musiqi

Uşaqlarda musiqi zövqü necə formalaşır?

Baxış sayı: 123
“Hörmətli valideyn, övladınız musiqi dərsində Üzeyir Mehdizadənin repertuarından “Yarım” mahnısını oxuduğu üçün onu cəzalandırmışıq. Xahiş edirik, övladınızla maraqlanın” – bu, orta məktəblərin birində müəllimin şagirdin “Gündəliy”inə yazdığı qeyddir. Valideyn sosial şəbəkədə “Gündəliy”in şəklini paylaşandan sonra olay ciddi müzakirələrə səbəb oldu.
Müəllimə haqq qazandıranlar da oldu, əksini deyənlər də. Kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək çətindir. Uşağın oxuduğu mahnı normal bir musiqi olmasa da, burada onu günahkar hesab etmək də olmaz. Çünki bu gün ətrafımızda, hər yerdə o cür musiqiləri eşidirik. Bəs necə etmək olar ki, nə şiş yansın, nə kabab? Bu kimi hallarda müəllim necə davranmalıdır? Ümumiyyətlə, uşaqlarda musiqi duyumu necə formalaşdırılmalıdır?
“Şagird musiqi zövqünü ilk olaraq ailəsində qazanır”
Əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələni böyütməyə ehtiyac yoxdur, çünki  hər bir insanın, ələlxüsus da şagirdlərin öz şəxsi musiqi duyumu, musiqi zövqü var. Heç bir kəsin digərində olan zövqlərə təzyiq göstərməyə ixtiyarı yoxdur: “Azad və demokratik ölkədə yaşayırıq. Valideynin “Gündəlik”də olan müəllim qeydini sosial şəbəkəyə yerləşdirməsi məsələsinə gəlincə, bu elə həmin problemin haradan qaynaqlandığına işarədir. Şagird təhsilini, musiqi zövqünü ilk olaraq ailəsində qazanır. Ailədə dinlənilən musiqi, televiziyada valideynlərin baxdığı verilişlər uşaqların zövqünün formalaşmasına təsir göstərir. Burada şagirdin nöqsanı var demək yerinə, ailənin birbaşa nöqsanı olduğunu bildirmək yerinə düşərdi. Digər tərəfdən də, hər musiqinin öz dinləyicisi olduğundan, hər hansı bir fərdi zövqünə uyğun olmayan musiqini dinlətməyə məcbur etmək olmaz. İlk problem ailədə hansı musiqilərin dinlənilməsidirsə, ikinci problem ictimai nəqliyyatda radiodan səsləndirilən musiqilərdir. Üçüncü problemin mənbəyi isə məktəb tədbirlərində şagirdlərin sərbəst seçimi ilə oxuduqları musiqilərdir”.
“Müəllim belə hallarda fərqli üsula əl atmalıdır”
A.Həsrət deyir ki, müəllimin şagirdi cəzalandırması tamamilə yanlış seçimdir: “Çünki əsil müəllim şagirdin dərs zamanı marağının artırılmasına çalışmalıdır, cəzalandırmamalıdır. İlk olaraq dərsin keçirilməsində arada şagirdlərin də müasir musiqi seçimini nəzərə almalı, onların rəylərini toplamalı, şagirdlərin musiqi zövqlərinin öyrənilməsində seçim üsuluna yer verməlidir. Çünki müəllimin ən başlıca vəzifəsi şagirdləri cəmiyyətimiz üçün xeyirli bir vətəndaş, vətənpərvər və dəyərli şəxsiyyət kimi formalaşdırmaqdır. Müəllim zamanın və günün tələbinə uyğun bir vətəndaş yetişdirməlidir”.
Təhsil eksperti hesab edir ki, müəllim belə zamanlarda fərqli üsula əl atmalıdır: “Əgər şagirdin zövqü gərəksiz musiqilərə meyillidirsə, o zaman əsil müəllim öz musiqi savadı və bacarığından istifadə edərək şagirdin musiqi seçiminə kiçik dəyişiklik göstərə bilər. Gəlin sorğu aparaq, görək neçə faiz musiqi müəllimi muğamı, yoxsa simfoniyanı, cazı, meyxananı, estradanı, saz havalarını və s. musiqiləri dinləməyi və ya oxumağı sevir?.. Çox fərqli rəqəmlər alarıq. Bu o deməkdir ki, zövqlər müxtəlifdir. Bu da ondan irəli gəlir ki, hələ ana bətnindən evdə səsləndirilən musiqi artıq dünyaya göz açacaq övladın zövqünü formalaşdırır. Burada şagirdin heç bir nöqsanı yoxdur, müəllimin isə şagirdə yanaşmasında, metodiki yanaşmasında diqqətsizliyi olub. Müəllim gərək şagirdə cəza verməyəydi, bu absurddur”.
“Müəllimin zövqünə uyğun gəlməyən mahnının…”
A.Həsrətin sözlərinə görə, niyə Halloven kimi gərəksiz bir bayramın keçirilməsində səsləndirilən, şagirdlərin əzbərləməsi və oxuması tələb edilərkən o müəllim və ya məktəb rəhbərliyi cəzalandırılmır, ancaq hansısa azərbaycanlı bir məktəblinin zövqünü oxşayan azərbaycanlı bir müğənninin mahnısını oxumaq qəbahət sayırlar? O, təhsil işçisi kimi burada  heç bir problem görmədiyini deyir: “Ona qalsa, o zaman məktəb tədbirlərinin bəzisində səsləndirilən və şagirdlər tərəfindən oxudulan mahnılara daha çox diqqət ayırsınlar. Bütün xarici və yerli müğənnilərin ara mahnılarının məktəblilər tərəfindən bəzi məktəb tədbirlərində (xüsusilə də xarici ölkə bayramları və “Son zəng” tədbirlərində) oxunmasına izn var, ancaq Üzeyirin hansısa mahnısının oxunmasına ayrıca qadağa qoyulur? Mən Üzeyirin barəsində internetdə axtarış apardım, maraqlı məlumatlar tapdım. Aydın oldu ki, o, ölkədən kənarda daha çox bəyənilirmiş. Orta Asiya ölkələrində gənclər onu sevə-sevə dinləyirlərmiş. Barəsində mənfi informasiya belə yox idi. Müəllimin şəxsi zövqünə uyğun gəlməyən mahnının məktəbli tərəfindən oxunmasında nöqsan axtarmaqdansa, şagirdin cəzalandırılmağındansa, milli və xarici musiqilərin daha yaxşı tərəfdən təbliği ilə məşğul olmalıyıq. Ona görə də məktəblinin Üzeyirin hansısa mahnısını özü üçün oxumasında böyük qüsur yoxdur”.
Məktəb, müəllim və valideyn bir yerdə çalışmalı…
İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova deyir ki, uşağın musiqi zövqünü məktəb, müəllim və valideyn bir yerdə formalaşdırmalıdır: “Valideynin üzərinə düşən vəzifə uşaqları konsertlərə aparmaqdır. İndi Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında, Bakı Musiqi Akademiyasında, Beynəlxalq Muğam Mərkəzində çox gözəl konsertlər keçirilir. Opera və Balet Teatrımızda tamaşalar  qoyulur. Valideynlər mütləq şəkildə o konsertlərə, tamaşalara uşaqlarını aparmalıdırlar. Məktəb, musiqi müəllimləri isə valideynləri uşaqlarını bu konsertlərə aparmaları üçün yönəltməlidirlər, istiqamət verməlidirlər. Musiqi dərslərində incəsənətin bütün sahələri üzrə uşaqlar məlumatlandırılmalıdır. Azərbaycan bir çox beynəlxalq festivalların təşkilatçısıdır. Hazırda şagirdlərin çoxunun ölkəmizdə  keçirilən festivallardan xəbəri yoxdur. Məsələn, caz festivalı başlayacaq. Uşaqların bunlardan xəbəri varmı? Sentyabr ayının 18-dən Üzeyir Hacıbəyova həsr olunmuş festival var. Bizim məktəbin şagirdlərinin bundan xəbəri varmı? Həmin bu festivallara dünya şöhrətli musiqiçilər dəvət olunurlar. Musiqi müəllimləri bu haqda mütləq şəkildə uşaqlara məlumat verməlidirlər. Uşaqlar bu festivallardakı konsertlərə getdikdə, dünyagörüşləri də o musiqilərə görə formalaşır, inkişaf edir. Çünki bilmədikləri yeni əsərlər, müasir musiqilərin hamısı burada səslənir. Eyni zamanda, orada klassik musiqi nömrələri səsləndirilir. Niyə bizim uşaqlar bilməməlidirlər ki, Qəbələdə hər il bu cür beynəlxalq festival keçirilir. Onun tərkibində isə pianoçuların müsabiqəsi baş tutur. Nə yaxşı ki, bizim “Mədəniyyət” kanalımız var, nə yaxşı ki, bizim Azərbaycan televiziyasında bu cür keyfiyyətli musiqi səslənir”.
“Keyfiyyətli musiqini eşidən uşaq bayağıları dinləməyəcək”
A.Əhmədova deyir ki, musiqi dərsliklərinin üzərində iş gedir: “Uşaqları Azərbaycan musiqisi ilə yanaşı, dünya musiqisi ilə də hərtərəfli tanış edirlər. Həmin musiqi dərslərində dərsliklərə görə musiqiyə qulaq asmaq var. Bu yaxınlarda yeni dərsliklərin layihələrinə baxmışdım. O dərsliklərdə dünya musiqisi Azərbaycan musiqisi ilə yanaşı təqdim olunur. Həmin dərslərdə bu musiqiyə qulaq asmaq lazımdır. Uşaqları musiqi müəllimləri formalaşdırmalıdır. Valideynlər də onlara kömək etməlidirlər”.
A.Əhmədova bildirdi ki, uşaq keyfiyyətli musiqini eşidəndən sonra bayağı olanları dinləməyəcək: “Onu mən sizə yüz faiz əminliklə deyirəm. Çünki uşaq düzgün istiqamətləndirilsə, özü də bilmədən artıq klassik, keyfiyyətli musiqi onun beyninə hopur. O, artıq bayağı musiqiyə qulaq asmayacaq”.
“Bayağı mahnıları zümzümə etdiklərini görməmişəm”
Nərmin Qurbanovanın iki uşağı var. Biri 1-ci, digəri 4-cü sinifdə oxuyur. O, uşaqlarını bayağı musiqilərdən uzaq tutmağa çalışdığını deyir: “Düzdür, hər yerdə fərqli mahnılar səsləndirilir. Uşaqlar bunu eşidirlər. Amma mən evdə çalışdığım qədər klassiklərin musiqilərini dinlədirəm. Dünya və yerli musiqi qarışıq, hamısı haqda məlumatlı olmalarını istəyirəm. Əgər evdə rəqs etməli olsalar belə, milli musiqilərimizi seçirəm, toylarda səslənən bayağı mahnıları yox. Yoldaşım da uşaqlarla maşınla harasa gedəndə musiqi qoyursa, buna diqqət edir. Düzdür, biz özümüz də o cür mahnılara qulaq asmırıq, amma yenə də diqqətli oluruq. Bununla onlarda nə dərəcədə musiqi zövqü formalaşdırdığımızı deyə bilmərəm. Amma hələ ki bayağı mahnıları zümzümə etdiklərini görməmişəm”.
Aygün Asimqızı



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir