Usaqlarda xerçeng

Uşaqlarda xərçəng niyə artır?

Baxış sayı: 1. 703

Tanıdığımız birinin xərçəng xəstəliyinə tutulduğunu eşitdikdə dərin kədər keçiririk. Bu, yaxınlarımız və ya özümüzlə baş veribsə, əzablarımız dözülməz olur.
Övladlarımız bu xəstəliyə düçar olsa, dünya bizim üçün bir anda yıxılır. Buna qədər ağır dərdlərimiz belə mənasız gəlir. Ən lazımlı anda gücümüz tükənir, nə edəcəyimizi bilmirik.

İldən-ilə daha çox uşağa dilimizə gətirmək istəmədiyimiz xərçəng xəstəliyi diaqnozu qoyulur. Müasir zamanda onkoloji xəstəliklərin müalicə üsulları daha yaxşı nəticələr əldə etməyə imkan verir, lakin bunu yaradan amillərin kəskinləşməsi cəmiyyəti narahat edir. Xəstəliyə qalib gələnlərin mübarizə dolu uğurlu hekayələri ilə yanaşı, tibbi heyətin və valideynlərin bütün səylərinə, uşağın yaşamaq istəyinə baxmayaraq, onkoloji xəstəliyin öldürdüyü “balaca mələklər”imiz də var.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin hər 100 min nəfəri arasında ilk dəfə bədxassəli şişlərlə xəstələnmə halları artıb. 2015-ci ildə əhalinin hər 100 min nəfərinin 106,9 nəfərinə, 2016-cı ildə isə 112,1 nəfərinə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub.

Ötən il 10807 nəfərə bədxassəli şiş diaqnozu qoyulub. Onlardan 5235 nəfəri kişi, 5572 nəfəri qadın olub. İlk dəfə bədxassəli şiş diaqnozu qoyulanlardan 84 nəfəri 13 yaşadək uşaqlar olub. Onların 38 nəfərini oğlan, 46 nəfərini qızlar təşkil edib.
2015-ci ildə 4967 nəfəri kişi, 5216 nəfəri qadın olmaqla 10183 nəfərə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub. Həmin ildə ilk dəfə bədxassəli şiş diaqnozu qoyulanların 113-ü 13 yaşadək uşaqlar olub.
2014-cü ildə ilk dəfə bədxassəli şiş diaqnozu qoyulan 9543 nəfərdən 81 nəfəri 13 yaşa olan uşaqlardır.
2013-cü ildə 92 uşaqda, 2012-ci ildə 73 uşaqda, 2011-ci ildə 71 uşaqda, 2010-cu ildə isə 65 uşaqda bədxassəli şiş tapılıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli bildirib ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də xərçəng xəstəliyi həm böyüklər, həm də uşaqlar arasında artır: “Lakin əvvəlki illərlə müqayisədə onkoloji xəstəliklərdən şəfa tapanlar da çoxdur. İnsanları maarifləndirmək, onlara ürək-dirək vermək lazımdır ki, vaxtında həm özlərini, həm övladlarını gətirib müayinələrdən keçirsinlər. Xərçəng xəstəliyi ilkin mərhələlərində aşkar olunsa, yüz faiz sağalmaya nail olmaq mümkündür. Uşaqlarda böyüklərə nisbətən müalicəyə müsbət cavab vermə qabiliyyəti daha yüksəkdir”.

A.Kərimli qeyd edib ki, ekoloji amillər, avtomobillərdən çıxan qazlar, zavodların tullantıları, qida məhsullarının keyfiyyətsizliyi xərçəng xəstəliyini yaradan faktorlardandır: “Bütün xəstəliklərə, o cümlədən xərçəng xəstəliyinə tutulmamaq üçün düzgün həyat tərzi sürmək və sağlamlığın qeydinə qalmaq vacibdir. Təəssüf olsun ki, insanlar həkimə gec müraciət edir. Bu gün ölkədə onkoloji xəstəliklərin müalicəsi üçün hər bir şərait var. Amma onkoloji xəstələr 3-cü, 4-cü mərhələdə gəlir. Bu zaman isə xəstəlik ağırlaşır və müalicəsi çətinləşir. Yalnız onkoloji xəstəliklərlə bağlı deyil, digər xəstəliklər zamanı da həkimə gec gedirlər. Məsələn, kiminsə dişi ağrayır, həkimə müraciət etmək əvəzinə ağrıkəsici dərman qoyur ya da özünü müalicə ilə məşğul olur. Ağrıkəsici dərmanlar dişin ağrısını sakitləşdirir, amma problemi aradan qaldırmır. Bir həftəni beləcə yola verir və artıq ağzını aça bilmədikdə həkimə gedir. Həkim də deyir ki, heç nə etmək mümkün deyil. Bu diş çəkilməlidir. Bu səbəblərdən insanların öz sağlamlıqlarına qarşı diqqətli yanaşmaları üçün maarifləndirmə önəmlidir. İbn Sinaya sual verirlər ki, ən qorxulu və ağır xəstəlik hansıdır? O, da gözəl bir cavab verir: “Ən pis xəstəlik öz sağlamlığına qarşı laqeyd qalmaqdır”. Bu da bir xəstəlikdir.  Xüsusilə də uşaqların immun sistemi daha həssasdır və valideynlər müntəzəm olaraq sahə pediatrları ilə əlaqə saxlamalı, uşağın səhhətinə nəzarət etməlidirlər. Valideynlər yadda saxlamalıdır ki, bu gün uşaqlarda onkoloji xəstəliklərin 80 faizi tam müalicə olunur və xəstəni nə qədər tez müalicəyə gətirmələri əsas şərtdir. Birinci və ikinci mərhələdə xəstəni tam sağaltmaq olur”.

Baş onkoloqun müşahidələrinə görə, çox vaxt insanlar onlarda xərçəng xəstəliyinin olduğunu biləndə ruh düşkünlüyünə düşür: “İnsanlar bilməlidirlər ki, xərçəng xəstəliyindən sağalma onların öz əllərindədir. Bunu istəməli, buna görə mübarizə aparmalıdırlar. Əgər yaxınları, övladları bu xəstəliyə düçar olubsa, onlara mənəvi dəstək göstərməli, müalicənin müsbət nəticəsinə inandırmalıdırlar. İndi elm inkişaf edib, daha təsirli dərmanlar var. Milli Onkologiya Mərkəzi üçün Amerikanın “Varian” şirkətindən yeni avadanlıqlar almışıq. Amerikanın “Varian” şirkəti dünyada ən nüfuzlu, tibbi texnologiyalar sahəsində tanınmış şirkətdir. Amerikadan gəlib burada öz təkmilləşdirmə bazalarını yaradıblar. Asiyadan, Rusiyanın bəzi bizə yaxın şəhərlərindən təkmilləşmək üçün bura gəlir, bir də Avropaya, Amerikaya getmirlər. Çünki burada hər bir şərait yaradılıb”.

Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasının rəhbəri, tibb elmləri doktoru Reyman İsmayılzadənin sözlərinə görə, uşaq onkologiyası öz aktuallığına görə sosial və humanizm nöqteyi-nəzərindən ən çox diqqəti cəlb edən sahədir: “Bu saat diaqnostikanın imkanları çoxdur. Həkimlərin ixtiyarında müasir ultrasəs aparatlar, kompüter tomoqrafiya, maqnit rezonans tomoqrafiyası və s. imkanlar var. Bundan başqa müasir laboratoriya imkanları diaqnostikaya xidmət edir. Həkimlərin kvalifikasiyası daha yüksəkdir”.

R.İsmayılzadə bildirib ki, 2012-ci ildə respublikanın birinci xanımı Mehriban Əliyevanın və akademik Cəmil Əliyevin səyi nəticəsində ölkəmizdə Uşaq Onkologiyası fəaliyyətə başlayıb: “Bu mərkəzdə uşaqlarda onkoloji xəstəliklərin dioqnostikası və müalicəsi müasir səviyyədə həyata keçirilir .Əvvəllər dəqiq diaqnoz qoya bilmirdik. Bu klinika açılmamışdan öncə uşaqların bir qismi qeyri-profil xəstəxanalarda, bir qismi respublikadan kənarda, bir qismi isə böyüklər üçün onkoloji klinikalarda müalicə alırdı. İndi məhz uşaq onkologiyası ilə bağlı fəaliyyət göstərən klinika var və tibb sahəsindəki son nailiyyətlərə əsaslanaraq onkoloji xəstələrin müalicəsi ilə məşğul olur”.
İsmayılzadə qeyd edib ki, dünyanın hər yerində uşaqlarda onkoloji xəstəliklərin sayı getdikcə artır: “Bunların bir cox səbəbləri var: ekologiyanın korlanması, ionlaşdırıcı və qeyri ionlaşdırıcı şüalanmanın artması, qidalanma problemləri, həyat tərzinin dəyişməsi və s. Kompüter qarşısında səhərdən axşama kimi oturmaq, ya da mobil telefonla oynamaq özü də sağlamlığa mənfi təsir göstərən faktorlardandır. Mobil telefonlar elektromaqnit şüalanmadır. Kiçik radio stansiyadır. Bunu qulağının dibinə dirə və saatlarla danış, əlbətdə ki, fəsadı ola bilər. Uşaqlarda bədxassəli şişlərin əmələ gəlməsi səbəblərindən biri genetik dəyişiklərin olmasıdır (hüceyrə genomasında olan dəyişikliklər). DNT iki spiraldan ibarətdir. Bir gen anadan, bir gen atadan keçir. Bir gendə mutasiya olsa, o biri gen onu təmin edir. Amma ikisində də zəiflik olanda xəstəlik büruzə verə bilər. Qohum nikahların qurulması da uşaqların xəstə olması ehtimalını artırır. Yaxşı olar ki, qohumla evlənmələr olmasın”.
Onkoloji xəstəliklərin əmələ gəlməsi səbəblərindən biri də stres faktorları ola bilər. Səhərdən axşama qədər stress vəziyyətində olan insanın immun sistemi zəifləyir.Orqanizmdə immunoloji nəzarət var. Mənfi faktorlar, o cümlədən stres bu immunoloji nəzarəti poza bilər və nəticədə bədxassəli hüceyrələr əmələ gələr. Uşaqlarda xərçəngin yaranmasında irsi faktor da rol oynayır.

Klinika rəhbəri bildirib ki, dünyanın hər yerində uşaqlarda olan xərçəng xəstəlikləri arasında birinci yerdə ağ qan xəstəliyi (leykoz), ikinci yerdə baş beyin şişləri, üçüncü yerdə limfomalardır: “Bunlardan sonra neyroblastoma xəstəliyi, böyrək şişləri, sümük-oynaq, əzələ xərçəngləri çox rast gəlinəndir” deyən İsmayılzadə əlavə edib ki, uşaqlar davamlı baş ağrılarından əziyyət çəkir, solğun görünür, apatiyası keçmir, iştahasızlıq, zəiflik getdikcə artır, qızdırması tez-tez olur, arıqlayır və qusursa, buna diqqət vermək lazımdır: “Baxırsan ki, uşaq əvvəllər hər şeylə maraqlanırdı, indisə sakitcə oturur. Bu əlamətlər uşaqlarda onkoloji xəstəliklərdən xəbər verir”.

Tibb elmləri doktoru vurğulayıb ki, valideynlər uşaqların istirahətinə, vərdişlərinə, qidalanmasına nəzarət etməlidir: “Uşaqların qidalanması çox önəmlidir. Bu gün uşaqlar nə yeyir? Çipsi, kolbasa, ketçup, mayonez. Bugünkü kolbasa məhsulları 20-30 il əvvəlki kolbasalar kimi deyil. Nə bilirlər, onun tərkibinə nə qatırlar? Qida təbii olmalıdır. Yaxşı olar ki, uşaq soyutma kartof yesin, amma süni qida əlavələri olan yeməklərdən uzaq dursun. Yay vaxtları uşaqların təmiz havada, kənd yerlərində istirahəti təmin olunmalıdır. Uşaqlar bol meyvə-tərəvəz yeməlidir. Qida rasionu rəngarəng tərtib edilməlidir. Rəngləri fərqli olan meyvələri yeməyin xeyri böyükdür. Məsələn, qırmızı, yaşıl, sarı, bənövşəyi meyvə və giləmeyvələr, tərəvəzlər qida rasionumuzda olsa, bədənimiz hər vitamindən qəbul edər.

Baş pediatr Nəsib Quliyev uşaqlarda xərçəng xəstəliyinin yaranmasının əsas səbəbi kimi körpələrin ana südü ilə qidalanmamasını göstərir: “Süni uşaq qidaları ilə qidalanan uşaqlar arasında ana südü ilə qidalananlarla müqayisədə ölüm halları 3,9 faiz çox baş verir. Uşaq ana südündən məhrum edilirsə, sağlamlığı ilə bağlı bütün risklərlə üzbəüz qalır. Getdikcə anaların uşağını əmizdirmədən imtina etməsi ciddi problemdir. Ana qədər dünyaya gətirdiyi körpəni çox sevən yoxdur, amma ana südündən onu məhrum etməklə ən böyük pisliyi də balasına ana özü edir. Analar uşaq dünyaya gəldikdən sonra uşağın haqqı nəyə çatırsa, onu verməlidirlər. Körpə üçün ana südü əvəzsizdir. Ana körpəsini həyatının ilk günlərindən sevgiylə əmizdirərək balasının üzləşə biləcəyi çoxsaylı təhlükəli xəstəliklərə qarşı sədd çəkir. Valideyn nəyi bilmirsə, bu haqda sahə pediatrı ilə məsləhətləşməli, uşağa qayğı ilə bağlı bütün qaydalara əməl etməlidir”.

Psixoloq Vəfa Rəşidovanın sözlərinə görə, uşaqları yedizdirib-içirtməklə yanaşı, onlara mənəvi qida vermək önəmlidir: “İnsanı içindən yeyən stres xərçəngin yaranmasına təkan verən zəhərdir. Stres insanın başındakı saçını da tökər, dərisini də qocaldar, insanın insult, infarkt keçirməsinə də səbəb ola bilər. Bu dağıdıcı qüvvəni nəzərə alaraq, xüsusilə uşaqları stresdən qorumalıyıq. Uşaqlar həyatda ən saf, günahsız varlıqlardır. Onların psixologiyası hələ bərkiməyib. Ailədə psixoloji basqı, ayrı-seçkilik, konfliktlər, zorakılıq varsa, uşaq daim stress vəziyyətində olur və bu onun xərçəng xəstəliyinə tutulma ehtimalını yüksəldir”.
Həyatı dəyərləndirib yaşamaq gözəldir. Bəzən insan xoşbəxtliyinin fərqinə varmır. Başı işə, problemlərə qarışır. Günlərini, sağlamlığını tükədir. Hər sabah mütləq olacaq kimi yaşayaraq çox az hallarda bir həyatın qırıla biləcəyini düşünürük. “Sonraya qalsın”, “Sabah səninlə oynayaram”, “Sonra edərəm” deyərək nə qədər anları buraxırıq. Bir faciə ilə üzləşə biləcəyimizi dərk edəndə var gücümüzlə sevdiklərimizə sarılır, artıq itirməyə başlayarkən o qədər də əhəmiyyət vermədiyimiz sağlamlığımıza qiymət veririk.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir