efsane n

Uşaqlarda depressiya əlamətləri

Baxış sayı: 1. 267

Depressiya dünyada ən çox yayılmış, insanların şəxsi və iş həyatlarını yaşamaqda onlara çətinliklər yaradan problemdir. Depressiyadan danışarkən adətən böyüklər nəzərdə tutulur. Lakin unutmaq olmaz ki, uşaq və yeniyetmələrdə də depressiya əlamətlərinə rast gəlinir. Uşaqlarda depressiyanın yaranmasında müxtəlif növ risk faktorları rol oynayır. İlk öncə onu deyə bilərik ki, ailədə depressiyadan əziyyət çəkən şəxs varsa genetik olaraq uşaq depressiya meylli olur. Uşağın olduğu mühit, yaşadığı həyat şərtləri, məhrumiyyətlər, ailədə iqtisadi çətinliklər, boşanma halları, ailədaxili zorakılıq , ailədaxili problemlər, ailə üzvlərinin narkotik maddələrdən və alkoqoldan istifadəsi və s. kimi hallar uşaqlarda depressiya riskini artırır. Eyni zamanda özgüvəni az olan, uğurlarını və uğursuzluqlarını düzgün qiymətləndirə bilməyən, öz şəxsi “mən” i ilə narahatlıqları olan uşaqlarda da depressiya riski yüksək olur.

Depressiya körpəlik də daxil olmaqla bütün yaş mərhələlərində özünü göstərə bilər. Körpəlik dövründə ana ilə uşaq arasında bağ güclü olur. Məsələn, körpəlik yaş düvründə ana müxtəlif səbəblərdən(xəstəxanada müalicə alması, başqa şəhərə getməsi, dünyasını dəyişməsi, övladını atıb getməsi və s.) uşağından ayrı düşdükdə, bir müddət sonra biz körpədə ətrafa qarşı marağın itdiyini, ona ünvanlanan gülümsəmələrə və baxışlara maraq göstərmədiyini, qidalanmasının zəiflədiyini, yuxusunun pozulduğunu müşhidə edə bilərik. Əgər bu müddət uzun çəksə və ana geri dönməsə, ana ilə uşaq arasında yenidən bağ yaranmasa, bu zaman uşaq daxilə dönük, heç kəslə maraqlanmayan bir vəziyyətə gələ bilər. Bu kimi əlamətlər körpəlik depressiyasının əlamətləri sayılır.

Məktəb yaşı dövründə depressiyanın özünü göstərən əlamətlərinə: uşağın dostları ilə oynamaq istəməməsi, əvvəl maraq göstərdiyi şeylərə marağının ölməsi, sevdiyi işləri görməkdən boyun qaçırması,  iştahın və yuxunun pozulmasını qeyd edə bilərik. Həmçinin tez əsəbiləşmək, yalan danışmaq, məktəbdən qaçmaq kimi davranış pozuntuları ilə də özünü göstərə bilər.

Depressiyada olan uşaqların bəziləri bu yaşadıqları xoşagəlməz hisslərini basdırarkən bəziləri də çölə vurarlar. Emosialarını basdıran uşaqlar utancaq, narahat olur, özlərini güvənsiz hiss edirlər. Emosialarını çölə vuran uşaqlar isə davranış pozuntuları göstərərək daha aqressiv hərəkətlər edirlər.

Uşaqlıq illərində diqqət yetirilməyən depressiya irəliləyən yaşlarda daha dərin psixoloji və psixiatrik problemlərə zəmin ola bilər.

 

Psixoloq-pedaqoq Əfsanə Nəbiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir