usaq

Uşaqlarda immuniteti möhkəmləndirən amillər

Baxış sayı: 519

İmmun sistemi insan sağlamlığında çox mühüm rol oynayır və onun formalaşması ana bətnindən başlayır. İmmunitet körpə hələ doğulmamışdan ana bətnində əmələ gəlir və sonrakı yaşlarda uşaqları qoruyur. Ananın hamiləlik dövründə keçirdiyi stress və yediyi qidalar uşaqlarda immunitetin formalaşmasına təsir edir.

Bakıdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova deyir: “Yeni doğulmuş körpə üçün ana südünün əhəmiyyəti əvəzolunmazdır. Körpəni ən azı ilk altı ay ərzində yalnız ana südü ilə yedizdirən analar əmin ola bilər ki, uşaq sağlam böyüyəcək. Uşaqların qidalanması, keçirdiyi infeksion xəstəliklər, fiziki vəziyyəti immun sisteminə təsir göstərən əsas faktorlardan biridir. Məsələn, hətta eyni ailədə böyüyən əkiz uşaqların immun sistemləri müxtəlif olur. Bağçaya gedən, toplumla tanış olan körpələr tez-tez xəstələnir. Bu zaman valideynlər uşaqları bağçadan çıxarmaq qərarına gəlır. Bu, onların atdığı ən böyük yanlış addımdır, çünki uşaq bağçada olmasa da, məktəbə gedəndə də həmin problemlə üzləşir”.

Müsahibimizin dediyinə görə, immun sisteminin güclənməsində yuxu rejimi də mühüm rol oynayır: “Uşaq orqanizmi üçün lazım olan bəzi maddələr körpə yuxuda ikən sintez olunur. Məsələn, melanin maddəsi uşaq orqanızminin möhkəmlənməsində, boy artımında və immun sisteminin formalaşmasında böyük rol oynayır. Yuxu rejimi uşaqların yaşına uyğun seçilir: 0-3 aylıq körpələr gündə 14 saatdan 17 saata qədər, 4 aydan 1 yaşa qədər uşaqlar 12-16 saat, 1 yaşdan 2 yaşa qədər uşaqlar 11-14 saat, 3 yaşdan 5 yaşa qədər uşaqlar 10-13 saat, 6-12 yaş arası uşaqlar 9-12 saat, 13-18 yaşlı yeniyetmələr isə 8 saatdan 10 saata qədər yatmalıdırlar. Yuxusuzluq orqanizmin sitokin adlandırılan zülal hazırlaması qabiliyyətini məhdudlaşdırır. Sitokinlər infeksiya ilə mübarizə aparır və iltihabı azaldırlar”.

Həkim-pediatr immunitetin qorunması üçün bir sıra məsləhətlər də verdi: “Yaxşı olar ki, valideynlər uşaqları mövsümə uyğun geyindirsinlər. Mütəmadi olaraq körpə uşaq olan evdə otaqların havası dəyişilməlidir. Hətta yağışlı havada da uşağı həyətə düşürmək və hər bir hava rejiminə uyğunlaşdırmaq lazımdır. Uşaqlara hazır qidalar verməkdən çəkinmək lazımdır. Evdə onlar üçün qida hazırlayarkən təbii bitki yağlarından, eləcə də zeytun yağından istifadə etmək lazımdır.

Daha bir vacib məsələ vaxtlı-vaxtında peyvəndlərin vurulmasıdır. İmmunizasiya körpə vaxtlarından başlayır və yetkinlik yaşına qədər davam edir. Bu zaman qızılca, epidemik parotit, suçiçəyi, rotavirus və digər infeksiyaların qarşısı alınır. Hər il mütləq qripə qarşı da peyvənd vurulmalıdır. Bu, astma və digər xroniki xəstəlikləri olan uşaqlar üçün xüsusilə vacibdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir