ümumiyyətlə, yay tətilindən qayıdacaq şagirdlərin özləri necə, məktəbə hazırdırlarmı?
Mütəxəssislərə görə, ilk dərs günləri məktəblilər üçün çox çətin keçir. Yay tətilində oynamağa, istirahətə çox yer vermiş uşaqlar dərs ilinin ilk günlərində məktəbə adaptasiya ola bilmirlər. Xüsusən də birinci sinif uşaqları. İlk müəllimə, tanımadığı uşaqlar, ilk dəfə valideyndən bir neçə saat uzaq və tanımadığı yerdə qalmaq balacalar üçün çox çətin olur. Bəzi uşaqlar dərsə diqqətli olsalar da, bəziləri ilk dərs günlərini ağlamaqla keçirir.

Psixoloqlar hesab edirlər ki, birinci sinifə gedən uşaqları   dərs ili başlamamışdan 15 gün öncə məktəbə aparıb müəlliməsi ilə tanış etmək lazımdır ki, dərs ili başlayanda o uşağa yad gəlməsin. Məktəb alış-verişini də uşağın özü ilə birlikdə etmək lazımdır. Çünki bu zaman uşaqda seçim etmə formalaşır.
Psixoloq Nigar Məmmədovanın sözlərinə görə, məktəbə yeni başlayacaq uşaqların bir çoxu yeni bir mühitə alışma, ana və atadan ayrılma məcburiyyətində qalma kimi səbəblərlə məktəbə  getmək istəmirlər. Bu, uşaq üçün normal davranışdır. Çünki uşaq məktəbə getməyə başlayandan 10-15 gün sonra sinif yoldaşlarına, məktəbə, müəllimlərə alışmağa başlayır. Bundan sonra o, daha ağlamadan məktəbə gedir: “Bir çox uşaqlarda məktəb fobiyası və qorxusu yaranır. Məktəbə getmə vaxtı çatanda narahatlıqlar, həyəcan, məktəbə getməmək üçün müxtəlif bəhanələr müşahidə edilə bilər”.

Həmsöhbətimiz bildirir ki, məktəb fobiyası xüsusilə anaya bağlı olan uşaqlarda, məktəbdən öncə bağça və ya hazırlıq keçməmiş uşaqlarda daha çox görülür. Bu zaman valideyn və müəllimlə əməkdaşlığı uşağın fobiyasının aradan qaldırılmasında yardımçı ola bilər.

Dediyinə görə, uşaq məktəbə zehni, ictimai, fiziki və mənəvi cəhətdən hazır olmalıdır: “Normal şərtlərlə altı yaşı tamam olmuş uşaq məktəbə hərtərəfli hazır olur. Məktəbə gedəcək uşaq qələmdən istifadə edərək şəkillər çəkməyi, sırada dik və müəyyən məsafədə otura bilməyi, özü geyinməyi, tualetə getməyi, təmizliyə riayət etməyi, məsuliyyətli olmağı, tənəffüslərdə özünü qorumağı öyrənməli, ana və evdən ayrıla bilməyi bacarmalı, anadan ayrıldığı üçün kədərlənməməli, müəllimləri ilə yaxşı ünsiyyət qurmağı bacarmalıdır”.

Bununla yanaşı məktəb yaşlı uşaq əl-göz koordinasiyası və incə mühərrik bacarıqlarıyla yazını köçürə bilmə, qələmi düz tutma, xətləri birləşdirmə, xətləri köçürmə, kəsmə və qatlamağı bacarmalıdır. “6 yaşlı uşaq obyektləri tanımalı, saymağı bacarmalı, rəngləri bilməlidir. Amma bu o demək deyil ki, siz uşağı dərs yükü ilə yükləməlisiniz. Sadəcə, onda maraq yaratmalısınız ki, o, şəkil çəkməyə, saymağı öyrənməyə, özü geyinməyə oyun oynadığı kimi həvəsli olsun. Siz sadəcə onu həvəsləndirməlisiniz”.

Sosioloq Nəzakət Əhmədovanın sözlərinə görə, valideynlər övladlarının gələcək üçün normal bacarıqlı, işgüzar insan kimi yetişdirmək istəyirlərsə, onlar körpəlikdən uşaqla davranış qaydalarını bilməlidirlər. İlk növbədə ailədə uşağa çox vaxt ayrılmalıdır: “Bütün valideynlər çalışırlar ki, uşaqları yaxşı yaşasın. İşləyib qazandığımız pulları da uşaqlarımıza sərf ediriksə, bəs biz valideyinlər onlara niyə yetərincə zaman ayırmırıq? Uşağı yedirtmək, geyindirmək, böyütmək hər bir valideynin borcudur, uşağa zaman ayırmaq isə onun gələcəkdə normal adam olması üçün lazımdır. Sevgi ilə böyümüş uşaq bağçada da, məktəbdə də özünü aparmağı bacarır. Gələcəkdə cəmiyyətin faydalı bir fərdi olur”.

Müsahibimiz hesab edir ki, uşaqların məktəb fobiyasının qarşısını almağın ən əsas yolu da uşağa sevgi verməkdən, ona zaman ayırmaqdan ibarətdir. Uşağı sev, zaman ayır, oyun oyna, dərsə hazırlaşdır və o uşaq sənin üçün layiqli övlad olacaq. “Amma bütün bunlarla yanaşı uşağa azadlıq və seçim haqqı da vermək lazımdır. Uşaq özü istədiyi geyimi geyinməli, istədiyi kitabı oxumalı, istədiyi oyunu oynamalıdır. Valideyn uşağı manipulyasiya etməməlidir. Belə olarsa, uşaq azad və seçim qabiliyyətinə malik, valideyninə hörmət etməyi bacaran və dərslərinə məsuliyyətli bir insan kimi yetişər. Əks halda özbaşına buraxılmış, sevgisiz,  ehtiyacları ancaq maddi olaraq ödənilmiş uşaq gələcək üçün  vecsiz, iş-güc bacarmayan, formalaşmayan bir fərdə çevriləcək”.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir