mektub

Uşaqlar tanrıya nə yazır?

Baxış sayı: 1. 015

Bir dəfə riqalı yazıçı Mixail Dımov qəzetdə amerikalı yazıçı Stüart Hemplinin kitabından kiçik hissə oxuyur. Burada amerikalı uşaqların Tanrıya ünvanladığı məktublar dərc olunmuşdu. Dımov bu ideyanı o qədər bəyənir ki, onu öz vətənində reallaşdırmaq qərarına gəlir.

Bu kitabın qəhrəmanları 6-10 yaşlı uşaqlardır. Müəllif onlara “Sən Tanrıya nə barədə sual vermək istəyərdin?”, “Sən Tanrıdan nə istəyərdin?”, “Sən Tanrıyla nə haqda danışmaq istəyərdin?” kimi suallar ünvanlamışdı. Dımov yaxşı nəticə əldə edəcəyindən şübhələnməsinə baxmayaraq, 3000-dən çox məktub aldı.

Müəllif kitabın ön sözündə yazır: “…Uşaqlar bilirdi ki, atalarına, analarına, müəllimlərinə deyil, kiməsə – xüsusi, əsas, hər şeyi anlayan, hər şeyə gücü yetən birinə müraciət edirlər. Buna görə də onların cavabı bu dərəcə səmimi və sadəlövhdür. Bu cavablarda gələcəyin şairləri, rəssamları, humanistləri görünür. Ancaq uşaqlar bu peşələrin sahibi olmaya da bilərlər. Çünki biz – böyüklər onları özümüzə oxşatmağa çalışırıq… “Uşaqlar Tanrıya Yazır” kitabı hər kəsə – böyüklərə və uşaqlara ünvanlanıb. Burada yaş məhdudiyyəti yoxdur. Çünki burada Tanrıya müraciət olunub, deməli, həm də insan qəlbinə.

Böyüklər, uşaqların fikirlərinə gülün, ağlayın, tükləriniz ürpəşsin! Əgər bunlar baş versə, deməli sizin qəlbiniz var. Şükür Tanrıya! Balacalar, siz isə mümkün qədər tez-tez Tanrıya müraciət edin! Bununla siz insanlığınızı qoruyacaqsınız”.

Biz də həmin kitabdan daha dolğun, təəccübləndirən, düşündürən, gülməli cavabları seçib, sizinlə bölüşürük:

mektub

“Əgər Qiyaməti qopartsan, onda Sənə kim ibadət edəcək?” (Petya, IV sinif)

“Nəyə görə xeyirxah insanları cəzalandırırsan?” (Felya, III sinif)

“Tanrı, mavi buludlar sənin əhvalının yaxşı olmasından xəbər verir?” (Nadya, III sinif)

“İnsanlar Yer üzündə çox iztirab çəkirlər. Yəni Cəhənnəm bundan da pisdir?” (Radik, IV sinif)

“Sabah kilsəyə gəlib, ateistlər barədə Sənə super lətifə danışacağam. Gülməkdən öləcəksən”. (Stopa, III sinif)

“Biz hamımız bacı və qardaşıqsa, insanlar nə üçün ailə qurur?” (Sandra, IV sinif)

“Sənə internatdan yazıram. İnternat – valideynlərin pis hərəkətlərinə görə uşaqların sürgün edildiyi yerdir”. (Ariya, IV sinif)

“Səncə hansı daha mərhəmətli səslənir: “İsa xətrinə, yoxsa Tanrı xətrinə nəzir verin?” (Borya, III sinif)

“Düzdür, mən Səni sevirəm, amma atamı və anamı daha çox sevirəm. Problem deyil ki?” (Zoya, III sinif)

“Olar ki, mən ölməyim? Hə?!” (Yulya, I sinif)

“Kilsədə şam satırlar e, bu Sənin biznesindir?” (Tolik, II sinif)

“Mən oxumuşam ki, Məsih yəhudidir. Axı o, Sənin oğlundur. Deməli, Sən də yəhudisən?” (Asya, II sinif)

“Tanrı, Sən heç olmasa mənim yeni ünvanımı bilirsən?” (Lala, I sinif)

“İnsan nə vaxt böyümüş hesab olunur? İynələrdən qorxmamağa başlayanda, yoxsa Sveta onun xoşuna gələndə?” (Marik, III sinif)

“Nə üçün İsa Məsih özünü günahkarlara görə qurban verdi?” (Saşa, IV sinif)

“Tanrı, Sən insanı yaratdın, insan isə Səni. Bu iş kimdə daha yaxşı alındı, bilinmir”. (Boris, IV sinif)

“Yer üzündə baş verənlər Sənin xoşuna gəlir?” (Andrey, IV sinif)

“Bizim parkımızda ağacları budayırdılar. Onlardan soruşanda ki, nə üçün belə edirlər, cavab verdilər ki, ağaclar yaxşı böyüsünlər deyə. Belə çıxır ki, mən bərbərə getməsəm, böyüməyəcək, qocalmayacaq və ölməyəcəyəm?” (Seroja, III sinif)

“Katoliklərin, müsəlmanların, yəhudilərin, lüteranların, pravoslavların hərəsinin öz tanrısı var. Siz orda neçə nəfərsiniz elə?” (İqor, IV sinif)

“Niyə insanlar birinci aşiq olurlar, sonra gizlicə ağlayırlar?” (Andrey, IV sinif)

“Tanrı, qəbiristanda məzar daşlarının üstündəki yazıları oxuyursan və düşünürsən ki, bəs pis insanlar harada dəfn olunub?” (Oleq, IV sinif)

“Başlanğıcda doğum kişilərə aid idi. Adəmi xatırla. Həvva onun qabırğasından yaradılmışdı. Bunun nəyini bəyənmədin ki, belə çətin bir işi qadına yüklədin?” (Zoya, IV sinif)

“Bibliyada yazırsan ki, başlanğıcda söz vardı. Hansı söz?” (Ruslan, I sinif)

“Sən bilmirsən mənim valideynlərim barışacaqlar?” (Katya, II sinif)

“Nə üçün dilənçilər kilsənin ətrafında sədəqə toplayırlar? Sən sədəqə verənləri qeyd edəsən deyə?” (İra, II sinif)

“Niyə bütün insanlar səni sevməlidirlər?” (İqor, IV sinif)

“Nə üçün dünyada şər mövcuddur?” (Lena, II sinif)

“Niyə insanlara görünməkdən çəkinirsən?” (Nema, IV sinif)

“Mən Sənə yazıram. Cavab isə hələ də yoxdur. Ehhh, tənbəlsən”. (Larik, II sinif)

“Mən böyüklərin dünyasına istəmirəm. Orada hər şey yalandır”. (Andrey, IV sinif)

“Fəxr edirəm ki, məndə Sən varsan”. (Katya, II sinif)

“Axı atam Sənə nə edib ki, heç vaxt bəxti gətirmir?” (Vita, III sinif)

“Adəm və Həvva Sənin alma yasağını pozmasaydılar, dünya necə olardı?” (Valentin, IV sinif)

“Müxtəlif kitablarda Səni fərqli təsvir edirlər. Sənin şəklini hardan tapa bilərəm? Lap Nuh əyyamından qalmış olsa da, olar”. (Raya, III sinif)

“Cənnət və Cəhənnəmdə nələr var?” (Saşa, I sinif)

“Yer üzündə hansı daha çoxdur – xeyir, yoxsa şər?” (Qalya, II sinif)

“Çiçəkləri daha gözəl yaratmısan, nəinki insanları”. (Qalya, IV sinif)

“Nə üçün Sən insanların bütün günahlarından keçirsən, müəllimlər isə yox?” (Kostya, II sinif)

“Əgər mən Cəhənnəmə düşsəm, Sən orada dayanıb baxacaqsan ki, məni necə təhqir edirlər?” (Qleb, III sinif)

“Deməli belə, mən Sənin üçün yeni dua qoşmuşam: “Tanrım, bütün analara təbəssüm bəxş elə, atalara isə mehriban səs ver. Yer üzündəki bütün canlı varlıqlara qida bəxş et. Bir də ki, özünə sağlamlıq bəxş et ki, bütün bunları bizə verə biləsən” (Kuzya, II sinif)

“Mənim günahlarımdan keç. Bilirəm, çox günah işləmişəm. Axı mən bilmirdim ki, Sən mövcudsan” (Şurik, II sinif).

 

Hazırladı: Güney Həsənova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir