motorika

Uşaqlarda motorika inkişafı nə üçün zəruridir?

Baxış sayı: 3. 656

Motor insan bədəninin hərəkətetmə bacarığıdır. Uşaqların əl-göz koordinasiyası inkişaf etdikcə əllərdən daha yaxşı istifadə etməyi öyrənirlər. Motor sözünün mənası “hərəkət” deməkdir.

Dünyaya gələn hər bir varlıq daha ana bətnində ikən fiziki cəhətdən inkişaf etməyə başlayır. Dünyaya gəldiyi zaman da bu inkişaf sürətlənərək davam edər,  əvvəlcə refleks olan hərəkətlərin bəziləri refleks olaraq qalır,  bəziləri də orqanların şüurlu idarə olunması nəticəsində motor bacarıqlara çevrilir. Nəfəs alıb vermək ya da göz qırpmaq ömür boyu davam edən refleksiv hərəkətlərdir.

Motor bacarıqları öyrənmə 3 mərhələyə ayrılır:

  1. Konseptual mərhələ
  2. Birləşmə mərhələsi
  3. Müstəqil mərhələ

Konseptual mərhələdə   müəyyən bir iş yeni öyrənildiyində,  ilkin proses (nə etmək lazımdır?) qavrayış ilə başlar.

Birləşmə mərhələsi.  İşdə edilməsi açıqlanan ən maraqlı yoldur və müvəffəqiyyətin ən alıcı nöqtəsini yaxalamağa çalışır.

Müstəqil mərhələ.  Bu mərhələyə çatmaq bir neçə ay və hətta il sürər. Bu mərhələdə öyrənmə avtomatikləşir.  Məsələn: sadə işlər edərkən eyni anda yerimək,  danışmaq və ya mahnı söyləmək.

Motor inkişafa təsir göstərən bəzi anlayışlar var. Bunlar diqqət,  qüvvət,  tarazlıq,  cavab dərəcəsi,  koordinasiya,  elastiklikdir.

Motor bacarıqları 2 qrupa bölünür:

  1. Böyük motor bacarıqları.
  2. Kiçik motor bacarıqları.

Böyük motor bacarıqları dedikdə oturmaq,  iməkləmək,  əşyanı itələmək,  qaldırmaq,  daşımaq,  ayaq üstə durmaq,  yerimək,  tullanmaq,  pilləkana çıxmaq,  düşmək,  qaçmaq kimi hərəkətlər nəzərdə tutulur.

Böyük motor bacarıqlarında inkişaf yuxarıdan aşağıya doğru baş verir.  Böyük motor bacarıqların inkişafı digər sahələrdəki bacarıqların inkişafının bünövrəsidir.  İstisnalar olmaqla böyük motor bacarıqları özündən inkişaf edən hərəkətlərdir.

Böyük motor bacarıqlar 3 qrupda incələnir:

  1. Lokomotor
  2. Lokomotor olmayan
  3. Tarazlıq

Lokomotor hərəkətlər bədənin yer aldığı məkanı dəyişdirmə və bir yerdən başqa yerə hərəkət etməyi bildirir.  Bunlara iməkləmə,  yerimək,  qaçmaq,  sıçrayış,   sürüşmək,  tullanmaaq,  hoppanmaq və s.  aiddir.

Lokomotor olmayan hərəkətlər yer dəyişdirmədən  böyük əzələlərin istifadə olunduğu hərəkətlərdir.  Obyektə uzanmaq,  çəkmək,  bükmək,  itələmək lokomotor olmayan hərəkələrdir.

Tarazlıq isə müəyyən bir məkan daxilində bir hərəkəti davam etdirməkdir.  Statik və dinamik tarazlıq növləri var.

Tək ayaq üstə hoppanmaq,  kağız kəsmək psixomotor inkişafa çevrilir.  Psixomotor inkişaf duyğu orqanları,  zehin və motorikanın birgə inkişafıdır.

Uşaqlarda kiçik motorikanın inkişafı elə uzunmüddətli fasiləsiz prosesdir ki,  onun gedişatında uşaq dünyanı dərk edir,  ətraf aləmlə ünsiyyətə girir,  cəsarət qazanır və hətta danışmağa başlayır.  Kiçik motorika əl biləyi və barmaqların köməyi ilə xırda və dəqiq hərəkətlər yerinə yetirməyə xidmət edən sinir,  əzələ və dayaq sisteminin birgə koordinasiya olunmuş işidir.  Onun inkişafı duyğu orqanlarının inkişafından asılıdır.  Bunlardan əl və ayaq barmaqlarının dəqiq hərəkətlərini görüb yadda saxlamağa xidmət edən gözlərin təsiri də mühümdür.

Kiçik motorikanın inkişafı ona görə vacibdir ki,  insanın ovucunda və dabanında 1000-ə qədər mühüm bioloji aktiv nöqtə vardır.  Onlara təsir etməklə daxili orqanların fəaliyyətini qaydaya salmaq olar.

Çeçələ barmaq – Ürək

Adsız barmaq – Qaraciyər

Orta barmaq – Bağırsaqlar

Şəhadət barmağı – Mədə

Baş barmaq – Baş

Uşağın barmaqlarını masaj etməklə biz baş beyin qabığı ilə əlaqəli aktiv nöqtələrə təsir etmiş oluruq.  Kiçik motorikanın inkişaf səviyyəsi yüksək olan uşaqlar məntiqi düşünmə qabiliyyətlərinə malik olub kifayət qədər inkişaf etmiş yaddaş,  diqqət və düzgün nitqə malik olurlar.

Kiçik motorikanın inkişafı uşağın gələcək bacarıqlarının təməlidir.  Elm kiçik motorikanın inkişafı və nitq arasında bağlantını sübut etmişdir.  İlk dəfə 1928-ci ildə Bexterev tərəfindən qeydə alınmışdır.  Anatomik nöqteyi nəzərdən baş beyinin hərəkətə nəzarət edən sahəsinin 1/3 hissəsini nitq mərkəzinə çox yaxın yerləşən əl biləyi sahəsi tutur.

Uşaqların psixikasını öyrənən bütün alimlər əlin funksiyasının baş beyinin inkişafına stimullaşdırıcı təsirini qeyd etmişdilər.  Pedaqoq V. A.  Suxomlinski yazırdı: “Uşağın ağlı barmaqlarının ucundadır”.  Məşhur alman alimi İmmanuel Kant əlləri “baş beyin yarımkürələrinin görünən tərəfləri” adlandırmışdır.  M. M Koltsovanın fikrincə isə,  barmaq hərəkətlərini məşq etdirən sistematik tapşırıqlar baş beynin iş qabiliyyətini yüksəldən güclü vasitələrdəndir.

İtalyan pedaqoqu,  dünyaca məhşur metodikanın banisi Mariya Montessori də uşaqlarla iş zamanı əl vərdişlərini  uğurla istifadə etmişdi.  Onun fikrincə,  erkən məktəbəqədər yaş dövründə sensor inkişaf mühüm rol oynayır.  Uşaqların ətraf mühiti idrakı “canlı seyrlə”,  sensor proseslərlə – hissiyat,  qavrama və təsəvvürlə başlayır və bunların inkişafı gələcəkdə daha mürəkkəb idraki prosseslərin (yaddaş,  təxəyül,  təfəkkür) yaranması üçün zəmin yaradır.  Sensor inkişaf isə öz növbəsində birbaşa əlin kiçik motorikası ilə əlaqəlidir.  Çünki lamisə (toxunma hissi) insanın 5 duyğu üzvündən biri olub,  uşaqların erkən yaş dövründə ətraf mühit haqqında geniş məlumat almağına səbəb olan vasitələrdəndir.  Kiçik motorika funksiyalarının düzgün inkişafı həm də ona görə vacibdir ki,  sensor proseslər erkən və məktəbəqədər uşaqlıq dövründə xüsusilə aktiv inkişaf edir.

Mariya Montessori deyirdi: “Uşağın hər bir hərəkəti – baş beyin yarımkürələrinin qabığında əlavə bir qırışdır”.  Gündəlik həyatda aparılan məşğələlər kiçik yaşlı uşaqlar üçün çox əhəmiyyətlidir.  Əl barmaqlarının məşq etdirilməsi baş beyin qabığının fəaliyyəti üçün güclü faktordur.  Kiçik motorikanın düzgün inkişafı uşaqda sensomotor koordinasiya – əl və gözün uzlaşdırılmış fəaliyyətinin formalaşmasını şərtləndirir.  Göz sanki uşağı “öyrədir”,  əşyalarla manipulyasiya zamanı baş verən əl hərəkətləri vasitəsilə isə daha çox yeni məlumatlar kəşf olunur.  Görmə və hərəkət ətraf mühitin gerçəkliklərini dərk etmək üçün əsas vasitəyə çevrilir.  Müxtəlif əşyalara toxunaraq,  əllə yoxlayaraq uşaq səbəbiyyət əlaqəsini anlamağa başlayır.

Tutmaq,  yazmaq,  cızma-qara etmək,  çəkmək,  yapışdırmaq,  kəsmək kiçik motorik bacarıqlardır.  Kiçik motorika üzrə işə aiddir:

Barmaqların yumruq yığılıb açılması;

Bükülmüş barmaqların növbə ilə açılması;

Kiçik- böyük mozaikada müxtəlif naxış və şəkilllərin yığılması;

Plastilinlə müxtəlif əşyaların düzəldilməsi;

Xırda muncuqların ipə düzülməsi;

Nöqtələrlə çəkilmiş şəklin nöqtələrini birləşdirərək şəkli tamamlamaq.

Kiçik motor bacarıqlarında hərəkətin növləri aşağıdakılardır:

Aktiv – uşaq özü tam  həcmdə  hərəkət edə bilir.

Aktiv fiziki dəstəkləmə – bəzən uşaq hərəkətlərin müəyyən qismini özü icra edə bilir.

Passiv – uşaq öz bədəninin hər hansı hissəsini  hərəkət etdirə bilmir.

Kiçik motor bacarıqların inkişafı aşağıdakı şəkildə olur:

Əl ilə qavramaq.  Kiçik  motor bacarıqlarının ilk başlanğıcı olaraq böyük puzzle hissələrini tutub yerləşdirmək,  qalın rəngli karandaşlar ilə rəngləmək  və barmaq boyasından istifadə etmək aid olunur.  Adından da göründüyü kimi əşyanı ovuc içinə yerləşdirmək və barmaqları bağlayaraq edilən kiçik motor bacarıqlardır.

Tutqac kimi qavramaq.  Uşaqların barmaq kontrolu inkişaf etdikcə,  kiçik əşyaları rahatlıqla işarə və baş barmaq ilə əllərinə ala bilirlər.  Gil və xəmir ilə oynamaq,  ipə muncuq düzmək bu bacarığı inkişaf  etdirən fəaliyyətlərdir.

Əl-göz koordinasiyası.  Əl-göz koordinasiyasının inkişafı barmaq və əl əzələlərinin kontrolunu idarə edərkən diqqətin görsəl olaraq əl və barmağa,  əl və barmağın tutduğu əşyaya cəmləşməsidir.

Uşaqların kiçik motor bacarıqlarını inkişaf etdirmək üçün:

Qarşılıqlı bir-birinizə top atın,  fırladın.

Gil ilə oynayın.

Pizza xəmirini birlikdə hazırlayın.

Masanı birlikdə silin,  qaşıq və çəngəlləri yerləşdirməsinə icazə verin.

İti olmayan bıçaqla meyvə salatı hazırlayın.

Qaşıq ilə qabın içindəkilərini qarışdırın.

İpə muncuq düzün.

Yaz-poz oyunu oynayın.

Qum ilə oynayın,  qazan,  qablara doldurun.

Kubiklərlə oynayın,  qüllə,  qatar düzəldin.

 

Kiçik motorika nə üçün lazımdır?

Uşaqların yazı yazması ( düzgün yazı) üçün kiçik motorikanı inkişaf etditməyə ehtiyac duyulur. Kiçik motorika uşaqların inkişafında və öyrənməsində əvəzolunmaz rola malikdir. Əl-göz koordinasiyası,  kiçik əzələlər,  barmaq əzələləri inkişaf edir.

Gözlər lazımlı şəkildə görmə sahəsində bir obyekt üzərində təqib və diqqət yetirmə bacarığına malik   olur. Gözlər tərəfindən idarə olunan əllər ilə hərəkət fəaliyyətlərini həyata keçirmək qabiliyyətlərin sahib        olurlar. Gözləri istiqamətləndirən ayaqlar ilə hərəkət etmə bacarığı formalaşır.

Səliqəli yazma,  rəsm,  tikmə və s.  bacarıqlar  üçün əllər və barmaqları düzgün idarə etmək imkanı yaranır.

Fikirlərini ifadə etmək üçün şəkil və simvollardan necə istifadə etməyi öyrənirlər.

Sözləri inkişaf etdirməyə kömək edir,  beynin səmərəliliyini artırır.

Yaradıcılıq,  əqli və nitqin inkişafı,  düşüncə,  diqqət,  koordinasiya,  təsəvvür,  müşahidə,  görmə,    yaddaş,  danışma,  təxəyyül və s.  proseslərin inkişafına zəmin yaradır.

 

Kiçik motorika uşaqlarda hansı yaşlardan formalaşır?

Biz bilirik ki,  hər uşaq fərqli inkişaf səviyyəsi göstərir. Məsələn,  hər 4 yaşlı uşağın bacarıqları  və  inkişafı bir-biri ilə eyni səviyyədə olmaya bilir. Bunu iki uşaqlı analar evdə daha yaxşı müşahidə edə bilər.

Ümumiyyətlə,  5 yaşa qədər uşaqların kiçik motor bacarıqları sürətlə inkişaf edir. Çağalıq dövründə uşaq əşyaya baxıb izləməyi,  əlini ona tərəf uzatmağı,  əşyanı ağzına apararaq onu tədqiq etməyi, əşyanı   tutmağı və s. kimi kiçik motor bacarıqları həyata keçirə bildiyi halda artıq körpəlik dövründə bu bacarıqlar bir az daha çətinə doğru yol almağa başlayır. Artıq 1-3 yaşındakı uşaq 5 kubikdən ibarət qüllə qurmağı,  piramidaların halqalarını çıxarıb-taxmağı,  böyük muncuqları ipə dəstəklə taxmağı bacarmalıdır. Təbii ki,    bu bacarıqlar uşağın yaşına uyğun şəkildə inkişaf edərək dəyişir. Barmağın hərəkət qabiliyyətinin aktiv    inkişafının vacib olduğu yaş 8 aydır. Bu mərhələyə diqqət yetirmək gələcəkdə sizə yalnız uğur verəcək.

 

Psixomotor inkişaf geriliyi    

Kiçik motor bacarıqların kifayət qədər inkişaf etməməsi uşağın danışma bacarıqlarının inkişafına  maneə  olacaq. Belə uşaqlar yaddaşla,  mə

ntiqlə problemlər yaşayırlar. Belə olan təqdirdə onlar məktəbə   hazır  olmayacaqlar.

Kiçik motorikası zəif olan uşaqlar yaşlarına uyğun bacarıqları edə bilmir,  yaşıdlarından geri qalırlar. Bu məktəbdə də özünü göstərir. Konsentrasiyada çətinlik çəkirlər,  tez bir zamanda yorulur və qaçılmaz olaraq geridə  qalmağa başlayırlar. Beləki,  kiçik motorikası zəif olan uşaqların xətləri yaxşı olmur.  Əllərindən   düzgün istifadə edə bilmədiklərinə görə akademik qabiliyyətləri aşağı olur. Belə  uşaqlar dərslərində uğur qazanmaqda çətinlik çəkirlər. Akademik uğurları qazana bilmədiklərinə görə özlərini yetərsiz hesab edirlər. Bu isə  onlarda özgüvənlərinin aşağı düşməsinə səbəb olur.

Buna görə də əziz valideynlər,  siz uşağınızın hansı bacarıqları yerinə yetirib-yetirmədiyini diqqətlə     müşahidə etməlisiniz. Əgər sizin uşağınız məktəbə hazırlaşırsa, onda uşağınızda aşağıdakı kiçik motor     bacarıqların inkişaf etmiş olması lazımdır:

1) sərbəst geyinib-soyunmağı bacarmalı;

2) tökmədən öz yeməyini qaşıqdan istifadə edərək sərbəst yeməyi bacarmalı;

3) təmizliyini özü etməli;

4) adam şəklini tam olaraq əskiksiz çəkməli;

5) hərfləri və rəqəmləri yazmalı;

6) qayçı ilə bir şəkli kəsib çıxara bilməli;

7) düyməsini açıb-bağlamağı,  zamokunu çəkməyi bacarmalıdır.

Bunları etməkdə çətinlik çəkən uşaqların kiçik motorikası yaşıdlarından geridə qalır. Buna görə də     analar uşaqlarına öz işlərini özü etməsi üçün fürsət verməlidir. Əgər siz uşağınızın yaşıdlarına nisbətən       kiçik motorikasının zəif olduğunu düşünürsünüzsə, o zaman evdə sadə tapşırıqlardan istifadə edərək bu     problemi düzəltməkdə köməklik edə bilərsiniz.

Unutmamalısınız ki, kiçik motorikanın inkişafı üçün olan oyunları uşaqların yaşına uyğun şəkildə seçməlisiniz. Daha asandan başlayıb, daha çətinə doğru getmək lazımdır. Əgər oyunlar uşağınızın    yaşına   uyğun olmasa, artıq o bu oyunları oynamaqdan qaçacaq. Hər zaman daha böyük olandan      başlamaqla artıq uşaq bunu bacardıqdan sonra daha kiçik olanlara keçə bilərsiniz. Əgər uşağınız      üçün uyğun olmayan tapşırıq versəniz, ondan daha çox gözləntiniz olsa o zaman onun özgüvəni        aşağı düşə bilər.

Son olaraq, əgər uşağınız kiçik motorik çalışmalardan qaçırsa, bunları etməkdə çətinlik çəkirsə və bir   nəticə almırsınızsa o zaman mütəxəssisə müraciət edin. Niyə çətinlik çəkdiyinin  səbəbini öyrənmək və bu bacarıqları inkişaf etdirmək lazımdır.

 

 

 

Nigar Quliyeva, Uşaq Psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir