usaqlar

Uşaqlar üçün gündəlik rejimin gözlənilməsində nələrə diqqət etməli?

Baxış sayı: 1. 571

Məktəbli üçün gündəlik rejimin təşkili və rejimin gözlənilməsi həm təhsili, həm də sağlam inkişafı üçün çox vacibdir. Rejim məktəbliyə intizamlı olmağa, diqqətini dərslərində cəmləməyə kömək edir. Mütəxəssislər, xüsusilə də, birinci sinif şagirdləri üçün rejimin gözlənilməsini məsləhət görürlər.

Uşaq həkimi Füruzə Məhərrəmovanın sözlərinə görə, rejimsiz yaşayan məktəblilər əsəbi olur, dərslərində digərlərindən geridə qalırlar. Belə uşaqlar gün ərzində gümrah qala bilmir və tez yorulur: “Uşağın xeyri üçün gündəlik rejim tərtib olunmalı və gözlənilməlidir” deyən müsahibimiz bildirir ki, uşağın sağlamlığı onun necə yatması, qidalanması, hərəkət etməsindən çox asılıdır: “Hər insan orqanizmi tələb etdiyi qədər yatmalıdır, əks halda tez-tez xəstələnməyə başlayacaq. Uşaqlarda yuxu çatışmazlığı müşahidə edildikdə qanında spesefik hormonların yaranması dayanır, bu da uşağın inkişafında özünü göstərir. Bu səbəbdən də məktəblilərə imtahan vaxtı, çox dərs oxuduqda yuxusunu heç olmasa bir saat artırmaq məsləhət görülür. Təxminən 2-3 saat yuxudan doymayan uşaqların dərs oxumaq qabiliyyəti yuxudan doyan uşaqlara nisbətən 30 faiz azalır. Uşaq yuxudan tam doysun deyə müəyyən qaydalara riayət olunmalıdır. Uşaq hər gün eyni vaxtda çarpayıda uzanmalıdır. Bəzən uşaqlar tez yata bilmir. Bu, ona görə baş verir ki, uşaqda gecə vaxt güclü emosiyalar yaranır. Həyəcanlı oyun oynayır və ya filmə baxır. Bunun əvəzinə gecə vaxtı uşaqda xeyirli vərdişər formalaşdırmaq lazımdır. Axşam duş qəbul etməli, təmiz havada sakit gəzməli, kitab oxumalı və ya həzin musiqi dinləməlidir”.

Uşağın çarpayısı düz olmalı, sallanmamalıdır. Yastığı çox hündür olmamalıdır. Otağın havası hər gün yaxşı dəyişdirilməlidir.

1-4 siniflərdə uşaq 10-10,5 saat, 5-7-ci siniflərdə 10,5 saat, 6-9-cu siniflərdə 9,5 saat, 10-11-ci siniflərdə 8-9 saat yatmalıdır. Birinci sinif uşaqları üçün gecə yuxusundan əlavə gündüz vaxtı 2 saat yuxu üçün şərait təşkil olunmalıdır.

Pediatr bildirib ki, uşaq gün ərzində 4-5 dəfə yemək yeməlidir: “7-11 yaşda olan uşaqlar 2350 kkal., 11 yaşdan yuxarı uşaqlar isə 2713 kkal. qida qəbul etməlidir. Uşaq sakit şəraitdə və rahat yemək yeməlidir. Yeməklər arası fasilə 3,5-4 saat təşkil etməlidir. Bol meyvə-tərəvəz, göyərti yeməli, qızardılmış, cəld yemək və kolbasa, sosis məhsulları ilə qidalanmamalıdır”.

Uşağın dərslərini hazırlaması üçün rahat otağı və ya otaqda bir guşəsi olmalıddır. Uşağın yazı stolu elə yerləşdirilməlidir ki, gün işığı yaxşı düşsün. Əgər uşaq sağ əllə yazırsa, işıq soldan, sol əllə yazırsa, sağdan düşməlidir. Gün işığının düşmə vaxtı bitdikdə otaq süni işıqla yaxşı işıqlandırılmalıdır. Lakin işıq düz uşağın gözünə düşməməlidir.

Onun dediyinə görə, uşaq stulda oturarkən dirsəklərini rahat stola qoya bilməlidir. Əlini dərslərinə cavab vermək istədikdəki kimi qaldırdıqda barmaqlarının ucu gözünün xarici küncünə çatmalıdır. Uşaqların ayaqları yerə dəyməlidir. Stulun beli çox hündür olmamalıdır. Belə şəraitdə dərs oxuyan uşaq az yorulacaq. Mebelin uşağın boyuna uyğun gəlib-gəlmədiyini 2 ildə bir dəfədən az olmayaraq yoxlamaq lazımdır.

Həmsöhbətimiz qeyd edir ki, məktəbli üçün çantanın düzgün seçilməsi də önəmlidir. Çantanın enli və uzunluğunu dəyişdirə biləcəyiniz, yumşaq altlıqlı kəmərləri olmalı, bel hissəsinə dirənən yeri düz qalmalı və əyilməməlidir.

İbtidai sinif şagirdləri üçün çantanın çəkisi 700 qr., orta və yuxarı sinif şagirdləri üçünsə 1000 qr.-dan ağır olmamalıdır.

Uşaqlar üçün çantaya doldurduqları məktəb ləvazimatlarının çəkisi 1-2-ci sinif şagirdləri üçün 1,5 kq., 3-4-cü sinif şagirdləri üçün 2 kq., 5-6 sinif şagirdləri üçün 2,5 kq., 7-8 sinif şagirdləri üçün 3,5 kq., 9-11 sinif şagirdləri üçün 4 kq-da ağır olmamalıdır.

Uşaqların qamətinin əyilməməsi üçün uşaqların iki dəst dərslikləri olmalıdır. Bir dəsti məktəbdə, bir dəsti isə evdə saxlamalıdır.

F.Məhərrəmovaya görə, uşağın sağlam inkişafı üçün hərəkətli olmasına, təmiz havada vaxt keçirməsinə də xüsusi diqqət vermək lazımdır. İbtidai sinif şagirdləri üçün uşaqların hərəkət aktivliyi və təmiz havada olma müddəti 3-3,5 saat təşkil etməlidir. Orta və yuxarı sinif şagirdləri üçünsə 2,5 saat olmalıdır.

Müsahibimizin dediyinə görə, uşaq üçün gündəlik rejimin gözlənilməsi qısa müddət ərzində təhsil alma səviyyəsinə, əhvalına və sağlamlığına müsbət təsir edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir