komputer

“Uşaqlarda bu dövrdə internet asılılığı yarandı – gələcəkdə bu travmanı görə biləcəyik”

Baxış sayı: 665

Almaniyada Essen Universitetinin araşdırmasına görə, pandemiya dönəmində digər dövrlərlə müqayisədə daha çox uşaq və gəncin intihara cəhd etməsi diqqət çəkir.

Təkcə ötən ilin mart və may aylarında 500-ə yaxın uşaq və gəncin intihara cəhdi statistikada yer alır.  Araşdırmaya görə, bu rəqəm 2017, 2018 və 2019-cu illərin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur. Araşdırma qrupunun rəhbəri Kristian Dohna Şveyk qeyd edir ki, hər intihara cəhd xəstəxanaya çatdırılmaqla nəticələnmir. Buna görə də intihara cəhd hadisələri bəlkə də hesablanandan daha çoxdur.

komputer

Həkim deyir ki, pandemiya ilə bağlı karantin rejiminin sərt olması uşaq və gənclərə çox pis təsir edirdi. Bu dövrdə idman salonları, gənclik mərkəzləri və bir çox əyləncə mərkəzləri 5 ay bağlı qalmışdı. Məktəblərin də bağlanması uşaqları və gəncləri mənfi şəkildə təsirləndirmişdi. Azərbaycanda isə, karantin dövrünün ailələrə, yaşlılara təsirləri barədə çox danışıldı. Uşaqların bu dönəmdən necə təsirləndiyini isə, heç kim dilə gətirmədi. Azərbaycanda ötən il uşaqlar arasında intihar hadisələri qeydə alındı. Amma bizim cəmiyyətdə bu barədə çox yazılması məsləhət görülmür. Çünki təqlid sindromu var. Yəni baş verənləri oxuyan digər uşaqlar da eyni addımı ata bilərlər. Baş verənlərin gizli saxlanılması isə, uşaqların pandemiyadan təsirlənmədiyi demək deyil.

komputer-usaq

Psixoloq Leyla Zaman bildirir ki, pandemiya bəlkə böyüklərdən çox uşaqlara təsir edirdi. Ancaq Azərbaycan mühitində “uşaqdır, nə başa düşür” deyib çox zaman uşaqların hiss və duyğularına önəm verilmirdi: “Uşaqların ən həssas dövrü yeniyetməlik dövrüdür. Bu isə, 11-15 yaşlarına təsadüf edir. Bu dövrdə uşaq özünü tanımağa başlayır. Cinsini müəyyən edir, maraqlarını və istəklərini formalaşdırır. Gələcəkdə hansı sahəni seçəcəyi, məşğul olmaq istədiyi idman növü, sevdiyi əyləncələr uşaqların məhz bu dövründə yaranır. Bəzi uşaqlar üçün isə, bu dövr pandemiya və karantin rejimi dövrünə təsadüf etdi. “Evdəqal” çağırışları, idman salonlarının, əyləncə mərkəzlərinin bağlı olması, dərslərin onlayn keçirilməsi uşaqların psixikasına zərər vurmaqdan yan keçmədi. Düzdür, bizdə Almaniya kimi deyil. Amma Azərbaycanda da uşaqlar pandemiyadan psixi baxımdan təsirləndi. Bu təsirlənmə onların dərslərinə də, oxumaq-öyrənmək qabiliyyətinə, yaşama həvəsində özünü biruzə verdi. Əksər uşaqlarda, bu dövrdə internet asılılığı meydana gəldi. Evdən çıxmayan uşaqlar zamanlarını telefon, kompüter, tabletlərlə keçirməyə başladı. Bəlkə biz bunun təsirlərini bu gün hiss etmirik, amma bir neçə ildən sonra uşaqlarımızın pandemiya dövründə aldığı travmanı görə biləcəyik”.

KOMPUTER

Psixoloq hesab edir ki, internet uşaqların əxlaqı, tərbiyəsi üçün yaxşı hesab edilməyən vasitədir. İnternetdə müxtəlif dini icmaların reklamları, porno saytların, müxtəlif dərmanların saytları, müxtəlif narkotik vasitələrin satışı həyata keçirilir. Təbii ki, bütün sadalananlar uşaqların da qarşısına çıxır.

“İndi bu kimi vəziyyətlərdən uşaqların necə təsirlənəcəyinə siz özünüz qərar verin. Bu səbəbdən gənclər arasında narkotik aludəçiliyi artdı. Fikir verdinizsə, bu dövrdə gənclər arasında şantaj halları artmağa başladı. Valideynlər hər bir halda uşaqlarına qarşı diqqətli olmağı bacarmalıdır” – deyən psixoloq vurğulayır ki, uşaqlar intiharı ən son çarə kimi görürlər. Həyat amalını itirən uşaq düşünür ki, həyat belə davam edəcək və “belə”ni qəbul etməyək, özünü öldürməyə çalışır. Leyla Zamanın fikrincə, valideynlər uşaqları ilə diqqətli davrandıqları təqdirdə, onların nə hiss etdiklərini bilə bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir