internet

Uşaqlarda internet asılılığını necə tarazlamaq olar?

Baxış sayı: 1. 241

Texnologiya hər gün bir az daha inkişaf edir və uşaqların onlardan istifadə yaşı günü-gündən azalır. Hətta əsasən Avropa ölkələrində insanlar digər gündəlik iş bölgülərini “ağıllı” vasitələrlə izlədikləri kimi, uşaqları da bu vasitələrlə izləyirlər. Azərbaycanda da bu, yavaş-yavaş öz yerini almağa başlayır. Uşağı “sakit saxlamaq” üçün telefon və ya planşetlərdən istifadə olunur. Hətta yemək yedirtməkdə çətinlik çəkdiyi zaman belə, valideynlərin köməyinə bu vasitələr gəlir.

Bəs bu texnoloji vasitələr həqiqətən valideynlərin işini asanlaşdırır, yoxsa sadəcə “saxta kontrol”da saxlamaq hissi yaradır?

Psixoloq Günel Qurbanova deyir ki, körpələrin inkişaf dövründə valideynlərin diqqət etməli olduğu üç nüans var: “İnsan orqanizmi və psixologiyası çox həssasdır. Körpələr dünyaya gəldiyi gündən, bir yaşına kimi olan dövrdə öz ehtiyaclarını ödəmək üçün valideynlərindən asılı olur. Sonrakı dövrdə isə yeriməyə, danışmağa və artıq özü-özünü idarə etməyə başlayır. Həmin bu inkişaf dövründə, valideynlərin diqqət etməli olduğu 3 nüans var. Uşağın yanında telefon və ya planşetdən mümkün qədər istifadə etməmək, uşaqla çox ünsiyyətdə olmaq, uşağı real oyunlarla oynamağa cəlb etmək. Əks təqdirdə, uşaqda nitq gec formalaşacaq, emosiyaları zəif inkişaf edəcək. Bir nüansı da unutmaq olmaz ki, uşaqlar, xarakter tam formalaşana qədər valideynlərini təkrarlayır və onların istifadə etdiyi hər şeyə maraq göstərirlər”.

Psixoloqun sözlərinə görə, uşaqları bu vasitələrdən tamamilə məhrum etmək olmaz: “Nəzərə alsaq ki, 2010-cu ildən bəri bütün yaş təbəqələri informasiya texnologiyalarının aktiv şəkildə istifadəçisidir, uşaqları bu vasitələrdən tamamilə məhrum etmək də düzgün addım olmazdı. Bəzi valideynlər həll yolu olaraq, texnologiya vasitələrini birdəfəlik qadağan edir. Bu səbəbdən isə uşaqda özünə və valideynə qarşı aqressiya yaranır. Uşaqlarda internet asılılığının qarşısını almaq üçün ilk olaraq, uşağın texnoloji vasitələrə ayırdığı vaxt təyin edilməlidir. Bu vaxt, məktəbəqədər dövründə olan uşaqlarda (5 yaşına kimi) 1 saat, məktəb dövrü uşaqlarında isə (6 yaşından sonra) 2 saatdan çox olmamalıdır. Uşaqların texnologiya vasitələrindən istifadəsi ən tez 3 yaşından olmalıdır. Valideynlər, övladlarının texnologiya dünyasında sağlam informasiyalar əldə etməsi üçün nəzarətdə saxlamalıdır. Məsələn, videolar izlədikdə hansı tip videolara baxdığına nəzarət etməlidir. Rəngləri və rəqəmləri öyrətdiyini düşündüyünüz bəzi videoların tərkibində şiddətin təbliği ola bilər. Bundan əlavə, valideynlər, uşaqlardan, istifadə etdikləri proqram və oyunların onlara da öyrətməsini istəyə bilərlər. Beləliklə, uşaq valideyninə nəyisə öyrədə bildiyi üçün özünü yaxşı hiss edəcək, valideyn isə bu üsulla övladının istifadə etdiyi oyunları öz nəzarəti altında saxlaya biləcək”.

Psixoloq sonda vurğuladı ki, “telefonla az oyna”, “kompüterdə vaxt öldürmə”, “dərsinə vaxt ayırmırsan!”  – kimi ifadələrdən istifadə etmək yerinə, valideyn uşağa vaxt ayırmalıdır: ” Onu birlikdə oyun oynamağa, söhbət etməyə, parkda gəzməyə dəvət edə bilərsiniz. Beləliklə, o, sizinlə vaxt keçirdiyi üçün texnologiya vasitələrinə daha az istifadə edəcək. Texnologiya vasitələrindən aşırı istifadə edən uşaqlarda emosional boşluq olur. Bu boşluğu isə neqativ və inkişafdan saxlayan vasitələr deyil, valideyn sevgisi və dostluqlar doldurmalıdır”.

 

Aygün Əziz




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir