usaq

Uşaqları cinsi zorakılıqdan necə qorumalı?

Baxış sayı: 672

Son illərdə ölkəmizdə uşaqları cinsi zorakılığa məruz qalma halları artmaqdadır. Təsadüfi deyil ki, sosial mediada Azərbaycanın müxtəlif bölgələrindən bu məsələ ilə bağlı narahatlıqlarını dilə gətirənlər çoxdur.

Burada belə bir sual ortaya çıxır: uşaqları cinsi qısnama, təcavüz və cinsi istismardan qorumaq üçün nə edilməlidir? Uşağa nələri öyrətmək lazımdır, axı bəzən təcavüz uşağın tanıdığı və ya etibar etdiyi birisindən də gələ bilər. Bəs, bunu uşağa necə izah etmək lazımdır?

Psixoloq Azad İsazadə və psixoloq Nərmin Quliyeva məsələ ilə bağlı sualları cavablandırmaqla “uşaqları cinsi zorakılıqdan necə qorumalı” sualı ətrafında düşünənlərə yardımçı olmağa çalışdılar.

 

1)Azərbaycanda uşaqlara qarşı cinsi qısnama, təcavüz və seksual istismar nə dərəcədə geniş yayılıb?

Nə dərəcədə geniş yayıldığını demək çətindir. Çünki cinsi istismara məruz qalan uşaq özü harasa müraciət etmir, böyüyəndən sonra hansısa psixoloji problem üzə çıxanda açıqlanır ki, ona qarşı xoşagəlməz hal baş verib və bu, onun gələcək psixoloji durumuna çox mənfi təsir göstərib. Azərbaycan cinsi istismar problemi ilə son illərdə ciddi rastlaşır, amma bu o demək deyil ki, əvvəllər bu cür hallar olmayıb. Rəsmi statiktikaya cinsi istismar hallarının cəmi 10-15 faizi düşür, reallıq isə daha kəskindir.

2) Uşaqlara qarşı cinsi qısnama və təcavüz adətən hansı çevrədən gəlir?

Uşaqlara, hətta qadınlara qarşı cinsi zorakılıq hallarına daha çox ailə daxilində rast gəlinir, nəinki çöldə. Bizə müraciət edənlərdən görürük ki, ilk cinsi pozuntular, istismarlar ailə üzvləri, qohum-əqrəba, yaxın adamlar tərəfindən olub. Buna görə, cinsi istismarlar cəmiyyətdə o qədər açıqlanmırdı və valideynlər və ya yaxın adamlar bilirdilərsə də, bunu ört-basdır etməyə çalışırdılar. Son zamanlarda isə cinsi istismar halları ailədən kənarda da baş verməyə başlayıb və biz hələ də buna psixoloji cəhətdən hazır deyilik. Bu, bizim üçün yeni problemdir.

 

3) Cinsi istismar təhlükəsi ən çox hansı yaş dövrünə aiddir?

Uşaqların cinsi istismar halları ilə rastlaşmasının ən böyük təhlükəsi ən çox yeniyetməlik dövrünə təsadüf edir. Bu vaxt onlarda cinsi inkişaf yaranır, hormonal dəyişiklər baş verir və uşaqlarda buna qarşı maraq yaranır. Uşaqlar bəzən bilmirlər nə olar, nə olmaz və buna görə də bəzən müqavimət də göstərə bilmirlər.Uşaqlara izah etmək lazımdır ki, tanımadıqları insanlarla ünsiyyətə girməsinlər, onların təkliflərinə qulaq asmasınlar və sairə. Xüsusilə azyaşlı uşaqları nəzarətsiz qoymaq düzgün deyil.

 

4) Uşaq özünü günahlandırırsa, nə etməli?

Cinsi istismara məruz qalan uşaq, habelə zorlanmış qadın və ya yeniyetmə cəmiyyətin qınaq obyektinə çevrildiyi üçün özünü bir növ “ləkələnmiş” hesab edir və düşünür ki, cəmiyyət daha onları qəbul etməyəcək. Buna görə hesab edir ki, yaşamağın mənası yoxdur və çıxış yolu kimi ölümü görür. Əsas bu insanlara izah etməliyik ki, pis hadisə olub, amma bunda sənin günahın yoxdur. Özünü günahlandırma, sadəcə çıxış yolu axtarmalıyıq.

 

5) Qısnama barədə uşaqlara hansı məlumat və necə verilməlidir?

Uşaq bilmir hansı bədən orqanını qorumalıdır, özünü necə müdafiə etməlidir, çünki valideynlər uşaqla danışmaqdan çəkinirlər. Əslində isə, uşaqlara kiçik yaşlarından öyrədilməlidir ki, sən icazə vermədən kimsə, yaxın adamlar belə sənə toxuna bilməz, tanımadığın adamlarla ünsiyyət qurmaq olmaz. Onlara deyilməlidir ki, kimsə sənə yaxınlaşıb narahat edirsə oradan uzaqlaş, kimisə çağır və ya kimsə valideynin adından onları harasa aparmaq istəyirsə, getmək olmaz.

Bir adam cinsi istismara əl atırsa, bu, insanı görən kimi baş tutmur. Onlar uzun müddət müşahidə edirlər, güdürlər, baxırlar. Uşaq hardasa hiss edir ki, kimsə arxamca gəlir, bu adamı məktəbin qarşısında görmüşdüm və sairə. Elə şərait yaratmaq lazımdır ki, valideynlə uşaq arasında emosional kontakt yaransın və uşaq hər şeyi rahat danışsın. Valideyn hansısa halı çox aqressivliklə qarşılasa, desə ki, sən neynəmisən ki, sənə toxunublar, öpməyə çalışıblar, neqativ davranış ediblər, uşaq bir daha valideynə heç nə demək istəməyəcək, düşünəcək ki, mən nə vaxtsa atama və ya anama demişdim, məni cəzalandırmışdılar.

 

6) Valideyn uşağın cinsi qısnama və ya təcavüzə məruz qaldığından nə vaxt şübhələnməlidir?

Cinsi istismara məruz qalan uşaq özünə qapanır, bir müddət sonra “seçici səssizlik” baş verir. Məsələn, ana və ya nənəni – bir nəfəri seçir və ancaq onunla ünsiyyət qurur və özünü tam olaraq qapadır. Uşaq evdə oturanda daha çox ayaqlarını yığıb oturur, üstünü örtməyə çalışır, kimsə ona yaxınlaşanda, valideyni paltarını düzəltməyə çalışanda, sığallamağa çalışanda ürkür, çəkinir, narahat olur; üst-üstə paltar geyinir, qat-qat artıq geyinir ki, bununla özünü müdafiə olunmuş sayır. Çox aktiv olan uşağın birdən-birə aktivliyi azalır, yeniyetməlik dövründə qızlarda isterik ürəkgetmələr olur, psixoloji narahatlıqlar yaranır. Valideynlər uşaqların bədənlərinə də fikir verməlidirlər. Bu zaman uşağı soyundurub baxmaq yox, özünə bildirmədən kənardan nəzarət etmək lazımdır. Əgər qolunda, ayaqlarında, boynunda müəyyən yaralar, cızıqlar və ya izlər varsa bunu birbaşa yox, dolayı yolla, kiminsə nümunəsində soruşa bilərlər ki, məsələn, cinsi qısnama olsa necə davranmaq olardı.

 

7) Təcavüzçü ilə evləndiriləndə nə baş verir?

İnsanın öz təcavüzçüsü ilə məcburi evləndirilməsi ən böyük problemdir. Bu halda onların normal ailə həyatı olmur, çünki qadın ailə qurduğu insana, eləcə də onun və öz ailəsinə qarşı aqressiv olur. Dünyaya gələn uşağı təcavüzün qurbanı kimi düşünür, uşaqla normal münasibət qura bilmir. Qadın özünü yalnız hiss edir, ağır depressiyalar və neqativ pozuntular müşahidə olunur, səbəbsiz isterik ürəkgetmələr, isterik tutmalar baş verir. Bu, intiharla da, eyni zamanda müəyyən müddətdən sonra boşanma və ağır psixoloji və psixiatrik problemlərlə də nəticələnə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir