Uşaqlarda valideyn sevgisinin azalmasının səbəbləri nələrdir?

Baxış sayı: 1. 527

Uşaqların analarına qarşı münasibəti və sevgisi illərin aşınmasına məruz qalır. Belə bir qənaətə ekspertlər gəliblər. Aparılan araşdırmalar zamanı məlum olub ki, texnologiya əsri ana-övlad münasibətlərinə də təsirsiz ötüşmür. Övladın anaya sevgisi, valideynlərin övladlarına diqqəti getdikcə azalır. Çoxları bunu maddiyyatla bağlasa da, böyük əksəriyyət müqəddəs münasibətlərin soyumasında psixoloji faktorların qaçılmaz olduğunu deyir.
Professor, həkim Adil Qeybulla AzVision.az-a bildirib ki, bu münasibətlərin soyumasının ilkin səbəbi maddiyatla bağlıdır.

A.Qeybulla hesab edir ki, təxminən 30-40 il öncə insanlar arasında ünsiyyət, cəmiyyətdə sosial bərabərlik, münasibətlərdə dayanıqlılıq var idi. Ona görə də insanlar arasındakı ünsiyyət xeyli rahatlıq və səmimiyyət yaradırdı.

“Bu gün qohumlar arasında xeyli soyuqluq var. Bu, tək onların xaraketeri ilə bağlı deyil. Həm də yaranmış mühitlə əlaqədardır. İnsanları o qədər məişət qayğıları ilə yükləyiblər ki, bir-biriləri ilə təmas imkanları məhdudlaşıb, insan öz dərdini bölüşə bilmir. Sosial problemlər insanın daxilində neqativ enerji yaradaraq sinir sisteminin dayanıqlılığını pozur, müxtəlif xəstəliklərə yol açır. Bu da doğmalar arasındakı münasibətlərə də təsir edir, ana və övladları, ailədaxili münasibətlərin köklü dəyişməyinə səbəb olur. Son 20 ildə xeyli ailənin strukturu dağılıb. Ailə başçısı Rusiyada və ya başqa ölkədə olur. Uzun illər ailəsi, övladı ilə əlaqə saxlaya bilmir. Bu gün də valideyn övlad sevgisinin azalması sosial problemlərlə əlaqədardır”.

Psixoloq Narınc Rüstəmova isə deyir ki, valideyn övlad münasibətlərinin aşınması, onların bir-birinə sevgisinin azalmasında həm sosial, iqtisadi, həm də psixoloji faktorlar var.

Onun sözlərinə görə, son illər gender bərabərliyindən danışılır və qadınların işləməsi ön plana çəkilir. Lakin işləyən xanımlara analıq məzuniyyətinin verilməsinə baxmayaraq, valideyn daha erkən işə çıxmağa çalışır: “Hətta valideyn uşağın 6-7 ayında işə çıxmaq istəyir. Bu vaxt isə valideynlə övlad arasında bir uçurum yaranır. Çünki uşaqlarda özünə güvən hissi 18 ayına kimi formalaşır. Bu dönəmdə uşaq anadan ayrı qalırsa, o zaman uşaq daxili depressiya keçirir. Artıq uşağın anaya qarşı bağlılığı azalır. Təbii ki, hər bir valideynə uşağı əzizdir. Lakin dediyimiz bağlılıq var ki, ana hər şeyi ilə uşağa diqqət ayırır, yardımçı olur, onu fikirləşir. Lakin işləyən xanımlar üçün vaxt azlığı olduğundan bu getdikcə azalır”.

Psixoloq deyir ki, bu kimi hallar əsasən gənc ailələrdə müşahidə olunur. Elə ailələr var ki, övladını bir neçə illiyə öz ata-analarına verib, tək yaşamağa can atırlar.

N. Rüstəmova hesab edir ki, valideynlər əksər hallarda özlərini əziyyətə salmaq istəmirlər.

“Bir müddət əvvələ qayıtsaq görərik ki, valideynlər ən ağır işlərdə də işləyirdilər, ev işlərini də görürdülər. Bununla yanaşı övladlarının tərbiyəsi ilə də maraqlanırdılar. Son illər o qədər gərginlik yaşanır ki, insanlar aqressiyalarını uşaqlara yönəldirlər. Təbii ki, burada ər-arvad münasibətləri böyük rol oynayır. Xanımlar həyat yoldaşları ilə yaşadığı problemi, yığdığı aqressiyanı uşaqlara tökürlər. Bu da münasibətləri korlayan səbəblərdəndir. Bir sözlə valideyn uşaq münasibətlərinin istiləşməsi üçün ilk növbədə ailə institutlarının formalaşmağı şərtdir”.

Millət vəkili Jalə Əliyeva ana və övlad münasibətlərinin soyuqlaşması, sevgisinin azalması ilə razılaşmır. Deputat hesab edir ki, bu münasibət elə əbədi bir hissdir ki, onun azalması mümkün deyil.

“Müəyyən ölçüdə ana öz övladının əxlaqından, davranışlarından doğan səhvlərini, bağışlaya bilər. Amma ümumilikdə yanaşanda bu münasibətlər bitib-dükənməzdir. Əgər bu münasibətlərdə müəyyən boşluqlar varsa , müəyyən problemli faktlarla qarşılaşırıqsa, bu, o demək deyil ki, bütün cəmiyyətə aiddir. Ayrı-ayrı fərdlərin münasibətlərinə gəldikdə, birinci növbədə ailədəki əxlaq normalarından, ailənin alışqanlığından, texnologiyaların inkişafından , uşaq problemlərindən doğan faktorlardan bağlı ola bilər. Ayaq tutmağı bacarmayan uşaq qarşısındakı kompüterdə nəisə yazmağı bacarırsa və anaya sığınmaq əvəzinə kompüterə sığınırsa, o məhəbbəti, axtardığı nəvazişi, əyləncəni orada görür. Bundan başqa ətrafımızda formalaşan cəmiyyət də münasibətlərdə böyük rol oynayır. Yəni ayrı-ayrı fərdlərin bu cür münasibətlərini bütün cəmiyyətin ayağına yazmaq olmaz. Bu da maarifləndirmədə müəyyən boşluqların olmasından irəli gəlir. Hesab edirəm ki, maarifləndirmə daha güclü olmalıdır”.

 

“Azvision.az”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir