valideyn

Uşaqlara qarşı zorakılıqla bağlı cəzaların sərtləşdirilməsinə ehtiyac varmı?

Baxış sayı: 1. 496

Uşaqlar bizim gələcəyimizdir. Çox zaman bu ifadəni məna dərinliyinə tam varmadan işlədirik. Sadəcə, söz xətrinə deyirik. Amma həqiqətən də, bu günün uşaqları bizim xoşbəxt gələcəyimizdir. Əgər bu gün uşaqlar sosial-psixoloji olaraq tam sağlam şəkildə böyüyürsə, bu, bizim gələcəyimizin sağlam olmasından xəbər verir. Bu günün cinayətkar böyükləri dünənin müəyyən problemlər yaşamış uşaqlarıdır. Heç kim cinayətkar olaraq doğulmur. Uşaqlıqdan aldığı travmalar, həyatın müəyyən mərhələsində yaşadığı problemlər onu bu yola gətirib çıxarır. Ona görə cəmiyyət olaraq uşaqlarımıza sahib çıxmalıyıq. Bu mənim uşağımdı, o sənin uşağındı deyə, ayrı-seçkilik etmədən bütün uşaqları himayə etməliyik. İcazə verməməliyik ki, uşaqların təmiz, saf  ruhları kimlərinsə mənfur əməlləri ilə çirklənsin.

Son dövrlər uşaqlara qarşı cinayət hallarının baş verməsinin qarşısını almaq üçün bir sıra tədbirlər görülür. Xüsusilə də, azyaşlılara qarşı cinsi zorakılıq hallarının törədilməsi ilə ciddi mübarizə aparılır. Bu sahədə qanunvericiliyin sərtləşdirilməsi ilə bağlı da təkliflər səsləndirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova da deyib ki, Azərbaycanda uşaqlara qarşı cinsi zorakılıq törədən şəxslərin məsuliyyəti məsələsinə yenidən baxılmalıdır. Onun sözlərinə görə, yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı əleyhinə olan cinayətlər zorlama, seksual xarakterli zorakılıq hərəkətləri, seksual xarakterli hərəkətlərə məcbur etmə, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ona qarşı əxlaqsız hərəkətlər etmə sayılır.

T.İbrahimova ümumilikdə, yetkinlik yaşına çatmayanlara qarşı hər hansı cinayətin, o cümlədən cinsi toxunulmazlıq əleyhinə olan cinayətlərin törədilməsinin qanunvericilikdə ağırlaşdırıcı hal kimi müəyyən edildiyini bildirib. O qeyd edib ki, 2015-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu cinayət əməlləri ilə bağlı hazırladığı təkliflər əsasında qanunvericilik bir qədər sərtləşdirilib. Bu tip cinayətlərin 14 yaşına çatmayana qarşı törədilməsinə və habelə əməlin yetkinlik yaşına çatmayanı tərbiyə etmək və ya ona nəzarət etmək vəzifəsi daşıyan şəxslər tərəfindən törədilməsinə görə, Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153-cü (əxlaqsız hərəkətlər) maddələrində daha ağır cəza müəyyən edilib.

Buna baxmayaraq, T.İbrahimova hesab edir ki, yetkinlik yaşına çatmayanların zorlanması əməlinə görə təyin edilən cəzanın sərtləşdirilməsinə ehtiyac var: “Biz bir çox ölkələrin qanunvericiliyini araşdırmışıq. Məsələn, Rusiyada 14 yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı təkrar cinayət törədilməsinə görə, ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Bundan başqa, bəzi ölkələrdə kimyəvi axtalanma prosesi cəza tədbiri kimi tətbiq edilir. Hesab edirik ki, CM-nin zorlama ilə bağlı olan 149-cu maddəsində bir qədər təkmilləşdirmə işləri aparılmalı, yetkinlik yaşına çatmayanın, xüsusilə də 14 yaşına çatmayanın cinsi toxunulmazlığına qarşı zorlama cinayətinin təkrar törədilməsinə görə cəza sərtləşdirilməlidir”.

Cəza tədbirlərinin sərtləşməsinə ehtiyac varmı, sərtləşmə cinayətlərin azalmasına təsir göstərəcəkmi, ümumiyyətlə, azyaşlılarda cinsi zorakılığın qarşısını almaq üçün hansı tədbirlər görmək lazımdır sualları ilə ekspertlərə müraciət etdik.

Millət vəkili Fazil Mustafa bildirir ki, cəzaların sərtləşməsi cinayətlərin azalmasına təsir göstərir: “Mən də cəzaların sərtləşməyinin tərəfdarıyam. Xüsusilə də, hamilə qadınlara və azyaşlı uşaqlara qarşı törədilən cinayətlərdə daha sərt cəza tədbirləri həyata keçirilməlidir. Ola bilsin ki, bu cəzalar cinayətlərin tam qarşısını almır. Amma hər halda, bu tipli cinayətlərin cəmiyyətdə yaratdığı sosial-psixoloji gərginliyə görə belə bir yol seçilməsi daha məqsədəuyğundur”.

 

Cinayətkarları elektron qolbaqlarla nəzarətdə saxlamaq

Uşaq hüquqlarının müdafiəsi üzrə ekspert Nabil Seyidov deyir ki, yalnız cəzalandırma tədbirlərini sərtləşdirməklə cinayətlərin qarşısını almaq mümkün deyil: “Cəzaların sərtləşdirilməsi cinayətin qarşısının alınması istiqamətində görülən kompleks tədbirlərin bir hissəsi olmalıdır. Cinayət Məcəlləsində müxtəlif cəzalandırma növləri mövcuddur. Lakin bu qədər cəza növlərinin olmağına baxmayaraq, cəzaçəkmə müəssisələri hələ də insanla doludur və hələ də insanlar cinayət törətməyə davam edirlər. Əlbəttə, bu cəzalandırma tədbirlərinin müəyyən dərəcədə təsirləri olur. Amma tam şəkildə qarşısını almır. Bəzi ölkələrdə sterilizasiya tədbirləri görülür. Düşünürəm ki, həqiqətən də zorlamanın ən pis növü olan konkret şəxs tərəfindən zorlanma halı baş verdiyi təqdirdə sterilizasiya tədbirlərinin görülməsi daha məqsədəuyğun olar”.

Həmin şəxslərin Daxili İşlər Nazirliyində xüsusi məlumat bazası olmalıdır deyən ekspert qeyd edir ki, cinayətkarlara elektron qolbaqlar taxmaqla onları nəzarətdə saxlamaq lazımdır: “Onların bütün həyat fəaliyyəti izlənməlidir. İşə düzəlmə zamanı xüsusi nəzarət olmalıdır. Uşaqlarla bağlı işlərdən, onlarla təmasdan qəti şəkildə uzaq saxlanmalıdırlar. Amma bir məqam da var ki, cəza tədbirlərinin tətbiqi zamanı zorlanmanın növü nəzərə alınmalıdır. Konkret cinsi istismar aktı baş veribsə ciddi cəza tədbirləri görülməlidir. Amma cinsi akt olmayıbsa, bu zaman cinayətkarın strilizasiyası qəddarcasına verilmiş bir qərar olar. Bu cür şəxslər məcburi psixoloji reabilitasiyadan keçməli, müayinə və müalicəyə mütləq cəlb olunmalıdırlar. Bu müalicə, müayinə müddəti onların azadlıqdan məhrumetmə dövrünün tərkib hissəsinə daxil edilməlidir”.

 

Reabilitasiya mərkəzləri olmalıdır

Ekspert bildirir ki, cinsi zorakılığa məruz qalmış azyaşlılar üçün də reabilitasiya mərkəzlərinə ehtiyac var: “Cinsi istismara məruz qalmış azyaşlılar da psixoloji müayinədən keçməlidirlər. Burada məxfiliyə xüsusi önəm verilməlidir. Bu cür uşaqlarla işləmək, onların həm sosial-psixoloji, həm də tibbi problemlərinin həlli üçün xüsusi reabilitasiya mərkəzləri olmalıdır. Çox təəssüf ki, ölkəmizdə belə reabilitasiya mərkəzləri yoxdur. Reabilitasiya mərkəzləri həmin uşaqların cəmiyyətdən təcrid olunmamağı, həyatlarına normal şəkildə davam etmələri baxımından əhəmiyyətli rol oynayır. Zorakılıq halları ilə çox vaxt ailə daxilində ögeylik olan zaman daha çox rastlaşırıq. Buna görə də sosial işçilər və azyaşlılar komissiyası bu cür natamam ailələrlə ciddi maarifləndirici işlər aparmalıdır”.

Seyidov deyir ki, bu cür faktların aşkarlanıb qarşısının alınmasında valideynlərin və müəllimlərin rolu böyükdür: “Təhsil müəssisələrində müəllimlərlə, ailələrlə maarifləndirici görüşlər keçirilməlidir. Burada məqsəd bu cür halların vaxtında aşkarlanıb qarşısının alınmasıdır. Bu tip mövzular mütləq şəkildə pedaqoji universitetin və kolleclərin kurikulumunun tərkib hissəsinə daxil edilməlidir. Bundan başqa, bütün təhsil müəssisələrində məcburi qaydada zorakılığın öyrənilməsi kodeksi olmalıdır. Və həmin kodeksə müəssisələr ciddi şəkildə riayət etməlidirlər. Belə cinayətlərin qarşısını yalnız bu cür kompleks tədbirlərlə almaq olar”.

 

Özünə qapanıqlıq, gecələr qorxma, ünsiyyətdə problem

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, cəza tədbirlərinin sərtləşdirilməsini çox yüksək qiymətləndirir: “Cəza tədbirlərinin sərtləşdirilməsi ilə paralel olaraq cəmiyyətdə maarifləndirmə işi getməlidir. Yəni cinayətkarın fəaliyyətinin qarşısının alınmasından daha çox, ilk olaraq azyaşlılara qarşı törədilmiş cinayət faktlarının açılması istiqamətində profilaktik tədbirlər görülməlidir. Burada qəyyumluq komissiyaları və həssas ailələrlə sosial işlər aparılmalıdır”.

Birliyin sədri deyir ki, valideynlər və müəllimlər uşağı daim müşahidə etməli, onları nəzarətdə saxlamalıdırlar: “Təhsil müəssisələrindən çox şey asılıdır. Məktəb psixoloqları və müəllimləri uşaqlarla əlaqədə olmalıdır. Uşaq evdə deyə bilmədiklərini müəllimlərlə və psixoloqla çəkinmədən bölüşməlidir. Psixoloq uşaqlarla qrup işləri aparmalıdır. Valideynlər uşaqlarına daha diqqətli yanaşmalıdırlar. Uşaqda hər hanısısa bir dəyişikliyin olub-olmadığını müşahidə etməlidir. Özünə qapanıqlığın, gecələr qorxma hallarının olması, ümumiyyətlə danışığında, hərəkətlərində, ünsiyyətində hansısa problem aşkarlanan zaman dərhal mütəxəssisə müraciət etmək lazımdır”.

 

120 milyon qız seksual zorakılığa məruz qalır

Sosioloq Cavid İmamoğlu deyir ki, seksual zorakılıq uşaq hüquqlarının kobud sürətdə pozulması anlamına gəlməlidir: “Təcrübə göstərir ki, təcavüzkar insanlara qarşı nə qədər sərt cəza tətbiq edilsə, təcavüzlərin sayında bir o qədər azalma müşahidə ediləcək. Dünya praktikasında uşaqlara qarşı zorakılıq edən təcavüzkarlar ən sərt şəkildə cəza alırlar. Bura ölüm hökmü də daxil olmaqla ömürlük azadlıqdan məhrum etmələr aiddir. Təbii ki, cəzaların tətbiqi prosesində törədilən cinayətin dərəcəsi də nəzərə alınır. Təəssüflər olsun ki, ölkəmizdə mövcud cinayət məcəlləsində uşaqlara qarşı cinsi zorakılıq törədilməsi halları geniş şəkildə əks olunmayıb. Cinayət Məcəlləsinin 150, 151, 152-ci maddələrində bu cür hallara görə tətbiq olunan azadlıqdan məhrumetmə adekvat deyil. Xüsusi ilə də yetkinlik yaşına çatmayan şəxslərə qarşı cins zəmində hər hansı bir addım təcavüz kimi qeydə alınmalıdır. Seksual zorakılıq uşaq hüquqlarının kobud sürətdə pozulması anlamına gəlməlidir”.

Sosioloq qeyd edir ki, hər il dünyada 20 yaşdan aşağı 120 milyon qız seksual zəmində zorakılığa məruz qalır: “Bu da dünyada hər 10 qız uşağından 1-i anlamına gəlir. Təəssüf ki, Azərbaycan reallığında bir sıra hallarda təcavüzə məruz qalan qız uşaqları bu barədə valideynlərinə məlumat vermək əvəzinə bu hadisəni gizli saxlamağa üstünlük verirlər. Bu isə zorakılıq qurbanlarına adekvat dəstək verməyə mane olur. BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyası qəti şəkildə uşaqlara qarşı hər hansı bir formada zorakılığı qadağan edir və istənilən təcavüzkar ən layiqli şəkildə cəzasını almalıdır”.

 

Günel Azadə 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir