usaq

Uşaqlara qarşı zorakılıq niyə artır?

Baxış sayı: 313

Son zamanlar uşaqlara qarşı zorakılıq, uşaqların baxımsız qalması aktual məsələyə çevrilib. Köməksiz uşaqlar ya ailə üzvləri, ya da kənar şəxslər tərəfindən zorakılığa, təhqirlərə məruz qalır. Təəssüf olsun ki, uşaqlar çox vaxt qorxduqları üçün bunu gizli saxlayırlar.

Qeyd edək ki, övladını baxımsız vəziyyətdə qoyduğuna görə son 3 ildə 660 valideyn cərimə olunub. Araşdırma zamanı məlum olub ki, valideyn qayğısı görməyən uşaqlar ya dilənçiliklə məşğuldurlar, ya da məcburi əməyə cəlb olunurlar. Onların əksəriyyətinin isə 8-15 yaşları var.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyevin sözlərinə görə, 2014-cü ildə uşaqlarını bilərəkdən baxımsız vəziyyətdə qoyduğu üçün 220, 2015-də 200 nəfər, 2016-cı ildə isə 240 valideyn barəsində polis orqanları tərəfindən məsuliyyətə cəlb edilib. Müyyən olunub ki, baxımsız qalan 15 yaşınadək olan uşaqların əksəriyyəti tək valideynli ailələrin övladlarıdır.

P.Əliyev baxımsız qalan, beləliklə də təhsildən yayınan uşağa qarşı sonrakı tədbirlərin o qədər də effektiv olmadığını bildirib (xezerxeber.az). Məlumata görə, tüfeyli həyat tərzi keçirən ailələrdən hər il orta hesabla 4-5 uşaq körpələr evinə göndərilir. Komitə tərəfindən 660 valideynlə görüş keçirilib, onlar öz səhvlərini qəbul ediblər. Cərimə olunanlar eyni səhvə ikinci dəfə yol versələr, onlar valideynlik hüququndan məhrum oluna bilərlər.

Hüquqşünas Aynur Musayeva bildirir ki, yetkinlik yaşına çatmamış şəxs uşaq hesab olunur: “Mövcud qanunvericilik uşaqlara münasibətdə törədilən zorakılıq əməllərinə münasibətdə daha sərt və ciddi cəzalar nəzərdə tutur. Öncə vurğulamaq lazımdır ki, birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın qarşısı məişət zorakılığına dair qanunvericilikdə təsbit edilib. Yaxın qohumluq münasibətlərindən, birgə yaşamaqlarından sui-istifadə etməklə uşaqlara fiziki və ya mənəvi zərər vurması məişət zorakılığı hesab edilir. Məişət zorakılığı ilə mübarizə məqsədilə qısamüddətli və uzunmüddətli mühafizə orderlərinin verilməsi qanunvericilikdə nəzərdə tutulur. Lakin təqsirkar şəxsin əməllərində cinayət tərkibi olduqda onun barəsində cinayət qanununda nəzərdə tutulmuş cəza seçilə bilər. Belə ki, azyaşlılara qarşı cinayətin törədilməsi cinayətin ağırlaşıdırcı halları hesab olunur”.

Mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə – əzab vermə cinayəti hesab edilir və təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə kimi hərəkətlər təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu hərəkətlər təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Psixoloq Vəfa Rəşidovanın bildirdiyinə görə, ailələrdə uşaqlara qarşı fiziki zorakılıqla tez-tez rastlaşırıq: “Uşaqlara qarşı həm psixoloji, həm də fiziki zorakılıq ola bilər”, – deyən psixoloqa görə, uşağa zorakılıq göstərən şəxs adətən özü də həyatda zorakılıqla üzləşib: “Psixoloji və ya fiziki zorakılıq görməyən insan əsla kiməsə bunu göstərməyəcək. Belə insanların uşaqlıqda mütləq valideynləri tərəfindən özgüvəni qırılıb. Bunu özü də bilmədən şüuraltı öz qurduğu ailədə də tətbiq edəcək. Bəziləri bunu bilərək edir. Bunlar çox yanlış addımlardır. İnsanın ailə hüzuruna ciddi bir travmalar, çatlar verir”.

Rəşidova qeyd edir ki, valideyn uşağa qarşı zorakılıq etdiyini hər halda hirsi soyuyandan sonra hiss edir: “Belə bir valideyn bunu anladıqdan sonra özünlə hesab aparsa və yaxud nevroloqa, psixiatra, psixoloqa gedib zorakılıq etdiyini desə, bununla da neqativ halın qarşısı alınar. Bununla bağlı maarifləndirmə işləri aparılmalıdır”.
Uşaqlara qarşı zorakılıq onların özügüvənini sarsıdır, gələcək həyatında böyük problemlərə səbəb olur. “Amma əsəbi olan, zorakılığa əli yatan valideyn, artıq bunu vərdiş halına çevirən valideyn üçün nə qədər maarfiləndirmə aparsaq da, görəcəyik ki, on kəlmədən özünə xeyri olan birini götürüb, uşaqla bağlı doqquz kəlmənin heç birini yadında saxlamayıb. Başa düşürəm ki, valideynlərin əsəbləri korlanıb. Amma sən özün övladının ən böyük düşməninə çevrilirsən, bunu hiss et. Valideynlərə açıq şəkildə bunu deyəndə onlar iradları qəbul etmir və özünü müdafiəyə keçirlər”.

Mütəxəssisin dediyinə görə, uşaqlar kənar şəxslər tərəfindən zorakılığa məruz qalanda evdə gəlib valideyninə deməyə qorxurlar: “Çünki valideynin ona lazım olan dəstəyi verməyəcəyini düşünür. Valideyn ya onun üstünə qışqıracaq, ya vuracaq. Bu qorxuları yaşadığı üçün uşaqlar zorakılıqla üzləşdikdə valideynlərinə danışmır. Valideynin sosial, maddi, şəxsi problemi ola bilər, amma bu problemlərinə uşağı qatmamalı, hirsini onun üzərində partlatmamalıdır”.

Psixoloq bildirir ki, valideynlər tərbiyə ilə bağlı iradları etiraf etmək istəmirlər: “Çox az valideyn səhvlərini etiraf edir. Etiraf etmək özü də böyük bir addımdır. Valideynlər deyir ki, mənim qədər övladımı sevə bilməzsən. Uşağı döyürəm də, söyürəm də, sevirəm də. Belə səthi fikirlər məntiqə əsaslanmır. Valideyn belə davranmaqla uşağın mənəviyyatına toxunur. Sonra bayırdakılar onun mənəviyyatına toxunurlar”.

V.Rəşidova valideynləri övladlarıyla çoxlu söhbət edib onlara diqqətli olmalarını başa salmağa çağırır: “Valideynlər uşaqlarına başa salmalıdırlar ki, məktəbdə ayaqyoluna gedərkən diqqətli olsun, üç-dörd uşaq, özündən böyük oğlanlar bir yerdə olan yerə girməsin, geyimini başqasının yanında düzəltməsin, valideyn yanında olmadan heç kimin maşınına minməsin, tanımadığı insanlarla heç yerə getməsin. Valideynlər uşağa mütləq belə şeyləri başa salmalıdır, yoxsa bayırdakı zorakılıq artacaq. Çünki uşaq maariflənməyib, uşaq bilmir ki, hansı vəziyyətdə necə hərəkət etməlidir. 30-40 yaşında insanlar bəzən hansı vəziyyətdə necə hərəkət edəcəyini bilmir. O da ola uşaq”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir